Məhkəmə qərarları › İş №2(060)-5397/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5397/2021

18.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5397/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mərhum həyat yoldaşı X4 ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum həyat yoldaşı X4 27.02.2021-ci ildə Bakı şəhərində vəfat etməsi barədə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 27.02.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həmin tarixlərdə dəfn mərasimi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnaməni ala bilməmişdir. Bununla əlaqədar qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı tərəf 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X8 ifadə verərək bildirdi ki, Ərizəçi onun dostudur. X2 qazdan boğulub ölmüşdür. Mərhumun dəfnində olmamış, lakin qırx mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X6 ifadə verərək bildirdi ki, o, Salyan rayonunda yaşayır. X2 onun xalasıdır. Mərhumun Salyan rayonunda dəfnində və üç mərasimində, eləcə də Bakı şəhərində keçirilən digər mərasimlərdə iştirak etmişdir. Məhkəmədə şahid X10 ifadə verərək bildirdi ki, mərhum onun anasıdır. Hamamda qazdan boğulub ölmüşdür. Həmin vaxt təcili-tibbi yardıma zəng etmiş, onlar gələndə artıq gec olduğunu, anasının öldüyünü bildirmişlər. Təcili-tibbi yardım anasının ölümü ilə bağlı arayış verməmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 arasında 08.02.2005-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 190 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əsədova soyadı verilmişdir. - Sabunçu RİHB-nin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi Elnur Hüseynov tərəfindən verilmiş 21.05.2021-ci il tarixli, 565 №-li arayışdan görünür ki, X7 27.02.2021-ci il tarixdə vəfat etmişdir və vəfat edən günə kimi Kürdəxanı qəsəbəsi, M.Araz küçəsi 2-ci döngə ünvanında qeydiyyatsız yaşamışdır. - Salyan rayon Yolüstü bələdiyyəsinin sədri L.Qəmbərov tərəfindən verilmiş, 31.03.2021-ci il tarixli, 06 №-li arayışdan görünür ki, 29.05.1965-ci il tarixdə Salyan rayon Qaraçala qəsəbəsində anadan olan X4 nəşi 28.02.2021-ci il tarixdə Salyan rayon Yeni Uluxanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. X1 qəbri hal-hazırda Salyan rayon Yeni Uluxanlı kənd qəbiristanlığında yerləşir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin 07.04.2021-ci il tarixli, 05/Q-341/15 saylı məktubundan görünür ki, Ərizəçi X4 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı şəhəri, Sabunçu Rayon Prokrorluğunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və X5 Stansiyasının 14 saylı bölməsinin müdirinə ünvanlanmış 06.03.2021-ci il tarixli məktubundan görünür ki, 29.05.1965-ci ildə Salyan rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 49, mənzil 44-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingiliyi yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış X4 adına 27 fevral 2021-ci il tarixdə BŞT və TTYS 14-cü bölmənin həkim briqadası çağırışda olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin mərhum həyat yoldaşı X7 27.02.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və 28.02.2021-ci il tarixdə Salyan rayon Yeni Uluxanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun həyat yoldaşı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, 29.05.1965-ci il təvəllüdlü X4 27.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29.05.1965-ci il təvəllüdlü X4 27.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar