Məhkəmə qərarları › İş №2(060)-5153/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5153/2024

10.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5153/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 1952-ci il tarixdə anadan olmuş Cavabdeh4 və xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh5 Sumqayıt şəhəri, “Xəzər” bağlarında ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1975-ci ildən 2008-ci ilə kimi X23 xidmət etmişdir. 1992-ci ildə Sumqayıt şəhər Mühafizə şöbəsində baş inspektor vəzifəsində işləmişdir. İş yoldaşı X4 “Xəzər” bağlarında ona məxsus 12 sot torpaq sahəsini almışdır. Bu zaman eyni vəzifədə onunla işləyən X2 və İbrahimov Nihadın həyat yoldaşı X6 iştirakı ilə bağçılığın sədri Həsən adlı şəxs lazım olan sənədləri yazdı. O, İbrahimov Nihadın bağçılıq kitabçasını aldı və ona N 792 saylı bağçılıq kitabçasını verdi. Bu torpaq sahəsinin daxilində 10 kv/m kərpicdən ev, 5 tonluq maşın su çəni, su hovuzu və cürbəcür ağac növləri var idi. Həmin zaman bu torpaq sahəsini İbrahimova Nihaddan 6 min rubla almışdır. Ailəliklə daimi olaraq bu bağa gəlir və bura qulluq edirdilər. Lakin dəniz suyu qalxaraq bağı su basmışdır. 2007-ci ildə iş yoldaşları buraya gedib gördü ki, bağın 10 sotunu Cavabdeh4 və Cavabdeh5 zəbt edib. Sol tərəfdə isə 2 sot boş sulu ərazi qalmışdı. Bundan sonra o, bir neçə dəfə bağı zəbt edən Cavabdeh5 evinə getmişdir. Ona Laçın şəhərindən qaçqın olduğunu, ailəsi ilə burada boş sahə görərək qaldığını dedi. Həmin ailəyə acıdığı üçün onların burada yaşamalarına icazə vermişdir. Bundan sonra sol tərəfdə qalan 2 sot torpaq sahəsini də dolduraraq su hövzəsini məhv etmiş və ora gətirmişdir. Lakin 2016-cı ilədək də ona məxsus torpaq sahəsindən çıxmadılar. Sonra isə onların Laçın şəhərinin qaçqını olmadıqlarını, İsmayıllı şəhərindən gəldiklərini öyrənmişdir. Onun bu müddətdən bağa gəlmədiyindən suiistifadə edərək sol tərəfdə qalan 2 sot torpaq sahəsini də zəbt etdilər. Bunları öyrəndikdən sonra həmin evə gələrək Cavabdeh5 ilə görüşmüşdür. Ona bu torpaq sahəsini sahibsiz olduğuna görə tutduğunu dedi. Lakin bu torpaq sahəsi onun istifadəsi və mülkiyyətində idi. Buna görə bu tamamilə qanunsuz bir əməldir. Bundan sonra “Xəzər” bağçılığının sədri Cavabdeh4in yanına gedərək bunu bildirdi. Ona 2018-ci ildə bağçılıq kitabçamı göstərsə də, ona sənədlərdə yanlışlıq olduğunu və başqa torpaq sahəsinin ona veriləcəyini bildirdi. Həmçinin güya ki sənədinin kötüyünün olmadığını və buranı o alsa da, buranın ona məxsus olmadığını dedi. Lakin onun torpaq sahəsi ondan xəbərsiz başqa şəxslərə satılmışdı. Nəticədə isə ona maddi ziyan dəymişdir. Həmin gün Hüseyn ona 3-cü cərgədən 12 sot yer göstərdi. Birinci cərgədə 5 yer hasara alınmışdı. Hüseyn dedi ki, o yerləri İcra Hakimi şəhid ailələrinə verib. xx.xx.2019-cu ildə Hüseyn ona dedi ki, torpağın 5 sotu Cavabdeh3du. O, Moskvada başından əməliyyat olunmalıdır. Həyat yoldaşı və oğlu torpağı alan adam tapıb gətiriblər. Siz bir arayış verin ki, torpağın satılmasına icazə verirəm. O torpaqla bağlı satılmasına icazə verməyinə dair arayış yazmağını ondan istədi. O, bunu eşitdikdə bu günə qədər ona həmin torpağın onun olmadığını dediyini ona bildirdi. Əgər belə idisə, onun olmayan torpağı o necə arayış yazaraq satmağa icazə verəcəkdir. Bunu ona dedikdə o onu bir daha yalan vədləri ilə inandıraraq məsələni həll edəcəyini ona dedi. O yalan vədləri ilə onu aldadaraq onu buna razı saldı. Sonra özü də 3 nəfərin adından aktı yazdı və ona verdi ki, bunu kompüterdə yazdırıb aparsın. O ona bu sənədlə bağçılıq kitabçasını sonrakı gün gətirməsini istədi. O bunları həmin adamlara imzaladacağını dedi. O belə də etdi. Bağçılıq kitabçası ilə aktı verdim. Hüseyn zəng edib 2 nəfəri çağırdı ki, gəlin akta qol çəkin. Bu zaman mənim torpaq sahəmi zəbt edən Əhman gəldi. 2-ci adam dedi ki, mən Rəşid müəllimi tanıyıram. Onun yeri o tərəfdə idi. Hüseyn isə ona dedi ki, onların yeri kanalizasiya xəttinə düşüb, o da imzaladı. 3-cü adama zəng etdi, o dedi ki, sonra gələcək boş vaxtı yoxdur. Hüseyn ona dedi ki, siz gedin, sabah gəlin aktı götürün. Bundan sonra Hüseynin dediyinə görə güya ona akt yazaraq verdiyi yerə 3 dəmir dirək qoydurdu. Bundan sonra 2020-ci ilin ortalarında hasara alınan yerə getdi. Görmüşdür ki, hasarlar sökülüb, onun qoydurduğu dəmir dirəklər də sökülüb. Bundan şonra ona zəng edərək bunu dedikdə o dedi ki, o yerləri polislər tutmuşdu. İcra Hakimi sökdürdü, onlara yalan danışmışdır. Ona yalan danışdığını etiraf edərək torpağın şəhid ailələrinə məxsus olmadığını bildirdi. Lakin o yenə də yalanları ilə aldatmağa çalışdı və indi ona verilə biləcək torpaq sahəsi olmadığını bildirdi. Ona torpaq sahəsi ayrıldıqda ona da torpaq sahəsi verəcəyini dedi. Lakin burada onun yalan danışdığının etirafını da görə bilər. Hüseyn ona yalan danışaraq 5 il onun torpağındakı çəni axtardığını, torpaq verilməsinin həll olacağını dedi. O həmçinin 17 nəfərin torpağının kanalizasiya xəttinə düşdüyünü, səbrli olmağını və torpaq verildikdə ona veriləcəyini bildirdi. Lakin artıq bunların hamısının yalan olduğunu və həmin şəxsin dələduz olduğunu anladığı üçün bütün bu yalan vədlərə inanmadı. Sonradan isə onun heç telefon zənglərinə də cavab verməməyə də başladı. O, bu məsələdə dələduzluq əməlinin olduğunu hesab etdiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etsə də, bu iş üzrə cinayət işi başladılmadı. Dəfələrlə olan şikayətləri də heç bir fayda vermədi. Sonda isə ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Hüseyn 10 sot isə Əhmanın, 7 sot isə həyat yoldaşının adına torpağın olduğunu desə də, sonradan məlum oldu ki, Əhmanın adına cəmi 5 sot torpaq sahəsi olmuşdur. O bu məsələdə də yalan danışmışdır. Bundan başqa 2 dəfə - 2019 və 2021-ci illərdə Sumqayıt Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin sədri Fikrət Orucovun qəbulunda olmuşdur. O da Hüseynə tapşırmışdır ki, onun torpaqla təmin olunmağına nəzarət etsin. Hüseyn bundan sonra ona demişdir ki, tez bir zamanda torpaqla təmin olunacaqdır. Buna görə sənədləri də Fikrət Orucova göndərdiyini desə də, sonradan öyrənmişdir ki, Hüseyn heç bir sənədi göndərməmişdir. Bu da ona maddi ziyan vurduğunu və ondan pul aldığı halda torpaq sahəsini vermədiyini təsdiq edir. Bütün bu məsələlər isə onun konstitision hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarmışdır. Belə ki, pul ödəyərək torpaq sahəsi aldığı təqdirdə bu torpaq ondan başqa şəxslərə də satılmışdır. Bu şəxslər isə iş üzrə cavabdeh olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Azərbaycan Respublikası Konstitusiyanın bir sıra maddələrində də bu məsələ öz əksini tapmışdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, hal-hazırda həmin torpaq sahəsində Mahir və Hacı yaşayır. Bağçılıq kitabçası hal-hazırda onda deyil, bağçılığın sədri ondan almış və əvəzində akt vermişdir. Torpaq sahəsində yaşayanlara ordan çıxmaqlarını tələb etsə də, onlar Laçın rayonundan məcburi köçkün olmalarını və burda müvəqqəti yaşadıqlarını bildirdilər. Tanrıverdi Pur-Hüseyn Hənifə oğlu bağçılığın sədridir. Cavabdeh5 torpağı satan şəxsdir. Torpaq sahəsinin sənədini Hüseyn ondan alıb, əvəzində akt yazıb ona təqdim etmişdir. Bildirmişdir ki, torpaq sahəsi kanalizasiyaya düşür. Torpaq sahəsini iş yoldaşından almışdır. Üzərində 4x5 tikili var idi, Həmçinin torpaq sahəsi dəmir setkalarla əhatələnmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Torpağı 2 qonşu almışdırlar. Sol tərəfində Vüqar almışdı, sağ tərəfində isə əkin sahələri idi. Bir müddət sonra görmüşdürlər ki, iddiaçı gəlib qonşuluqda olan torpaqlara baxır. Nə lazım olduğunu soruşanda ona demişdir ki, qarşıdakı torpaq onundur və ora baxır. Xeyir-dua verib getmişdir. İndi isə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Torpaq sahəsi bağ sənədi əsasında onlara məxsusdur. Həmin sənədi onlara Hüseyn adlı şəxs vermişdir. Torpaq sahəsini Sahibdən almışdır. Torpaq sahəsini 2015-ci ildə almışdır.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 1 il yarım əvvəl Könül xanım adlı şəxsə pul verib ev almışdır. Oraya köçmüşdür. Yalnız bağ sənədi var. Əlavə heç bir məlumatı yoxdur.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 izahatında bildirdi ki, iddiaçıya demişdir ki, üzvlük kitabçasını göstərsə, bağın yerini göstərəcək. Ona gəlib dedi ki, 28 ildir bağ sahəsi var. Oranı istəmişdir. Ondan bağçılıq kitabçasını istəyəndə kitabçanı itirdiyini bildirmişdir. Arxivə baxmış, iddiaçı ilə bağlı sənədləri tapmamışdır. Ona görə də ona geri qaytarmışdır. İddiaçının qeyd etdiyi bağın sahibi Alıyev Hüseyn adlı şəxs olub. O, Laçın rayonundan məcburi köçkün olmuşdur. Həmin şəxslər 2007-ci ilə kimi həmin bağ sahəsində heyvan saxlayırılar. Aktla bağlı bildirmişdir ki, akt nümunəsi yazıb vermişdir. Ora imza atmamışdır.

Tədqiq olunan sübutlar:

7. X14, Cavabdeh5 və X7 adından tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətində qeyd edilmişdir ki, bağ qonşuları olan İddiaçı “Xəzər” bağları ərazisində qayınatası X9 ilə birlikdə 1200 kv.m-dən ibarət bağları olmuşdur, bir neçə il bundan əvvəl bağlar ərazisindən kanalizasiya xətti çəkilərkən İddiaçı və qayınatası X3 bağları plana düşərək sökülmüşdür.

8. X15, X17, X8, X10 və X1 adından tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, 1992-ci ildə İddiaçı “Xəzər” bağlarında aldığı 12 sot bağını su basandan sonra 2007-ci ildə onlar bir yerdə gedib görmüşdürlər ki, su çəkilmiş, 10 sot İddiaçı torpaq sahəsi dəmir setkaya alınmış, sol tərəfdə 2 sota yaxın sulu yer qalmış, İddiaçı 2 gün müddətində 1 kamaz karbitin atxodunu gətirib ora dağıtmış və qırağına dəmir turba basdırmışdır.

9. X21, X8, X10, X12, X13 və X22 tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il aktın surətində qeyd edilmişdir ki, İddiaçı indiki Simurq şadlıq sarayı istiqamətində 1992-ci ildə Xəzər bağlarında dənizə tərəf axırıncı sol tərəfdə olan 12 sot bağ sahəsini almış, bağın içində 10 kv.m kərpicdən ev, 5 tonluq maşın çəni, su xətti, ağac növləri su hovuzu və bağın içində lazım olan alətlər olmuş, hasar köhnə dəmir lövhələrdən olmuş, ora su basana kimi dəfələrlə həmin bağda olmuşdurlar.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X5 cavabdehlər Cavabdeh4 oğlundan və Cavabdeh5 müştərək qaydada 20000 manat məbləğində (hər birinə 10000 manat olmaqla) dəymiş maddi ziyanın və məhkəmə xərclərinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

11. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1741 nömrəli arayışdan görünür ki, Xəzər bağçılıq yoldaşlığı cəmiyyəti ərazisində İddiaçı adına heç bir bağ sahəsi qeydə alınmamışdır.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

16. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

18. Belə ki, baxılan iş üzrə iddiaçı iddia ərizəsində göstərir ki, Sumqayıt şəhəri “Xəzər” bağlarında 12 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bu səbəbdən cavabdehlər tərəfindən torpaq sahəsinin boşaldılmasına dair tələblə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

20. Hazırki işdə iddiaçı məhkəmə iclasında sözügedən bağ sahəsinin ona bağçının üzvlük kitabçası əsasında məxsus olduğunu bildirmişdir. Lakin onun tərəfindən məhkəməyə bağçının üzvlük kitabçası, eyni zamanda adının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmasını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir.

21. Məhkəməyə təqdim edilmiş aktlar isə torpaq sahəsinin iddiaçıya ayrıldığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Beləliklə iddiaçı tərəfindən məhkəməyə sözügedən torpaq sahəsinin ona ayrılmasına, habelə onun qanuni istifadəsində, sahibliyində, mülkiyyətində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı qeyd edilən 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. Beləliklə iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquq sahibi olması müəyyən olunmadığından və bununla da onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz.

25. Bundan başqa iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı İmda oğlunun iddia etdiyi Sumqayıt şəhər Xəzər bağları massivində 12 sotdan ibarət torpaq sahəsinin ona məxsus olması iş materialları ilə sübuta yetirilmədiyindən və iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 1952-ci il tarixdə anadan olmuş Cavabdeh4 və xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh5 Sumqayıt şəhəri, “Xəzər” bağlarında ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsinə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 1952-ci il tarixdə anadan olmuş Cavabdeh4 və xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh5 Sumqayıt şəhəri, “Xəzər” bağlarında ona məxsus olan 12 sot torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsinə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar