Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5091/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aramızda bağlanmış 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01242 nömrəli Barışıq Sazişinin 4-cü bəndinin (Maraqlı şəxs Ərizəçi hər hansı məhdudiyyət qoyulmadan 25 may 2018-ci il təvəllüdlü X3 və 24 iyun 2022-ci il təvəllüdlü X4 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik) təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona (Ərizəçi) verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs birgə nikahlarından 25 may 2018ci il təvəllüdlü X3 və 24 iyun 2022-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə aralarında 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01242 nömrəli Barışıq Sazişi bağlanılaraq rəsmiləşdirilmişdir. Sözügedən sazişin 4-cü bəndinə əsasən maraqlı şəxs mediasiya prosesində birgə nikahdan olan 25 may 2018-ci il təvəllüdlü X1 və 24 iyun 2022ci il təvəllüdlü X2 ərizəçi (Ərizəçi) ilə sərbəst şəkildə hər hansı məhdudiyyət qoyulmadan ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmişdir. 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01242 nömrəli Barışıq Sazişinin şərtlərinə maraqlı şəxs tərəfindən əməl edilməsi üçün pretenziya məktubu ilə 02 iyul 2025-ci ildə müraciət etmişdir. Bunu ərizəyə əlavə edilmiş poçt qəbzi təsdiq edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, ərizəçinin uşaqlarla ünsiyyətinə heç bir etirazı olmadığı üçün ərizəçi ilə barışıq sazişi bağlamışdır. Aprel-may aylarında uşaqlar ərizəçi ilə qalmışdırlar. Bu zaman ərizəçi uşaqlarda ona qarşı fikirlər yaratmış və övladına qarşı mənfi ifadələr işlətmişdir. Bu səbəbdən uşaqlar atalarını görmək istəmirlər.
Tədqiq olunan sübutlar:
5. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndindən görünür ki, Maraqlı şəxs Ərizəçi hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür.
6. İddiaçı Ərizəçi tərəfindən cavabdeh Maraqlı şəxs ünvanlanmış pretenziya məktubundan görünür ki, 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01242 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən üzərinə götürdüyü 25 may 2018-ci il təvəllüdlü X1 və 24 iyun 2022-ci il təvəllüdlü X2 onunla sərbəst şəkildə hər hansı məhdudiyyət qoyulmadan ünsiyyətdə olmasına mane olmayacağı barədə öhədliyə əməl edilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
10. Məhkəmə qeyd edir ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.
11. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil.
12. Tərəflər mediasiya prosesində uşaqla görüş hüququnun təmin edilməsi ilə bağlı barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən olunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.
13. Həmçinin işin müəyyən edilmiş halı odur ki, tərəflər arasında bağlanılmış barışıq sazişində ərizəçinin uşaqla ünsiyyət hüququnun təmin edilməsinə dair razılıq əldə edilmiş, maraqlı şəxs üzərinə bu hüququ təmin edəcəyinə dair öhdəlik götürmüşdür. Lakin ünsiyyətin konkret qaydası isə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, maraqlı şəxs üzərinə ərizəçinin uşaqla ünsiyyət hüququnu təmin edəcəyinə dair öhdəlik götürdüyündən ərizə əsaslıdır. Uşaqla ünsiyyətin konkret qaydası isə tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilə bilər.
14. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2024-01242 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.
Nəticə:
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2024-01242 saylı, 06 iyul 2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: “4. Maraqlı şəxs Ərizəçi hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü.” Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva