Məhkəmə qərarları › İş №2(060)-444/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-444/2022

31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-444/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 08.11.1983-cü il tarixdə anadan olmuş qızı X1 24.12.1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, onun X2 adlı övladı 08.11.1983-cü il tarixdə dünyaya gəlmişdir. Lakin qızı 24.12.1999-cu il tarixdə yaşadıqları evdə uzun sürən xəstəlikdən vəfat etmiş və Siyəzən rayonunun Gilgilçay kənd qəbirstanlığında dəfn olunmuşdur. Siyəzən Rayonu Gilgilçay Bələdiyəsinin 16 №-li, 15.10.2021-ci il tarixli arayışında və 18.10.2021-ci il tarixli aktında da bu barədə ətraflı qeyd olunmuşdur. Həmçinin qızının məzarının şəkillərini də ərizəyə əlavə etmişdir. Onun ölmünün üzərindən uzun müddət keçmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Bununla bağlı Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də, 05/Q-3893/15 № li, 20.10.2021-ci il tarixli məktubu ilə imtina cavabı almışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, X2 onun qızıdır. Qızı xəstəlikdən 1999-cu ildə yaşadıqları Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsində vəfat etmiş və Siyəzən rayonunda dəfn edilmişdir. Məhkəmə şahidi və ərizəçini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20.10.2021-ci il tarixli, 05/Q-3893/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi ərizəçinin 20.10.2021-ci il tarixdə X1 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 08.11.1983-cü ildə doğulmuşdur. İş materiallarında olan Siyəzən Rayonu Gilgilçay Bələdiyəsinin 16 №-li, 15.10.2021-ci il tarixli arayışından və aktdan görünür ki, mərhum X2 24.12.1999-cu ildə vəfat etmiş və Gilgilçay qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Beləliklə, ərizəçinin izahatı ilə, həmçinin iş materiallarında olan sənədlərlə 08.11.1983-cü il təvəllüdlü X1 24.12.1999-cu il tarixdə vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçi 08.11.1983-cü il təvəllüdlü X1 24.12.1999-cu ildə ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, 08.11.1983-cü il təvəllüdlü X1 24.12.1999-cu ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.11.1983-cü il təvəllüdlü X1 24.12.1999-cu ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar