Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4898/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X4 1980-ci il tarixdə Ermənistan Respubilkası, Kirovakan rayonu, Gözəldərə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1978-ci ildə X6 ilə rəsmi qeydiyyatla keçməklə evlənmişdir. 1980-ci il fevral ayının 04-də X7 adlı uşaqları doğulmuşdur. Həkimin dediyinə görə doğuş zamanı uşaq ürəyindən zədə almışdı. Həkiminin dediyinə görə 1 yaşına kimi uşaq yaşasa, ona heç nə olmayacaq. Uşaqla onu doğum evindən uşaq xəstəxanasına köçürmüşlər və 10 gün uşağı müalicə etmişlər. Sonra evə gəlmiş, 20 gün sonra uşağın hərarəti olduğuna görə yenidən xəstəxanaya aparmışlar. 10 gün müalicə olunmuş, sonra uşaq 4 aylıq olanda yenə hərarəti olduğu üçn xəstəxanaya aparmışlar. Uşaq 6 aylıq olanda yay tətilini atası X10 Ermənistan Respublikasının Gözəldərə kəndində yerləşən evinə getmişlər. 20 gün sonra axşam uşağı yatırtmış, səhər tezdən duranda görmüşdür ki, uşaq çətin nəfəs alır. Bundan sonra uşağı maşınla şəhər xəstəxanasına aparanda yolda uşaq ölmüşdür. Kənd camaatı yığılmış və uşağı dəfn etmişlər. Bu 1980-ci il avqust ayında baş vermişdir. Uşağın ölüm faktının müəyyən edilməsi digər qaydada müəyyən edilə bilməz. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPMnin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən şahidlər X5 və X8 ifadə verərək bildirdi ki, ərizəçinin xalası qızlarıdır. Ərizəçinin övladı Vüsalə 7 aylığında Gözəldərə kəndində vəfat etmiş və elə orada da dəfn edilmişdir. Onlar qohum kimi bu zaman ərizəçinin yanında olmuş və ona köməklik göstərmişlər. Hadisə 1980-ci ilin avqust ayında baş vermişdir. X1 məhkəmə iclasında ifadə vermişdir ki, ərizəçinin kənddə qonşusu olmuşdur. Ərizəçinin Vüsalə adlı 7 aylıq körpəsi 1980-ci ilin avqust ayında kənddə öldü və orada dəfn edildi. Hadisə baş verən vaxt o, kənddə idi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - 258133 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi nikahından xx.xx.1980-ci il tarixdə Vüsalə adlı uşaq doğulmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ Sumqayıt 5 saylı Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli 106 saylı mətubundan görünür ki, X3 dediyinə görə X7 1980-ci ilin avqust ayında (günü xatırlamır) xəstəlikdən vəfat etmişdir. 1980-ci ilin avqust ayında indiki 5 №-li ASM-in fəaliyyəti olmadığı üçün bu vətəndaşa ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin övladı X7 1980-ci ildə Ermənistan Respubilkası, Kirovakan rayonu, Gözəldərə kəndində ölmüş, orada dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X4 1980-ci ildə Ermənistan Respubilkası, Kirovakan rayonu, Gözəldərə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4898/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4898/2025
02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver