Məhkəmə qərarları › İş №2(060)-5049/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5049/2022

20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5049/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) qaynatası X1 xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 ərizəçinin qaynatasıdır. O, 1905-ci ildə anadan olmuşdur. X9 Petrovna xx.xx.1970-ci ildə dünyasını dəyişib. Həyat yoldaşı X3 xx.xx.2001-ci il tarixdə dünyasını dəyişib. Qaynatası X2 H.Z.Tağıyev qəsəbəsində yerləşən Rus qəbirstanlıqında dəfn olunmuşdur. Bütün bunları şahidləri də təsdiq edə bilərlər. Həkim arayışı olmadığına görə qaynatasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qaynatasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona imtina məktubu ünvanlamış və bildirmişdir ki, ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinə uyğun izahat verərək həmçinin bildirdi ki, qaynatasından qalmış mənzili öz adına rəsmiləşdirmək istəyir. Bunun üçün isə qaynatasının ölüm şəhadətnaməsinə ehtiyac vardır. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1961-ci ildə Abşeron rayonu, Altıağac kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X7. X5, X10 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən 1905-ci il tarixdə anadan olmuş X2 xx.xx.1984-cü ildə vəfat etmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən Rus qəbirstanlıqında dəfn olunmuşdur. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-2479/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. İş materiallarına X1 qəbrinin fotoşəkli əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. X1 xx.xx.1984-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. X1 vəfat tarixi dəqiq yadında deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum qaynatası X1 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadəsi əsasında ərizəçinin qaynatası X1 xx.xx.1984-cü il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və X1 xx.xx.1984-cü il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.1984-cü il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar