Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5264/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə (açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi:
1. Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mediasiya reyestrində M-00526 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Qarşı tərəf bağlanmış sazişi icra etmir. Bununla əlaqədar olaraq qarşı tərəfə sazişin icra olunması ilə əlaqədar pretenziya məktubu göndərib. Pretenziya məktubunda qeyd edib ki, “barışıq sazişi üzrə üzərinizə götürdüyünüz öhdəliyi pretenziya məktubu aldığmız gündən 3 gün müddətində icra edəsiniz”. Lakin maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir.
b) məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə aralarında olan nikah pozulub, artıq onlar boşanıblar. Uşaq onun himayəsindədir. Hazırda tələbi birgə nikah dövründə alınmış ev və alimentlə bağlıdır. O, cavabdehin övladları ilə görüşməsinə maneçilik törətməmişdir. Əgər, qarşı tərəf uşaqla görüşmək istəyirsə, məhkəməyə müraciət etsin. Məhkəmənin müəyyən etdiyi günlərdə uşaqla görüşsün. Həmçinin bildirdi ki, Göyçaydakı evə gəlin düşmüşdür. Həmin evin sənədi olmamışdır. Bu hallar məhkəmə tərəfindən araşdırıla da bilər. Daha sonra həmin ev birgə nikah dövründə satılmış, Saray qəsəbəsində ev alınmışdır. Həmin evdə onun və uşağının haqqı var. O, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini istəyir. Cavabdehin qeyd etdikləri ilə razı deyil. Həm uşağın saxlanılması üçün aliment, həm də birgə nikah dövründə alınmış evdən payı verilməlidir. Ərizəçi qeyd edilənlərə əsasən tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə dair izahat verərək bildirdi ki, o ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etiraz edir. Belə ki, o, sözügedən barışıq sazişinin mahiyyətini tam başa düşmədən imzalamışdır. Hazırda aliment ödəməyə onun maddi imkanı yoxdur. Bundan başqa ərizəçiyə ev versə, aliment ödəmək fikri yoxdur. Əgər aliment versə, onda evlə bağlı məsələni qəbul etmir. Qeyd edir ki, ərizəçi Göyçay rayonunda olan evə gəlin düşüb. Həmin ev satılıb və əldə edilən vəsait hesabına Sarayda ev tikilib. Onu da bildirir ki, Göyçayda olan ev nikahdan əvvəl alınıb. Həmin evdə ərizəçinin heç bir haqqı yoxdur. Öz zəhməti hesabına o evi tikmiş, əldə olunan pula yeni ev almışdır. Bununla bağlı şahidlər gətirə bilər. Həmçinin, qeyd etdi ki, uşağı ilə sərbəst görüşə də bilmir. Ərizəçi maneə yaradır. Qeyd etdikləri halların məhkəmə tərəfindən araşdırılmasını xahiş edir.
5. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları:
6. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli barışıq sazişindən görünür ki, 1. Tərəflər Maraqlı şəxs və Ərizəçi barışıq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 2395 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək. 2. Tərəflər Maraqlı şəxs və Ərizəçi birgə nikahdan oian xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. 3. Maraqlı şəxs övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq anası Ərizəçi ödəmək barədə öhdəlik götürür. 4. Ərizəçi övladı xx.xx.2018-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. 5. Tərəflər mediasiya prosesində birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış evinin satıldıqdan sonra əldə edilmiş pul vəsaitinin ikidə bir hissəsini Ərizəçi verilməsi barədə razılıq əldə etdilər.
7. Xəbərdarlıq məktubundan və poçt qəbzindən görünür ki, Ərizəçi barışıq sazişini icra etməyəcəyi halda məhkəməyə müraciət edəcəyi barədə Maraqlı şəxs bildiriş ünvanlamışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 iyun 2022-ci il tarixli Qərarı: “... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur.”
10. “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərardadı: “...
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
24. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur.
25. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. ...
30. Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir. ...
47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.”
c) məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli barışıq sazişi imzalanmışdır. Sonuncu barışıq sazişini icra etmədiyindən ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
13. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişinin nikah və uşaq tələbi ilə bağlı müddəaları mülki məhkəmə icraatı qaydasında həll edilmişdir. Ərizəçi barışıq sazişinin 3-cü və 5-ci bəndlərinin maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyini, uşağın atası ilə görüşünə mane olmadığını, lakin maraqlı şəxsin məhkəmə qaydasında müraciət edərək görüş günü təyin edilməsini bildirmişdir. Maraqlı şəxs isə həmin sazişin 4-cü bəndinin ərizəçi tərəfindən icra edilmədiyini, ərizəçinin uşaqla görüşə mane olduğunu, mənzili birgə nikah dövründə əldə edilməyən digər əmlakı satmaqla əldə etdiyini, ona görə də birgə nikah dövründə əldə edilən əmlak sayılmadığını, bu halların araşdırılması zərurəti olduğunu, həmçinin, barışıq sazişini mahiyyətini tam başa düşmədən imzaladığını bildirərək, sazişdə əks olunan şərtlərlə təsdiq edilməsinə etiraz etdiyini bildirmişdir.
15. Qanunvericiliyin tələbinə görə barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Lakin hazırkı məhkəmə iclasında barışıq sazişinin hər bir tərəfə aid bəndlərində ciddi fikir ayrılıqları olduğu, sazişin bütövlükdə və ya hər hansı hissəsinin təsdiq edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, maraqlı şəxs barışıq sazişinin ya 3-cü, ya da 5-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir ki, bu tələbə ərizəçi etiraz etmişdir. Bu hal isə xüsusi icraat qaydasında baxılan “barışığ”ın mahiyyətini itirdiyini və məsələnin mübahisəli hüquq münasibətinə çevrildiyini göstərir ki, bu da barışıq sazişinin təsdiq edilməsi prosedurunun məqsədinə uyğun deyildir.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə əsassız hesab edilərək təmin edilməməli, tərəflərə aliment, uşaqla ünsiyyət və əmlak tələbi ilə bağlı ayrıca mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir.
17. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ərizə təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi:
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02523 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva