Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4467/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) atası xx.xx.1958-ci ildə anadan olmuş X2 xx.xx.2021-ci il tarixində Ucar rayonunun Ləki kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1958-ci il təvəllüdlü atası X1 rayonu Lək kəndində qonaq gəldiyi baldızı X5 məxsus yaşayış evində qəflətən dünyasını dəyişmişdir. O, Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. Atasının ölüm faktı ilə əlaqədar Ucar rayon prokurorunun köməkçisi 3-cü dərəcəli hüquqşünas X8 araşdırma aparmışdır. 17 avqust 2021-ci ildə 11:30-da öz əcəli ilə ölməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar Ucar rayon prokurorunun köməkçisi 3-cü dərəcəli hüquqşünas X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə atamın ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ona N 05/Q-4509/15 saylı cavab məktubunda izah olunmuşdur ki, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ölüm haqqında şəhadətnamənin verilməsi mümkündür. Bu səbəbdən də ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamə ilə X2 ərizəçinin atası olması müəyyən edilir. Ucar rayon Prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X2 Ucar rayonunda qonaq getdiyi baldızı X4 evində vəfat etməsi faktında hər hansı cinayət hadisəsi olmadığı qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2021-ci il tarixli, 37 nömrəli arayışında göstərilmişdir ki, X7 xx.xx.2021-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-4509/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşıdır. Mərhum atası X7 ilə birlikdə xx.xx.2021-ci ildə Ucar rayonuna xalasının evinə getmişdilər. Həmin vaxt atasının səhhəti ilə bağlı şikayəti olmamışdır. Axşam yatdıqdan sonra səhər atasının yataq otağında meyidini aşkar etmişlər. Sonra atasının meyitini Sumqayıt şəhərinə gətirərək dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, ərizəçinin qohumudur. X1 rayonuna getmiş və baldızının evində vəfat etmişdir. O, Sumqayıt şəhərində dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi mərhum atası X2 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin, maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin mərhum atası X2 xx.xx.2021-ci il tarixdə, Ucar rayonunda vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və X2 xx.xx.2021-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci anadan olmuş X2 xx.xx.2021-ci il tarixində, Ucar rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4467/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4467/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver