Məhkəmə qərarları › İş №2(060)-469/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-469/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-469/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin 3.54 kv.metrinə görə ondan artıq alınmış 1593 manat pulun (22068:49.04x3.54=1593) artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 79.65 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 115.49 manat pulun (1593 manat x 7.25%=115.49), cəmi 1788.14 (min yeddi yüz səksən səkkiz manat, on dörd qəpik) manat pulun (1593+79.65+115.49=1788.14) və iddianın qiyməti olan 38 manat məbləğində dövlət rüsümununun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "‘Sultan’’ MTK, arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında’' 13 dekabr 2011-ci il tarixli, 106 saylı fərdi müqavilə bağlanıb. Müqailəyə əsasən, ünvan 1 ünvanmda yerləşən ümumi sahəsi 49.04 kv.m olan 1 otaqlı 60 nömrəli mənzil 22068 (iyirmi iki min altmış səkkiz) manat ödəməklə ona verilib. Lakin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarış əldə edildikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az - 45.50 kv.m. olduğu aşkar olub. Qeyd edir ki, cavabdeh "xxxx" MTK-nın bina sakinlərinə qarşı qanunsuz hərəkətləri ilə bağlı dövlət orqanlarına müraciətlər zamanı Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Sumqayıt regional X1 İdarəsi tərəfindən onlara verilmiş 07 iyun 2023-cü il tarixlı cavab məktubunda bildirilib ki, “...Yaşavış binası (mənzillərin yerləşdiyi bina) "xxxx" MTK tərəfındən inşa edilib və X1 Xidmətinin 07 fevral 2018-ci il tarixli, 0065 nömrəli aktı ilə istismara qəbul edilib. Hal-hazırda "xxxx" MTK fəaliyyətini dayandırmış və yaşayış binası Cavabdeh2 MMC-yə təhvil verilmişdir” . Cavab məktubunda cavabdeh "xxxx" MTK-nın fəaliyyətinin dayandırıldığı və yaşadıqları binanın digər Cavabdeh2 MMC-yə təhvil verildiyi qeyd edilsə də, Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində “vergi ödəyiciləri barədə məlumat” bölməsində VÖEN üzrə axtarış zamanı hər iki hüquqi şəxsin adı çıxır. Odur ki, mənzilinin sahəsinə görə ondan artıq pul alındığını aşkar etdikdə hər iki hüquqi şəxsə bu barədə 22 noyabr 2023-cü il tarixli pretenziya məktubları göndərib. Pretenziya məktublarında cavabdehlər tərəfindən mənzilin 3.54 kv.metrinə görə artıq alınmış 1593 manat pulun ona ödənilməsini istəyib. Cavabdehlər pretenziya məktublarına cavab verməyiblər. Ona görə də pozulmuş hüquqlarınını bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlər müqavilədə mənzilinin sahəsini qanunvericilikdə nəzərdə tutulduğundan artıq göstərməklə ondan qanunsuz olaraq artıq pul alıblar. Cavabdehlərdən pulun qaytarılması barədə tələbindən sonra da ondan artıq aldıqları pulu geri qaytarmayıblar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulub. Cavabdehlər özgəsinin mülkiyyətini özlərində saxlayırlar. Bunu bildikləri və bilməli olduqları üçün cavabdehlər vicdansız sahibdirlər. Bu mülkiyyət hesabına cavabdehlərgörə əsassız varlanıblar. Ondan artıq aldıqları pulu özlərində saxlayıb xeyrini görməklə cavabdehlər onun mülkiyyəti hesabına hazırda əsassız varlanmış şəxs durumundadırlar. Cavabdehlər bu vəziyyəti davam etdirirlər, özgəyə aid əmlakı vermirlər. Cavabdehlər pulun qaytarılması barədə tələbinə məhəl qoymamaqla pulun qaytarılmasını əsassız ləngitməklə məşğuldurlar. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, vurulmuş maddi zərərin əvəzinin cavabdeh "xxxx" MTK-dan tutulub ona verilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən “Sultan“ MTK-ya qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə bildirir ki, onunla "xxxx" MTK arasında bağlanmış çox mənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2011-ci il tarixli, 106 saylı fərdi müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.04 kv.m olan birotaqlı 60 nömrəli mənzil dəyəri ödənildikdən sonra onun mülkiyyətinə verilmişdir. Mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az -45.50 kv.m. olduğu aşkar olunmuşdur. Bildirmək istəyirlər ki, "xxxx" MTK xx.xx.2011-ci il tarixli, 106 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili İddiaçı mülkiyytinə vermişdir. İddiacı aldığı 60 nömrəli mənzilə köçdükdən sonra orada yenidənqurma və təmir işlərini aparmışdır. Təbii ki, mənzildə qeyd olunan işlər görüldükdən sonra mənzilin ümumi sahəsində azalmanın baş verməsi qaçılmaz olmuşdur. Mənzildə təmir işlərinin aparılması nəticəsində mənzilin ümumi sahəsi 45.50 kv.m. qədər azalmışdır. Qeyd etməlidirlər ki, binada yerləşən mənzillər təsdiq edilmiş layihə əsasında tikilmiş və iddiaçını mülkiyyətinə verilmiş 60 nömrəli mənzillin layihəsində eyvan nəzərdə tutulduğu halda, mənzilin texniki pasportunda layihədə göstərilənlərdən fərqli olaraq eyvan səhvən balkon kimi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasmm 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektin sahəsinin və həcminin hesablanması” Qaydaların 2-ci bəndində eyvanın və balkonun anlayışları aydın olaraq göstərilmişdir. Mənzilin texniki pasportu tərtib edilən zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəsmi sənədin qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməməsinə görə cavabdeh olan şəxslər tərəfindən yol verilmiş diqqətsizlik nəticəsində eyvan balkon kimi göstərilmişdir. Eyvanla balkonun əmsalları fərqli olduğuna görə, mənzilin ümumi sahəsi hesablanarkən aşkar səhvlərə yol verilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bair və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektin sahəsinin və həcminin hesablanması” Qaydalarm 3.2-ci bəndində göstərilir ki, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməkə təyin edilir. Həmin Qaydalarm 3.8-ci bəndində göstərilir ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarma vurulmaqla hesablanır. AR Mülki Məcəlləsinin 21.3cü maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hesab edirlər ki, mənzilin ümumi sahəsinin azalması iddiaçının həmin mənzildə apardığı təmir işlərinin və mənzilin texiki pasportu tərtib olunan zaman buraxılmış kobud səhvlər nəticəsində yarandığına görə, "xxxx" MTK mülki məsuliyyət daşıya bilməz. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı "xxxx" MTK qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

4. Eyni zamanda cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (ərizədə iddiaçının adı səhvən Ədalət kimi göstərilmişdir) Sumqayıt Şəhər Məhkəməsinə iddia ənzəsi ilə müraciət edərək, vurulmıış maddi zərərin əvəzinin cavabdeh "xxxx" MTK-n tutulub ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim olunmuş iddia ərizəsində bildirir ki, onunla "xxxx" MTK arasında bağlanmış çox mənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2011-ci il tarixli, 106 saylı fərdi müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,04 kv.m olan birotaqlı 60 nömrəli mənzil dəyəri ödənildikdən sonra onun mülkiyyətinə verilmişdir. Mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən Çıxarışı əldə etdikdə mənzilin ümumi sahəsinin müqavilədə qeyd ediləndən az - 45.50 kv.m. olduğu aşkar olunmuşdur. Bildirmək istəyirlər ki, "xxxx" MTK xx.xx.2011-ci il tarixli, 106 saylı müqavilə üzrə mənzilin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və bu qəbildən olan münasibətləri tənzimləyən mövcud qanunvericiliyinin tələblərinə tam riayət etməklə tikintisi başa çatmış mənzili 2013-cü ildə iddiaçının sahibliyinə vermişdir. İddiaçı aldığı 60 nömrəli mənzili təmir etdikdən sonra həmin mənzilə köçmüş və o vaxtdan orada yaşayır. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna miiddət şamil edilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçiin iddia müddəti sayılır. AR Mülki Məcəlləsinin 373.2,-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Hesab edirlər ki, İddiaçı mövcud mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürdüyünə görə, onun tərəfindən "xxxx" Mənzil Tikintı Kooperativə qarşı irəli sürülmüş iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativə qarşı ”vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə” dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil ona 2013-cü ildə ildə təhvil verilib və həmin vaxtdan orada yaşayır. Qeyd edir ki, evin yalnız döşəməsini vurdurduqdan sonra orada yaşamağa başlayıb. Cavabdeh tərəfindən evin ölçüsü ona az verilib. Belə ki, evin dəyəri sahəsi 49.04 kv.m olmaqla, hesablansa da, ona həmin ölçüdə deyil, sahəsi az olmaqla ev verilib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı mübahisəli mənzili 2011-ci ildə alıb və 2013-cü ildən həmin evdə yaşayır. Məhkəmənin nəzərinə çatdırır ki, evin sahəsi daxildən hesablanaraq iddiaçıya təhvil verilib. İddiaçı ona təhvil verilmiş 1 otaqlı evi 2 otağa dəyişirib, eyni zamanda evdə başqa dəyişikliklər də edib. Nəticədə evin saəsində azalma baş verib və bu halın yaranmasında "xxxx" MTK-nın heç bir təqsiri yoxdur. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İşdə olan xx.xx.2011-ci il tarixli, 106 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi müqavilədən görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində tikilməkdə olan yaşayış binasının 57B Korpusunun ikinci blokunda, dördüncü mərətəbədə bir otaqlı 60 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsindən görünür ki, mənzilin ümumi sahəsi 49.04 m2-dir. Mənzilin qiyməti 22068 manatdır.

10. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 57B, sahəsi 45,50 kv.metr olan 60 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-cü il tarixdə qeydə alınmışdır. 11.İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, məhkəməyəqədər pulun ödənilməsi barədə cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə müraciət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli, 106 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında Fərdi müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində tikilməkdə olan yaşayış binasının 57B Korpusunun ikinci blokunda, dördüncü mərətəbədə bir otaqlı 60 saylı mənzili payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı mənzilinin 3.54 kv.metrinə görə ondan artıq alınmış 1593 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə illik beş faiz olmaqla 79.65 manat pulun, artıq alınmış pulun vaxtında qaytarılmamasına görə Mərkəzi Bankın müəyyən etdiyi illik faiz uçot dərəcəsinə uyğun olaraq 115.49 manat pulun və iddianın qiyməti olan 38 manat məbləğində dövlət rüsümununun müştərək formada birgə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC tərəfindən tutularaq birdəfəlik qaydada ona ödənilməsini tələb edir. Cavabdeh "xxxx" MTK isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

16. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır və hazırkı iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olduğundan iddiaçının tələbinə 5 illik iddia müddəti şamil edilməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (386.1)

18. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2) Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə,belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır ( 753.1). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (766).

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

20. Göründüyü kimi Mülki Məcəlləsinin 776.1-ci maddəsi podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

21. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 106 nömrəli Çoxmənzilli yaşayış binasınını tikintisi haqqında Fərdi müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikləri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, sifariş 2011-ci ildə təhvil verilmişdir. İddiaçı isə hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 13 il sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur.

22. Məhkəmə onu da qeyd edir ki, podrat müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu 2(102)-4727/2023 saylı qərarı mövcuddur.

23. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən İddiaçı soğlunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir.

24. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yalnız "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verildiyindən, iddia müddəti yalnız ona münasibətdə tətbiq edilməlidir.

25. Digər cavabdehə münasibətdə isə məhkəmə hesab edir ki, yaşayış binasının tikintisi haqqında müqavilə iddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlandığından Cavabdeh2 MMC-nin iddiaçı qarşısında həmin müqavilədən irəli gələn hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməsi üçün hər hansı əsas yoxdur.

26. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə hissəsi:

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 MMC-yə qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar