Məhkəmə qərarları › İş №2(060)-4956/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4956/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4956/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Koperativinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Mənzil Tikinti Koperativinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Koperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 490 (dörd yüz doxsan) manat məbləğində sayğacların alınmasına və mənzilin sığortalanmasına ödənilmiş pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb “Sultan MTK” verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Cavabdeh ilə bağlanmış xx.xx.2013-cü il tarixli,74 saylı müqavilə üzrə binanın tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və ünvan 2 ünvanında yerləşən 55B korpusunun birinci blokunda olan birotaqlı 40 saylı mənzilin tikintisini tamamlayaraq cavabdehin istifadəsinə vermişdir. "xxxx" MTK tərəfindən öz vəsaiti hesabına dəyəri 80 manat olan su, dəyəri 70 manat olan elektrik, dəyəri 300 manat olan qaz sayğacları, dektorları alınaraq sahibliyində olan 40 saylı mənzilə quraşdırılmışdır. Bundan əlavə "xxxx" MTK tərəfindən mənzilin sığortasına 40 manat məbləğində ödəniş edilmişdir. Lakin, cavabdeh mənzilə köçüb orada təmir işlərini aparmağına baxmayaraq, hələ də mənzilə quraşdırılmış sayğaclara və mənzilin sığortasına "xxxx" MTK tərəfindən ödənilmiş, ümumilikdə 490 manat məbləğində pulu "xxxx" MTK ödəməkdən yayınır. Bununla da cavabdeh xx.xx.2013-cü il tarixli 74 saylı müqavilənin 5.1.2-ci bəndində göstərilən öhdəlikləri aşkar şəkildə pozur. Dəfələrlə Cavabdeh mənzilinə quraşdırılmış sayğacların alınmasına və mənzilin sığortasına çəkilən xərclərin ödənilməsi təklif olunmuş lakin o. bugünkü günə kimi ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh bilərəkdən müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmir və "xxxx" MTK tərəfindən cavabehin mənzilinə quraşdırılmış sayğacların pulunu və sığorta üzrə çəkilmiş xərcləri ödəməkdən yayınır. Cavabdeh 490 (dörd yüz doxsan) manat məbləğində olan pulu könüllü ödəməkdən böyün qaçırdığına görə, o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə iddiaçının nümayəndəsi T.İ.Abbasov eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir quraşdırılır: “Sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır. Həmçinin adıçəkilən qanunların müvafiq olaraq 8-ci, 13-cü və 23-cü maddələrinə uyğun olaraq, yaşayış binaları sayğaclarla təchiz edildikdən sonra istismarına icazə verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2- ci maddəsinə əsasən, istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Bu baxımdan, sayğaclara və onların quraşdırılmasına görə xərclər bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır". Qeyd olunanlardanda göründüyü kimi iddiaçının mənzildə quraşdırılmış sayğacların dəyərinin ondan tələb etmək üçün subyektiv hüququ yoxdur. İlk növbədə məhkəmə iddiaçının hazır ki, iddia tələbini irəli sürməsi üçün subuyektiv hüququnun olub olmamasını və həmçinin cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını müəyyən etməlidir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Bundan əlavə, kütləvi informasiya vasitələrində və Prokurorluq tərəfindən dəfələrlə vətəndaşlara MTK-lar tərəfindən sayğacların qurşadırılmasının pulsuz həyata keçirilməsi barədə məlumat verilmişdir. Məhz sayğacın ödənişləri ev alınarkən hesablanmış məbləğə daxil olmalıdır. İddiaçının qeyd etdiyi sayğaca görə tələb olunan pulun buna görə əsassız olduğunu hesab edir. Hazırda mənzilin çıxarışı yoxdur. Mənzilin çıxarışı olmadığına görə mənzil MTK-nın balansındadır. İddiaçı ümumi binanı sığortalamış və buna görə sığorta ödənişi edir. Hazırda həmin binada yaşayış yoxdur. Buna görədə heç bir kommunaldan istifadə olunmur. Qeyd olunanları nəzər alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2013-cü il tarixli, 74 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzili tikməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 50.65 m2, mənzilin qiyməti 25325 manatdır. Müqavilənin 5.1.2-ci maddəsinə əsasən su, elektrik, qaz sayğaclarını və dedektorlarını, öz hesabına almaq və quraşdırmaq sifarişçi tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası haqqında şəhadətnamədən görünür ki, ünvan 3 ünvanı AzSığorta tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sığortalanmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2720/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçı Cavabdeh verilməsi və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə olan ödəniş tapşırıqlarının surətindən görünür ki, sayğacların quraşdırılması üçün "xxxx" MTK tərəfindən “Azəriqaz” İB Sumqayıt Qaz İstismar Sahəsinin hesabına pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 430.1 -ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu(delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış 18 iyun 2013-cü il tarixli, 74 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin 5.1.2-ci maddəsinə əsasən su, elektrik, qaz sayğaclarını və dedektorlarını, öz hesabına almaq və quraşdırmaq sifarişçi tərəfindən həyata keçirilməlidir. Lakin məhkəmədə müəyyən edildi ki, məhz həmin sayğaclar və dedektor “Podratçı” yəni iddiaçı "xxxx" MTK tərəfindən quraşdırılmışdır. Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir quraşdırılır: “Sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır. Bu səbəbdən iddiaçının cavabdehdən sayğacların alınmasına görə tələb etdiyi pul məbləği əsassızdır. Eyni zamanda iddiaçının cavabdehdən mənzilin sığortalanmasına görə tələb etdiyi məbləğdə əsassızdır. Belə ki, iş üzrə sığortaya görə ödənilmiş məbləğin kim tərəfindən həyata keçirilməsi barədə heç bir qəbz iş materiallarına əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Koperativinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar