Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4821/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.274 ha torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış sahəsi şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsində 2015-ci ildən cavabdehlər qanunsuz olaraq yerləşiblər. Onları çıxarmaq istədikdə bir qədər müddət istədilər və bildirdilər ki, tezliklə ordan çıxacaqlar. İddiaçı da insani cəhətdən yanaşaraq, onlara bu imkanı verdi. İndi isə neçə illər keçməsinə baxmayaraq, cavabdehlər iddiaçıya məxsus əmlakı tərk etməkdən imtina edirlər. Bu isə iddiaçının bir sahibkar kimi hüquqlarını pozur, illərdir ki, iddiaçı öz əmlakından istifadə edə bilmir və bu da iddiaçıya maddi cəhətdən böyük ziyan verir. Hər bir mülkiyyətçinin öz mülkiyyətindən istifadə etmək və onu qanunsuz sahiblikdən geri tələb etmək hüququ vardır. İddiaçı da bu hüququndan istifadə edərək cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsindən çıxarılmasını tələb edir. Göstərilənlərə əsasən cavabdehlərin azyaşlı uşağı ilə birlikdə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, cavabdehlərin azyaşlı uşağı X1 ilə birlikdə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
9. İş materiallarında olan Fizuli rayon İcra Hakimiyyəti Başçısının Pirəhmədli kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Aşağı Rəfədinli kəndində qeydiyyatda olan Cavabdeh1 1993-cü il 23 avqust məcburi köçkün düşdüyü vaxtı Sabirabad Çadır şəhərciyində məskunlaşmışdır. Çadır şəhərcikləri ləğv olunduqdan sonra Cavabdeh1 nümayəndəliyə məlum olmayan ünvanlarda yaşayıb. 2017-ci ildə onun Sumqayıt şəhəri Aliminium zavodun həyətində yaşaması məlum olmuşdur.
10. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan Füzuli rayonundan məcburi köçkünlər - Cavabdeh1 və Cavabdeh2 məcburi köçkün, həmçinin şəhid ailəsi kimi qeydiyyatdan keçib-keçməmələri, onlara hər hansı bir mənzil təklif edilib-edilməməsinin, dövlət tərəfindən mənzillə təmin olunmasının, mənzilə ehtiyacı olan şəxslərin siyahısında adlarının olub-olmamasının, həmçinin onların başqa yaşayış sahəsində yerləşdirilməsi imkanı və ya gələcəkdə yaşayış sahəsinin təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğuya, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Füzuli rayonunun Aşağı Rəfədənli kəndindən məcburi köçkün Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 cəmi 3 nəfər olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsi, Aliminium zavodunun həyətində yerləşən tikilidə (qaraj tipli) məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və hər hansı bir mənzillə təmin olunması təklif olunmamışdır. Sözügedən ailənin şəhidlik statusu yoxdur. Qeyd edir ki, Azərbaycan Respublikası Prezdentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə Dövlət Proqramına edilmiş Əlavələrin 1.4-cü bəndində Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuşdur. Lakin 08 noyabr 2020-ci il tarixindən torpaqların işğaldan azad olunması ilə bağlı bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə məcburi köçkün ailəsi olaraq Cavabdeh1 adı 3 nəfər ailə üzvləri ilə birgə məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Füzuli rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı Cavabdeh1 da ailə üzvləri ilə bərabər qeydiyyatda olduğu öz doğma yurduna köçürülməsi həyata keçiriləcək və boşaldılmış ərazi mülkiyyətçiyə geri təhvil verilməsi üçün aidiyyəti üzrə (şəxslərə) əvvəlcədən xəbərdarlıq olunacaqdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 1 İddiaçı məxsusdur. Həmin ünvanda Füzuli rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
14. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
15. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
18. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
20. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
21. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.
22. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.
23. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 17 oktyabr 2020-ci ildə Füzuli işğaldan azad edilmişdir.
24. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
25. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və sözügedən ünvandan çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus əmlak üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin əmlakdan çıxarılmalıdır.
26. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
27. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilə sahiblik hüququ yoxdur. Çünki onların həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdehlər də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Mübahisələndirilən əmlak isə iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin əmlakda məskunlaşması və çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin iddiaçıya məxsus əmlakı öz təsir dairəsində saxlayıb orada yaşamaları hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların yetkinlik yaşına çatmayan övladları X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılmalı və İddiaçı təhvil verilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılsın və İddiaçı təhvil verilsin. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva