Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4859/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Rəfayil oğluna və qeyrilərinə qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair” ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri 6-cı mikr, 32 saylı evin 65 saylı mənzilinə dair özəlləşdirmənin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə nəticəsində DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş 28.02.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 Rafayıl oğlu ilə «xxxx» ASC arasında bağlanmış 05.11.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq Suqayıt şəhəri, 6-cı mikr, ev 32, 65 saylı mənzilin ipoteka qoyulması barədə 06.11.2014-cü il tarixli İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın icrataata qəbul edilməsində imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbinin əsası olaraq iddiaçı mübahisə predmeti olan mənzil özəlləşdirilərkən onun həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq razılığının alınmadığına istinad etmişdir. Bu baxımdan özəlləşdirmənin qanuna zidd olduğundan etibarsız hesab edilməsini və özəlləşdirmə nəticəsində verilmiş çıxarışın ləğv edilməsini, ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İlk növbədə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Göründüyü kimi araşdırılan mübahisə mülkiyyət hüququnun qeydə alındığı sənədlə bağlı olmaqla inzibati orqan və onun tərəfindən aparılmış qeydiyyat mübahisələndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən DƏDRX və onun ərazi idarələri inzibati orqan hesab edilir. İddia tələbinin əsasından da göründüyü kimi iddiaçı tərəf özəlləşdirmənin həyata keçirilməsi və bunun nəticəsində çıxarışın verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərini mübahisələndirir. Bu baxımdan araşıdırlan mübahisə mülki xarakterli münasibət kimi qiymətləndirərək mülki icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır». Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarından da göstərilmişdir. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarından qeyd olunmuşdur ki, Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunan hüquq normalarına istinadən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlıdır. İddiaçı qeydiyyatın inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmişdir. Mübahisə bilavasitə inzibati orqanın hüquqdan irəli gələn səlahiyyətlərinin icrası ilə bağlı olmaqla, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə əsaslanmır. Qanunvericiliyin tələbinə görə bu halda işə baxılması mülki məhkəmə icraatına aid olmamaqla, inzibati icraata qaydasında baxılmalıdır. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 Rəfayil oğluna və qeyrilərinə qarşı “özəlləşdirilmənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbinə dair” ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və əlavə edilmiş sənədlər rəsmi qaydada iddiaçıya verilsin. İddiaçıya inzibati icraata qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4859/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4859/2021
24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver