Məhkəmə qərarları › İş №2(060)-4623/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4623/2023

24.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4623/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızının xx.xx.2021-ci il, saat 10:34 tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixə saat 10:34-də qızı xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızı ünvan 1 ünvanında dünyasını dəyişmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümü təsdiq edən arayış təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, Əliyeva Mələk Emil qızı onun övladıdır, xx.xx.2020-ci ildə doğulmuşdur. Həkimlər demişdirlər ki, uşağın xəstəliyi var. Uşaq 2021-ci ildə vəfat etmişdir. Təcili yardım çağırılmışdır. Həmin vaxt səhər 9-10 olardı. Uşaq Sumqayıt şəhər qəbirstanlığında, baba və nənəsinin yanında dəfn edilmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızı onun nəvəsi olmuşdur. Həkimlər demişdirlər ki, uşağın xəstəliyi var. Uşaq xx.xx.2021-ci ildə vəfat etmişdir. O, Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər səhiyyə şöbəsi təcili və təxirə salınmaz tibbi yardım stansiyasının verdiyi xx.xx.2021-ci il tarixli, 602 №-li arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 1034-də ünvan 1 ünvanında yaşayan xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızı adına 18 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızının (uşaq) meyidini aşkar etmişdir. Tibbi sənədlərə əsasən mərhumə “Protein çatmamazlığı. Enteropatiya” diaqnozu ilə əziyyət çəkmiş, müalicələr almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 265 №-li, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 nikahından xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızı doğulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin qızı xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızı xx.xx.2021-ci ildə ünvan 1 ünvanında vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun atası olan ərizəçiyə bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızının xx.xx.2021-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizə xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızının 9-cu mkr., ev 68, mənzil 14 ünvanında saat 10:34-də ölməsi hissəsində təmin edilməməlidir. Belə ki, bu faktları təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü Əliyeva Mələk Emil qızının xx.xx.2021-ci ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar