Məhkəmə qərarları › İş №2(060)-4925/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4925/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4925/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müvafiq tibb müəssisəsinə (qeydiyyat yeri üzrə poliklinikaya) müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Plenum qərarının 9.2-ci bəndində qeyd edilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddənin məzmunundan göründüyü kimi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrdə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olması qeyd olunmalı və ərizəyə faktı təsdiq edən sənədləri ərizəçinin başqa qaydada ala bilməməsini təsdiq edən sübutlar əlavə olunmalıdır. Qeyd edilən ərizə isə araşdırılaraq müəyyən edilmişdir ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinin tələblərinə riayət edilməmiş, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Bu hal isə mülki prosessual qanunvericilikdə ərizənin məzmununa dair nəzərdə tutulan müvafiq tələblərin pozulması kimi qiymətləndirilməli, ərizə məhkəmə tərəfindən icraata götürülməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar