Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4945/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 4400 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 65 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci ildə ona müraciət edərək ona borc olaraq 4400 manat məbləğində pul lazım olduğunu bildirmiş və o da cavabdehə həmin pulu vermişdir. Lakin xeyli müddət keçsə də, cavabdeh ondan borc aldığı bu puldan manat da olsun qaytarmamışdır. Pulu götürərkən bu barədə ona yazılı iltizam da vermişdir. Cavabdehə pretenziya məktubu göndərmiş, lakin yenə də cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Buna görə də məhkəməyə hazırki iddia ilə müraciət edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh 4400 manat məbləğində borc vermişdir. Lakin cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Qələm pis yazdığı üçün özü əlavə olaraq yazının üstündən getmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçıdan 400 manat borc götürmüşdür. Lakin 1400 manat borc götürməsi barədə iltizamı imzalamışdır. Göründüyü kimi qeyd olunan iltizamda “1400” ədədinin əvvəlində olan “1” rəqəmi “4” rəqəmi ilə dəyişdirilmişdir. Bununla da iddia edir ki, guya 4400 manat məbləğində borc götürmüşdür.
Tədqiq olunan sübutlar:
5. xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı borc olaraq 1400 manat pul almış, 1 ay müddətinə qaytaracağını, xx.xx.2021-ci ildə əvəzində ona məxsus olan şəxsiyyət vəsiqəsinin, ona məxsus olan maşının texpasportunun və həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətini verdiyini bildirmişdir.
6. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə pretenziyanı aldıqdan 5 gün müddətində borclu olduğu 4400 manat pulun qaytarılması təklif olunmuş, əks təqdirdə həmin pulun tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyi və bütün məhkəmə xərclərini, ödənilmiş dövlət rüsumlarını və ona dəymiş ziyanı tələb edəcəyi barədə xəbərdarlıq olunmuşdur.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 4/1524-5/1109 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş xx.xx.2021-ci il tarixli “İltizam’ın 4-cü sətrində olan “4400” rəqəmlərdəki birinci “4” rəqəmin yerində “1” rəqəmi olmuş sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmiş, digər rəqəmlərin üzərlərindən isə təkrarən eyni rəqəmlər icra edilmişdir. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli “İltizam”ın üzərində olan yazıların icra olunma vaxtını müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə qərardadda göstərilən “Düzəliş qeyd edilən məbləğin, yəni “4400 manat” məbləğin iltizamda yazıldığı gündə və ya fərqli vaxtda icra edilmişdir?” sual üzrə tədqiqat işləri aparılmamışdır. Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində olan Cavabdeh ilə İddiaçı adlarından olan xx.xx.2021-ci il tarixli iltizamda “X1 borc olaraq 4400 manat pul milli pul aldım” yazılarında “4400” rəqəmləri - tədqiqi hissədə göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddələrinə əsasən bildirmişdirlər ki, həmin rəqəmlərin Cavabdeh tərəfindən, İddiaçı tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
11. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, 12 oktyabr 2021-ci il tarixli iltizama əsasən, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı borc olaraq 1400 manat pul almış, 1 ay müddətinə qaytaracağını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdeh işdə olan xx.xx.2021-ci il tarixli əlyazmanın ona məxsus olması barədə etiraz etməmiş, lakin 4400 manat məbləğlə bağlı deyil, 1400 manat məbləğlə bağlı iltizama qol çəkdiyini bildirmişdir. İddiaçı hazırda 4400 manat borc məbləğinin ödənilməsini cavabdehdən tələb edir.
12. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən tələb edilən 4400 manat məbləğə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən imzalanmış iltizamda 1400 manat məbləğində pulun borc olaraq alınması göstərilmiş və həmin məbləğə düzəliş edilərək qeyd olunan məbləğin ilk rəqəmi olan “1” rəqəmi “4” rəqəminə düəliş edilmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən təyin edilmiş müvafiq ekspertizanın aparılmasına dair qərardad əsasında əldə edilmiş rəylə də müəyyən edilir ki, təqdim edilmiş xx.xx.2021-ci il tarixli “İltizam’ın 4-cü sətrində olan “4400” rəqəmlərdəki birinci “4” rəqəminin yerində “1” rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla indiki rəqəmə dəyişdirilmiş, digər rəqəmlərin üzərlərindən isə təkrarən eyni rəqəmlər icra edilmişdir.
13. Hazırki halda iddiaçı borcun məhz 4400 manat məbləğində verildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə ona qeyd edilən məbləğdə vəsait verildiyini etiraf etməmişdir. İltizamda yazılan məbləğə dəyişiklik edilməsi isə açıq-aşkar görünməklə yanaşı, ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Həmin rəqəmdəki dəyişikliyin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında 1400 manat məbləğində borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamdır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia 1400 manat məbləğində borcun qaytarılması hissəsində əsaslıdır.
14. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. .Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
15. Məhkəmə cavabdehin 1400 manat məbləğlə bağlı iltizamı imzalamasına baxmayaraq, iddiaçıdan cəmi 400 manat pul vəsaitinin götürülməsi ilə bağlı etirazına münasibətdə qeyd edir ki, borca dair müqavilə ilə bağlı hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində sözügedən iltizamı imzalamışdır.
16. Məhkəmənin qənaətinə görə cavabdehin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.
17. Hazırki halda isə cavabdeh iddiaya etiraz olaraq qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri :
18. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 65 manat dövlət rüsumu ödənilmişdir.
19. Belə olan halda məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
20. Eyni zamanda iddia qismən təmin edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin 85,91 manat hissəsi İddiaçı, 40.09 manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
21. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1400 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1400 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin 85 (səksən beş) manat, 91 (doxsan bir) qəpik hissəsi İddiaçı, 40 (qırx) manat, 09 (doqquz) qəpik hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva