Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4899/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etdikləri cinayət nəticəsində vurulmuş ziyanın, yəni 18075 manat pulun, mənəvi ziyana görə 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi üzrə X1 və Cavabdeh2 barəsində AR CM-nin 177.2.1,177.2.2,177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində ittiham aktı tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-41/2025 saylı hökmü ilə hər iki cavabdeh müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında ona məxsus olan mənzildən 4500 manat nağd pulu, qızılzinət əşyalarını, ümumilikdə 18075 manat dəyərində olan əmlakını gizli şəkildə oğurlayaraq ona xeyli miqdarda maddi ziyan vurmuşlar. Bundan başqa cinayət hadisəsi baş verdikdən sonra o, mənzilinə daxil olduqda dəhşətli mənzərədən sarsılmış, mənzilin tar-mar edildiyini, nağd pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildikdə çox ağır sarsıntı keçirməsi nəticəsində huşunu itirmişdir. Sonradan ayılsa da, bu günə qədər özünə gələ bilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. O, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdən görünür ki, hər iki cavabdeh Penitensiar Xidmətin müvafiq cəzaçəkmə müəssisələrində cəza çəkir. İddia ərizəsi cavabdehlərə göndərilsə də, onlar mübahisə üzrə məhkəməyə heç bir ərizə verməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-41/2025 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gününü çəkməkdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 7(001)-505/2023 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cavabdeh1 hazırki hökmlə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 05 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə saxlanıldılğı 04 (dörd) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 05 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldılğı 04 (dörd) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, vurulmuş və ödənilməmiş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 noyabr 2023-cü il tarixdə saat 23:00 radələrində İddiaçı məxsus ünvan 1 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, cinayətkar qrupun digər üzvü Cavabdeh2 isə yaşayış sahəsi hesab olunan 26 saylı mənzilin pəncərəsini dəmir alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin yataq otağında olan mebelin ikinci dolabından 01 ədəd 850 manat dəyərində «Kəhrəba» qaşlı, 583 əyarlı 10 qram çəkidə qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə qızıl kulon, 01 ədəd 425 manat dəyərində 583 əyarlı 5 qram çəkidə firuzə qaşlı qızıl sırğanı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 320 manat dəyərində 575 əyarlı 5 qram çəkidə üzərində xırda qaşlar olan «Cartier» qızıl üzüyü, 3000 manat dəyərində 30 qram çəkidə sünbül toxumalı qızıl qolbağı, 5200 manat dəyərində 50 qram çəkidə sünbül toxumalı qızıl qolbaq və sünbül toxumalı qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində 10 qram çəkidə italyan istehsalı, qaşsız qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində 583 əyarlı 10 qram çəkidə çayka markalı qızıl saatı, 01 ədəd 500 manat dəyərində üzərində «Allah» yazılı kulon olan qızıl boyunbağını, 01 ədəd 520 manat dəyərində 8 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 460 manat dəyərində 7 qram çəkidə halqa formalı qızıl sırğanı, 3500 manat kağız əskinaslardan ibarət nəğd pulu, həmin mebelin dördüncü dolabından 1000 manat dəmir pullardan ibarət pulu, mənzilin yataq otağından 01 ədəd 150 manat dəyərində “Remington” markalı qadın saç fenini gizli talayıb, zərər çəkmiş şəxs İddiaçı ümumilikdə 18075 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Onlar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-41/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etdikləri cinayət nəticəsində vurulmuş ziyanın, yəni 18075 manat pulun, mənəvi ziyana görə 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 154 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etdikləri cinayət nəticəsində iddiaçıya vurduqları maddi ziyanın əvəzi, yəni 18075 manat pul tutulmalı və ona qaytarılmalıdır. Dəymiş maddi zərərin məbləği və cavabdehlərin bu əməldəki təqsirləri qanuni qüvvəsini almış hökmlə tamamilə təsdiq olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 saylı qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Baş vermiş cinayət hadisəsinin xarakteri və dəymiş zərərin məbləği nəzərə alınarsa, bunun iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olması danılmazdır. Başqa sözlə, məhkəmə hesab edir ki, bu hadisə nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir. Ona dəymiş mənəvi zərərin məbləğini isə məhkəmə 2000 manat həddində müəyyən edir. Mübahisənin bu qaydada həll edilməsi məhkəmənin tərəflərə balanslaşdırılmış münasibət göstərməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 18075 manat məbləğində maddi zərərin əvəzi, 2000 manat məbləğində isə mənəvi zərərin əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etdikləri cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 18075 manat pul, mənəvi ziyana görə 2000 manat pul və ödənilmiş dövlət rüsumunun 150,22 manat hissəsi tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4899/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4899/2025
02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver