Məhkəmə qərarları › İş №2(060)-4641/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4641/2022

06.09.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4641/2022 06.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1222 nömrəli «Müqavilə» və xx.xx.2022-ci il tarixli, 1231 nömrəli «Müqavilə»ni ləğv etməklə hər iki müqavilə üzrə yerinə yetirilməmiş qalıq ümumi borc məbləği olan cəmi 5880 (beş min səkkiz yüz səksən) manat borcun, 78,80 (yetmiş səkkiz manat, səksən qəpik) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda qətnamə qəbul olunan tarixədək hər iki müqavilə üzrə hər gecikdirilən gün üçün hesablanmış dəbbə pulunun (cərimənin, penyanm) Cavabdeh Tehnan oğlundan İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "İNEX” MMC ilə Cavabdeh arasında bağlanmış 09 04.2022-ci il tarixli, 1222 nömrəli «Müqavilə» və xx.xx.2022-ci il tarixli, 1231 nömrəli «Müqaviləni ləğv etməklə hər iki müqavilə üzrə qalıq borc məbləği olan 5880 (beş min səkkiz yüz səksən manat borcun, hər iki müqavilə üzrə ödəniş məbləğlərinin hər gecikdirilən günləri üçün hesablanmış 1871,40 (bır min səkkiz yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində cərimə borcunun və 78,80 (yetmiş səkkiz manat, səksən qəpik) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1222 nömrəli «Müqavilə» bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»-yə əsasən Satış obyekti olan “С-Smart Mini AP” cihazı xx.xx.2022ci il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasmda xx.xx.2022-ci il tarixli, 1231 nömrəli «Müqavilə» imzalanmışdır. Satış obyekti olan “Portativ Rentgen + Vizioqraf” cihazı xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktma əsasən Cavabdeh təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktları Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin aktlara əsasən o, təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını ” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 1800 (bir min səkkiz yüz) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin olaraq 450 (dörd yüz əlli) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, ödəniş mərhələsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə 270 (iki yüz yetmiş) manat ödənilməli olduğu halda qeyd edilən ödəniş Cavabdeh tərəfindən icra edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 6300 (altı min üç yüz) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin olaraq 1770 (bir min yeddi yüz yetmiş) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, ödəniş mərhələsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə 755 (yeddi yüz əlli beş) manat ödənilməli olduğu halda qeyd edilən ödəniş Cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, tərəfimizdən bir neçə dəfə Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixləri üzrə müvafiq ödənişlərin icra edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qərəzli şəkildə bugünə kimi heç bir ödəniş edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən müvafiq ödənişlərin edilməməsi, müqavilələrin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd edir ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqavilələrə zidd əməl hesab olunur. Bildirilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış hər iki müqavilə üzrə yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş ödəniş mərhələsi və tarixinə uyğun olaraq öhdəliyinin icra edilməsinə dair Cavabdeh bir neçə dəfə telefon vasitəsi ilə məlumat verilməklə ödəniş öhdəliklərinin icra edilməsi tələb edilmişdir. Bununla yanaşı, hər iki müqavilə üzrə ödəniş öhdəliklərinin icra edilməsi tələbinə dair tərəflərindən xx.xx.2022-ci il tarixində Cavabdeh ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflərindən göndərilmiş Xəbərdarlıq məktublarının Cavabdeh qeydiyyat və faktiki yaşayış ünvanlarına çatdırılmasından sonra cavabdeh hər iki müqavilə üzrə öhdəliyinin icra edilməsi istiqamətində heç bir addım atmamış və ya bunun üçün heç bir cəhd etməmiş, öhdəliklərinin icrasından bilərəkdən və qərəzli şəkildə yayınmışdır. İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan (müddətli) nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1222 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “C-smart Mini Ap” cihazına görə cəmi 1800 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1222 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1350 manat əsas borc, 504,90 manat cərimə borcu olmaqla, cəmi 1854,90 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan (müddətli) nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1231 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Portativ Rentgen+Vizioqraf” cihazına görə cəmi 6300 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1231 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4530 manat əsas borc, 1366,50 manat cərimə borcu olmaqla, cəmi 5896,50 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilələrin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1871,40 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən hər iki müqavilə üzrə 180 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 6060 manat olduğundan (rüsum 80,60 manat) iddiaçı tərəfindən ödənilmiş 78,80 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən 1,8 manat dövlət rüsumunun ödənilməmiş hissəsi cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 1222 saylı, xx.xx.2022-ci il tarixli və 1231 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 5880 manat əsas borc, 180 manat cərimə borcu olmaqla, cəmi 6060 manat borc və 78,80 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, İddiaçı tərəfindən ödənilməmiş 1,8 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1222 nömrəli və xx.xx.2022-ci il tarixli, 1231 nömrəli müqavilələr ləğv edilsin. Cavabdeh iki müqavilə üzrə qalıq borc məbləği olan 5880 (beş min səkkiz yüz səksən) manat borc, hesablanmış 180 (yüz səksən) manat məbləğində cərimə borcu olmala, cəmi 6060 manat borc və 78,80 (yetmiş səkkiz manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilməmiş 1,8 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar