Məhkəmə qərarları › İş №2(060)-5307/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5307/2023

02.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5307/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinə qarşı «ödənilməyən əmək haqqının və vurulmuş zərərin tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməyən əmək haqqına görə 4200 (dörd min iki yüz) manatın və səhhətinə vurulan zərərə görə 5000 (beş min) manatın, cəmi 9200 (doqquz min iki yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5307/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-yə aid olan Sumqayıt Melioservis İdarəsində əmək müqaviləsinə əsasən işləmişdir. xx.xx.2019-cu ildə kran sürücüsü kimi işə qəbul edilmiş, həmin Cəmiyyətdə xx.xx.2022-ci ilə qədər işləmişdir. xx.xx.2022-ci ildə idarənin rəisi X3 göstərişi ilə Sumqayıt Melioservis İdarəsinə birləşdirilmiş Şirvan şəhərində yerləşən Meliorasiya Mexaniki Təmir X1 qəsəbəsində yerləşən anbarına idarə etdiyi “Kamaz” manipulyator markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bəzi dəzgah və aparatları daşımaq üçün getmişdir. Həmin dəzgah və aparatları gətirmək üçün idarə etdiyi maşına idarə tərəfindən xx.xx.2022-ci il tarixlərinə 01AA seriyalı “Yük avtomobilinin Yol vərəqəsi” verilmişdir. Daşınmanı icra edən zaman xəsarət almış, sol əlin üçüncü barmağı sınmış, digər iki barmaqlar əzilmiş, sinəsi əzilibdeşilmiş, kürək hissələrində uzun müddət ağrılar əmələ gəlmişdir. Bildirir ki, Şirvan şəhərinə yük aparan zaman o, ödənişsiz, məzuniyyətdə olmuşdur. Beləki xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər iş yeri üzrə rəhbərliyin əmri ilə öz hesabına məzuniyyətə buraxılmışdır. Hadisə baş verən zaman yəni, xx.xx.2022-ci ildə idarənin rəisi tərəfindən işə çağrılmış və Şirvan şəhərinə idarə etdiyi avtomaşınla göndərilmişdir. İşə çağrılan günü rəis İmanlıya bildirmişdir ki, xx.xx.2022-ci ildən 31,03.2022-ci ilə kimi ödənişsiz məzuniyyətdədir, əmri ləğv et, sonra işə çıxar. Cavabında ona bildirmişdir ki. işinə davam et, nə olsa cavabdehdir. O, də işini itirməmək naminə “Yol vərəqəsi alaraq” Şirvan şəhərinə yük gətirmək üçün getmişdir. Aldığı xəsarətlər nəticəsində uzun müddət yataq xəstəsi olmuşdur. İş zamanı yıxılmağına “yükləmə-boşaltma işlərinin görülüməsi zamanı əməyin təhlükəsizliyi qaydaları ilə təlimat keçmədiyi, xüsusi geyim, o cümlədən ayaqqabı ilə təchiz, olunmadığı” səbəb olmuşdur. Bunu "Əməyin təhlükəsizliyinin tədqiqi ekspertizası”nın xx.xx.2022-ci il tarixli, 10/4489 saylı rəyi təsdiq edir. İş zamanı işəgötürənin təqsiri üzündən xəsarət almağına baxmayaraq iş yeri üzrə rəhbərlik ona “İstehsalat zədəsi” aktını verməmiş və verməkdən imtina etmişdir. Halbuki AR-sı Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı qərarının 2.6-cı bəndinə görə “Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlərə görə İZ formalı akt tərtib olunmalı və onun 1 nüsxəsi mütləq zərərçəkənə verilməlidir”. Bir daha bildirir ki, iş zamanı xəsarət almağı və xəsarət almağının səbəbləri Şirvan şəhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla təsdiq edilmişdir. İş zamanı aldığı xəsarət nəticəsində sol əlinin 3 barmağı öz funksiyasını itirmişdir. Həmçinin aldığı xəsarət nəticəsində sinəsində və kürəyində uzun müddət ağrılar olmuşdur və bu ağrılar hal-hazırda da davam edir. Səhhətinin pozulması ilə əlaqədar olaraq cavabdeh ona heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh tərəfindən əməyin mühafizə normalarının pozulması, texniki təhlükəsizlik norma və təlimatlarına əməl olunmaması səbəbindən iş zamanı xəsarət almışdır. İş yeri üzrə rəhbərlik 2022-ci ilin aprel ayında onu xəbərdar etmədən işdən çıxarmışdır. Nəticədə 1 ildir ki, işsizdir. Hesab edir ki, işdən azad edilən tarixdən keçən 12 ay ərzində onun əmək haqqı cavabdeh tərəfindən ödənilməlidir. Onun əmək haqqının əmək müqaviləsinə əsasən hər ay 350 manat olmuşdur. 1 il ərzində cavabdeh ona 4200 manat (350x12 ay) əmək haqqı ödəməli, aldığı xəsarətə görə əlavə 5000 (beş min) manat kompensasiya ödənişi etməlidir. İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə etdiyini və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının vəzifəsi sürücü olmuşdur. Ona hər hansısa bir yükü yükləmək, bağlamaq tapşırığı verilməmişdir. Şirvan şəhər xəstəxanasında iddiaçıya barmağının çıxıq olduğu diaqnozu qoyulmuşdur. İddiaçının qeyd etdiyi kimi hər hansı sınıq əlaməti olmamışdır. Bundan əlavə olaraq iddiaçının heç bir yerində xəsarət qeydə alınmamışdır. Onunla 22 aprel tarixində 1 illik müqavilə bağlanılmış, 1 il sonra isə müqavilənin müddəti bitdiyinə görə işdən azad olunmuşdur. Şəxs qərəzli olaraq və ya xəsarət aldığına görə işdən azad olunmamışdır. Buna görədə hesab edir ki, tələb etdiyi kompensasiya əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabla bağlı ödəniş ona tam olaraq ödənilmişdir. Belə ki, müqaviləyə xitam verilən zaman iddiaçıya son haqq-hesab hesablanaraq 191 manat 85 qəpik ödənilmişdir. Daha sonra Əmək müfəttişliyi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, son haqq hesab 52 manat 91 qəpik az ödənilmişdir. Bundan sonra cavabdeh tərəfindən həmin məbləğ də iddiaçıya ödənilmişdir. Beləliklə iddiaçıya ümumilikdə 251 manat 89 qəpik ödənilmişdir. Bundan əlavə, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X8 məhkəmədə iştirak edən zaman bildirmişdir ki, iddiaçı tərəfindən əmək hüquqlarının pozulması barədə onlara ərizə ünvanlanmışdır. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının əmək müqaviləsi bitdiyinə görə işdən azad olunmuşdur. Eyni zamanda müqaviləyə xitam verilməsi ilə əlaqədar olaraq işdən azad olunan zaman son hesabat aparılmamışdır. Bununla əlaqədar olaraq işəgötürən barədə inzibati tənbeh tətbiq olunmuşdur. İddiaçının xəsarət alması barədə onlar Şirvan şəhər xəstəxanasına müraciət etmişlər. Cavab olaraq iddiaçının barmağının çıxmasını, eyni zamanda onun öz şəxsi maşınından yıxıldığını bildirdiyini qeyd etmişdirlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Şirvan Şəhər Prokurorluğunun İddiaçı ünvanladığı məktubdan görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, O.Y.İmanlı barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işlər başlanılmamış, zərərin əvəzinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Melioservis İdarəsinin rəisi X5 barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş başlanıla bilməz. İddiaçı zərərin əvəzinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İşə əlavə olan Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti Sumqayıt Melioservis İdarəsinin xx.xx.2022-ci il tarixli, 16 №-li əmrdən görünür ki, İddiaçı 22 aprel 2022-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilərək onunla bağlanmış 22 aprel 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün 21 təqvim günü hesabı ilə 33 (otuz üç) təqvim günü üçün kompensassiya ödənilməklə son haqq-hesab aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayon Ceyranbatan qəsəbəsi sakini İddiaçı xx.xx.2022-ci il tarixində Şirvan ŞMX-nın Acil bölməsinə “Sağ əlin İİİ barmağın çıxdığı” diaqnozu ilə daxil olmuş, ambulator yardım almışdır. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN №1065838 saylı qərarının surətindən görünür ki, X6 AR ƏM-in 172.4-cü maddəsinin tələbini pozaraq İddiaçı işdən çıxarkən ödəniləcək ödənc xx.xx.2023-cü il tarixədək ödənildiyi üçün X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt Melioservis İdarəsi X2 surətindən görünür ki, İddiaçı ödəniləcək son haqq-hesab məbləği olaraq 251,89 manat ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş 4200 manatın və sağlamlığa vurulan ziyanın əvəzi kimi 5000 manat ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə müəyyən edildi ki, İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabla bağlı ödəniş ona tam olaraq ödənilmişdir. Belə ki, müqaviləyə xitam verilən zaman iddiaçıya son haqq-hesab hesablanaraq ümumilikdə 251 manat 89 qəpik ödənilmişdir. Belə olan halda məhkəmədə iddia tələbini əsassız hesab edir. Hesab edir ki, iddiaçı tərəf iddia tələbi üzrə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinə qarşı «ödənilməyən əmək haqqının və vurulmuş zərərin tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar