Məhkəmə qərarları › İş №2(060)-5267/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5267/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5267/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 15.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda ünvan 2anında yaşayır. X2 onun həyat yoldaşıdır. 15.05.2021-ci ildə həyat yoldaşı Bakı şəhərində yaşadığı evdə vəfat etmiş, 16.05.2021-ci ildə Xocəsən qəbirstanlığında dəfn etmişlər. Lakin bu günə kimi həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, həyat yoldaşının ölümünün qeydiyyata alınması və ölüm haqqında Şəhadətnamənin verilməşi üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir, qeyd edir ki, faktın müəyyən olunması ona, ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşıdır, sonuncu ilə həmdə Bakı şəhərində Sabunçu rayonu ərazisində qonşu yaşayırlar. 15 may 2021-ci il tarixdə qardaşı Şəfiqin evində səs-küy eşidib oraya getdikdə Şəfiqin arvadı Zümrüdün səhhətinin qəfildən pisləşdiyini görmüş, təcili yardım çağrılmış, lakin təcili yardım briqadası gələnədək Zümrüd vəfat etmişdir. Zümrüd əvvəllər ürək xəstəliyindən əziyyət çəkmişdir. X6 kənd qəbirstanlığından dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi ilə Bakı şəhərində qonşudurlar və bir-birlərinin evlərinə gedib-gəlirlər. Ərizəçinin arvadı X5 da qonşu kimi tanımışdır. 15 may 2021-ci il tarixdə Şəfiqgildə səs-küy eşidib onlara getdikdə Zümrüd Xəlilovanın qəfildən səhhətinin pisləşərək vəfat etdiyini görmüşdür. X5 Xocəsən kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İİ-JQ seriyalı 444893 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X2 arasında 01.07.1981-ci il tarixdə nikah bağlanmışdır. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 25.05.2021 il tarixli 05/Q-1358/15 saylı məktubundan görünür ki, Ərizəçi həyat yoldaşının ölümünü təsdiq edən sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Xocəsən kənd məscidinin dini icmasının sədri tərəfindən verilmiş arayışdan görünür ki, X2 15 may 2021-ci il tarixdə vəfat etmiş və Xocəsən qəbiristanlığında 16 may 2021-ci il tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, 03.11.1955-ci ildə anadan olmuş X1 15.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı araşdırılan sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03.11.1955-ci ildə anadan olmuş X1 15 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar