Məhkəmə qərarları › İş №2(060)-5100/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5100/2022

05.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5100/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ailəlikcə çoxdan tanıdığı Cavabdeh ona olan inamından istifadə edərək onu aldatmış və 6049 manat məbləğində malını ələ keçirib hazırki vaxtadək qaytarmamışdır. Belə ki, o, kirayədə yaşayan zaman soyuducusu olmamışdır. 14 dekabr 2019-cu il tarixində Sumqayıt şəhərində Unibankdan 2779 manat məbləğində kredit götürərək soyuducu almışdır. Həmin vaxtlar yaşadığı mənzili dəyişmək zərurəti olduğundan soyuducunu qoymağa evdə yer olmamış və cavabdehin təklifi ilə soyuducunu müvəqqəti olaraq onların evinə qoymuşdur. Lakin indiyədək cavabdeh soyuducunu qaytarmamışdır. O, bankdan aldığı 2700 manatı 12 ay müddətində ödəmişdir. İlkin ödəniş kimi 79 manat məbləği əvvəlcədən ödəmişdir. Bundan əlavə cavabdehlə ticarət sahəsində şərikli iş görmək barədə razılığa gəlmiş və cavabdehə 2 adda, 6,700 çəkidə, 2970 manat dəyərində brilliant sırğalar-qızıl zinət əşyası vermişdir. Sonradan cavabdehin onun qızıl əşyalarını girov qoyaraq pul götürməsi məlum olmuş, qızıllarını indiyədək qaytarmamışdır. O, bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Pİ tərəfindən cinayət iş qaldırılmadığı üçün Sumqayıt şəhər prokuroruna etdiyi şikayət nəticəsində prokurorluq tərəfindən Polis İdarəsi TŞ-nin baş təhqiqatçısının qərarı ləğv olunmuş və iş əlavə araşdırılma üçün təhqiqat şöbəsinə göndərilmişdir. Lakin AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 13 aprel 2022-ci il tarixli cavabı ilə işdə cinayət tərkibi olmadığı göstərilərək yenə cinayət işi qaldırılmamışdır. O, hətta cavabdehin hərəkətlərindən və şikayətinin nəticəsiz olduğundan bezib 4 ay əvvəl özünü öldürmək istəyərək dərman içmişdir. Bu barədə Pİ-də və 4-cü PB-də materiallar da vardır. Cavabdeh polis orqanlarında izahat verərkən həqiqətən onun mallarını götürmüş olduğunu etiraf edərək qaytaracağını bildirsə də, qaytarmamışdır. Bu hərəkətlərlə də cavabdeh ona xeyli miqdarda zərər vurmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən 6049 manat məbləğində əmlakının cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdehi ailəlikcə çoxdan tanıyır. Kirayə yaşadığı zaman soyuducusu olmadığından kreditlə soyuducu almışdır. Sonradan yaşadığı mənzili dəyişmək zərurəti olduğundan soyuducunu qoymağa evdə yer olmamış və cavabdehin təklifi ilə soyuducunu müvəqqəti olaraq onların evinə qoymuşdur. Lakin indiyədək cavabdeh soyuducunu qaytarmamışdır. Krediti ödəyib qurtarmışdır. Bundan əlavə ticarət sahəsində şərikli iş görmək üçün cavabdehə 2 adda, qızıl zinət əşyası da vermişdir. Qızılları 2800 dollara almışdır. Cavabdeh həmin qızılları da girov qoyub pul götürmüşdür. O, Polis Bölməsində verdiyi izahatda da qızılların ona verilməsini bildirmişdir. Soyuducu ilə qızılların qiyməti birlikdə 6049 manat təşkil edir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə heç bir ailəvi yaxınlıqları olmamışdır. Anası xəstə olduğundan ona baxmışdır. Anasının ad gününə soyuducu almaq istəmiş, iş yeri olmadığına görə soyuducunu iddiaçının adına götürmüşdür. Lakin soyuducunun pulunu özü ödəmiş, sonra soyuducunu satmışdır. İddiaçı soyuducunun pulunu ödədiyini bildirsə də, bugünədək borc tam ödənilməmiş, 600 manat borc qalmışdır. Həmin vaxt maşın almaq üçün ona 2300 manat pul lazım olduğundan iddiaçı qızıllarını ona vermişdir. O, iddiaçının qızılını lombarda qoymuş, 700 manat pul götürmüşdür. Bir ildən çox lombarda pul ödəmiş, sonra ödəyə bilməmişdir. Ona cins pişik vermişdilər. Həmin pişiklərin 400-500 manat məbləğində qiymətləri olmuşdur. Evdə saxlamağa yer olmadığına görə borcla əvəzləşdirərək iddiaçıya vermişdir. İddiaçı da ondan xəbərsiz pişiyin balalarını satmışdır. 1300 manat iddiaçının özündən almış, onu qaytarmışdır. Hazırda iddiaçıya 700 manat, indiki halda qızılın kursu nəzərə alınsa, 800-900 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Unibrands Electronics” ilə İddiaçı arasında bağlanmış 18968 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsindən və ona edilmiş 1 saylı əlavədən görünür ki, “Unibrands Electronics” dəyəri 2779 manat olan məişət məhsulunu İddiaçı nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini ilkin ödəniş 79 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 225 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə müraciəti üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə Sumqayıt şəhər prokurorluğuna ünvanlanan 02 mart 2022-ci il tarixli ərizəyə əsasən Sumqayıt şəhər polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən xx.xx.2021-ci il tarixli qərar əsassız olduğundan ləğv edilərək, əlavə araşdırma aparılması üçün Təhqiqat şöbəsinə qaytarılmışdır. İş materiallarında olan AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, birgə gəlir əldə olunması vədi ilə 3500 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciət üzrə Sumqayıt ŞPl Təhqiqat şöbəsində araşdırma aparılaraq toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 3 iyul 2021-ci ildə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qərardan ərizəçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ vardır. Şikayətdə göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması məqsədilə müraciət cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsaslılığının yoxlanılması üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş AR DİN Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər sakini İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək tanışı Cavabdeh ondan borc pul istədiyi zaman ona 3000 manat dəyərində qızıl zinət əşyası verdiyini, lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq onun borcunu qaytarmadığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı 1300 manat nəğd pul və 890 manatlıq qızıl-zinət əşyası borc götürdüyünü, iki ay sonra 1300 manat pulu Xəyaləyə qaytardığını, qızılı lombarda qoyub 700 manat pul götürdüyünü pulu ödəyə bilmədiyi üçün lombardın onun qızıllarını müsadirə etdiyini, hal-hazırda Xəyaləyə 890 manat borcu qaldığını qeyd etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanladığı məktubdan görünür ki, Cavabdeh 10 mart 2020-ci il tarixində 750 əyarlı 14.0 qram çəkidə 1 cüt sırğa brilliant qaş girov qoymuş və girov dəyəri 700 manat məbləğində pul götürmüşdür. xx.xx.2020-ci il tarixində isə girovu tam şəkildə çıxarmışdır. İş materiallarında olan Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatdan görünür ki, o, Xəyalə adlı tanışından maşın almaq üçün 2000 manat məbləğində borca pul götürmüşdür. Həmin pulun 1300 manatını Xəyalə ona əvvəldən vermiş, 700 manatını isə Xəyaləyə məxsus təxmini dəyəri 890 manat olan qızılları lombarda qoyaraq əldə etmişdir. Həmin borcun 1300 manatını 2 ay sonra yaşadığı evdə Xəyaləyə qaytarmışdır. Lakin lombarda yerləşdirmək üçün ona verilən 890 manat məbləğində qızıl əşyasını borcu ödəyə bilmədiyi üçün lombard aralarında olan müqaviləyə əsasən ondan müsadirə etmişdir. Xəyaləyə 890 manat borcu vardır. Həmin borcu yenidən iş fəaliyyətinə başlarkən qaytaracağına söz vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ona pul lazım olduğundan İddiaçı 1300 manat məbləğində pul və qızıl-zinət əşyaları almışdır. Cavabdeh iddiaçının ona verdiyi qızılları lombarda qoyaraq pul götürmüş, iddiaçının əşyalarını qaytarmamışdır. İddiaçı bununla bağlı PB-nə müraciət etmiş, cavabdeh PB-də verdiyi izahatında iddiaçıdan 1300 manat pul və qızıl-zinət əşyaları aldığını, 1300 manat pulu 2 ay sonra qaytardığını, qızılları isə lombarda qoyaraq 700 manat pul götürdüyünü, İddiaçı 890 manat borclu olduğunu etiraf etmişdir. Məhkəmə işin araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddia tələbini qəbul etməyərək yalnız götürdüyü qızılların dəyəri olaraq məbləğin qaytarılmadığına istinad etsədə, həqiqətən iddiaçıdan aldığı 1300 manat məbləğində pulun iddiaçıya qaytarılması işin araşdırılan hallarına əsasən müəyyən edilmir. İddiaçı tərəfindən iddia tələbinin 6049 manat məbləğində əmlakın cavabdehə verilməsi işin araşdırılan hallarına əsasən təsdiq olunmur. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Polis İdarəsində iddia tələbindən fərqli izahat verərək 3000 manat məbləğində dəyəri olan qızıl əşyasını müqabilində pul verdiyini bildirmiş, soyuducunun cavabdehə verilməsi və ya onunla bağlı hər hansı izahat və ya sübut iş materialları ilə təsdiq olunmur.Ona görə də məhkəmə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn əmlak ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə əmlaku (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu əmlak məbləğidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) əmlaka və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq əmlak və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı əmlak məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində əmlak borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə iddia tələbinin əsaslı olmasını işdə tərəf olan şəxslərin yaxın münasibətdə olmaları, həmin münasibətdən irəli gələrək İddiaçı maşın almaq üçün Cavabdeh borc pul və qızıl əşyalarını verməsi, ödənişləri edəcəyinə vəd verməsinə baxmayaraq həmin ödənişləri etməsindən boyun qaçırmasını işin mübahisə edilməyən halı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək 2190 manat borc Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə 40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2190 (iki min yüz doxsan) manat borc və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar