Məhkəmə qərarları › İş №2(060)-4657/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4657/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4657/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2004-cü ildə anadan olmuş, 2006-cı ilin aprel ayında Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Xızı rayon Giləzi qəsəbə qəbristanlığında dəfn olunmuş mərhum qızı X3 ölüm faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X5 onun qızıdır. Qızı 12 oktyabr 2004-cü ildə anadan olmuşdur. Bunu Sumqayıt şəhər VVAQ Şöbəsi tərəfindən 08 dekabr 2004-cü ildə verilmiş AZ-İ № 548988 saylı “Doğum haqqında şəhadətnamə” təsdiq edir. Qızı Firuzə Hüseynova xəstəlik nəticəsində ev şəraitində 1 yaş 6 ayında (2006-cı ilin aprel ayında) vəfat etmiş və Xızı rayon Giləzi qəsəbə qəbristanlığında dəfn edilmişdir. Qızı F.Hüseynova ev şəraitində vəfat etdiyindən ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Qızı F.Hüseynovanın adına ölüm haqqında şəhadətnamə ala bilmədikləri üçün mülkiyyətlərində olan əmlakları adına rəsmiləşdirə bilmirlər. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Maraqlı tərəf məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mərhum qızı vəfat etməsini şahid kimi X7 və X9 təsdiq edə bilər. Göstərilənləri nəzərə alaraq, 12 oktyabr 2004-cü ildə anadan olmuş, 2006-cı ilin aprel ayında Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Xızı rayon Giləzi qəsəbə qəbristanlığında dəfn olunmuş mərhum qızı X3 ölüm faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Sumqayıt “Asan Xidmət” X1 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi bacısı, rəhmətə gedən isə bacısı qızıdır. Bacısı qızı ev şəraitində dünyasını dəyişib. Təcili Tibbi yardıma zəng edib çağırmışlar. Həkimlər gələndə Firuzə artıq dünyasını dəyişmişdir. Bacısı qızı Xızı rayon Giləzi qəsəbə qəbristanlığında dəfn olunub. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısının gəlinidir. Ərizəçi Xanımın qızı yaşadığı mənzildə dünyasını dəyişmişdir. O, ərizəçinin qohumu kimi yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə Ərizəçi, şahidlər X7 və X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AZ-İ №548988 saylı, 08.12.2004-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 12.10.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-X10, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 056889 saylı, 08.12.2004-cü il tarixli, “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 12 oktyabr 2004-cü ildə X22 Ağa qızı tərəfindən doğulmuş X11 atası hesab edilmişdir. İş materiallarında olan Xızı Rayonu Giləzi Bələdiyyəsinin 28.04.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi 12 oktyabr 2004-cü il təvəllüdlü qızı X5 adlı uşağı 2006-cı ilin aprel ayında ölmüş və Giləzi qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X3 ölümünü təsdiq edən sənədin olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 26.04.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, X13 qəsəbəsi, Fətəlixan küçəsi, ev 15, mənzil 57-də qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən X3 2006-cı ilin aprel ayında vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 12 oktyabr 2004-cü ildə anadan olmuş, 2006-cı ilin aprel ayında Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Xızı rayon Giləzi qəsəbə qəbristanlığında dəfn olunmuş mərhum X3 ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12 oktyabr 2004-cü ildə anadan olmuş, 2006-cı ilin aprel ayında Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş və Xızı rayon Giləzi qəsəbə qəbristanlığında dəfn olunmuş mərhum X3 ölüm faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar