Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4475/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X2 06 aprel 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 18 avqust 2006-cı ildə ürəyin dayanması səbəbindən oğlu vəfat etmişdir. Oğlu cavan yaşında və ailə qurmamış vəfat etdiyindən atası xəstəlik keçirmiş, ərizəçi də stressə düşmüşdür. 18 yaşın tamamında vəfat etdiyindən şəxsiyyət vəsiqəsini heç əldə edə bilməmişdir. X2 Bakı şəhəri, Hökməli qəsəbəsində yerləşən qəbiristanlıqda ailə məzarlığında basdırılmışdır. Əri Dadaş-zadə X9 22 fevral 2025-ci ildə vəfat etmişdir. Ondan qalan mirasın qəbulu üçün notariat orqanına müraciət etmək məcburiyyətində qalmış, lakin onun vərəsəsi hesab edilən mərhum oğlu Mirşahinin ölüm haqqında şəhadətnaməsini 2006-cı ildə almadığından notariusa müraciət etmək çətinliklər yaradır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 "Bakı Baş Səhiyyə Mərkəzi” X13 4 nömrəli Şəhər Poliklinikasının 12 iyun 2025-ci il tarixli 18-1-187/3- 257/2025 saylı imtina məktubu verilmişdir. Bundan sonra Bakı şəhəri, Maraqlı şəxsnə müraciət edilsə də imtina cavabı verilərək ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda Azərbaycan Respublikası Konstitusiyası ilə ərizəçiyə verilmiş vərəsəlik hüququnun həyata keçirilməsi ölüm faktının müəyyən edilmədən həyata keçirilməsi mümkün deyildir. Buna görə hazırda mərhum oğlu X1 ölümünün qeydə alınması zəruri yaranmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı şəhərində xx.xx.2006-cı il tarixdə vəfat etmiş ərizəçinin oğlu X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, xx.xx.1988-ci ildə anadan olmuş X1 Azərbaycan Respublikası Bakı şəhərində xx.xx.2006-cı il tarixdə ölmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının iki uşağı dünyaya gəlmiş, ondan biri vəfat etmişdir. Bacısı oğlu X2 2006-cı ilin avqust ayında ürəktutmadan vəfat etmişdir. Ölüm ev şəraitində baş vermişdir və ona axşamüstü zənglə bildirmişlər.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Qonşusunun oğlu X2 2006-cı ilin yay aylarında vəfat etmişdir. Mərhum evdə vəfat etmişdir.
10. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ № 484455 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaş-zadə X9 xx.xx.2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür.
11. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-5/8-512-15/25 saylı arayışdan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X1 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
12. İş materiallarında olan Maraqlı şəxs tərəfindən X3 (Ərizəçi etibarnaməsi ilə) ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-413/2025 saylı məktubdan görünür ki, X1 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respubkası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü qərar ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. Maraqlı şəxs ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edildi.
14. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 "Bakı Baş Səhiyyə Mərkəzi" X13 4 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 18-1-87/3-257/2025 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz (keçmiş Çapayev) küçəsi, ev 102, mənzil 17-də vəfat etmiş, xx.xx.1988-ci il təvəllüdlü vətəndaş X2 barədə 19 ildən çox müddət ərzində ölüm kağızının alınması üçün poliklinikaya müraciət edilmədiyindən və həmin şəxsin səhhəti barədə heç bir müraciət olmadığına görə tərəflərindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsi və vəkilinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin oğlu X2 18 avqust 2006-cı il tarixində Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki tələb ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməsini başqa ala bilməmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
21. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
22. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
23. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğlu X1 18 avqust 2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu X1 18 avqust 2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva