Məhkəmə qərarları › İş №2(060)-5451/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5451/2025

02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5451/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, 40-cı məhəllə, Bakı küçəsində yol-nəqliyyat hadisəsində iştirak etmişdir. Həmin hadisə zamanı Cavabdeh, idarə etdiyi nəqliyyat vasitəsiylə vətəndaş X5 məxsus “Hyunday- Santafe” markalı, **-EZ-*** nömrəli nəqliyyat vasitəsinə arxadan çırpılmış və həmin nəqliyyat vasitəsi də aldığı zərbə nəticəsində mənə məxsus “Toyota-corolla” markalı **- DH-*** nömrəli nəqliyyat vasitəsinə arxadan çırpılaraq, zəncirvari qəza törədilmişdir. Qəzanın törədilmə vaxtı mənə və vətəndaş X5 məxsus nəqliyyat vasitələri yaşadığım binanın qarşısında yol kənarında müvəqqəti parklanma vəziyyətində olmuşdur. Törədilmiş avtoqəza nəticəsində hər iki avtomobilə ciddi maddi zərər dəymişdir. Hadisə ilə bağlı Sumqayıt Şəhər Dövlət Yol Polisi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə rəsmiləşdirilmiş və təqsirkar şəxs müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh şəxs vətəndaş Cavabdeh idarə etdiyi avtomobil, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “İcbari Sığorta” edilməmiş və sürücülük hüququ olmayan şəxs tərəfindən idarə edilmişdir. Təqsirkar şəxs haqqında inzibati protokol tərtib edildi, lakin polis tərəfindən hansı tədbir görülməsi barədə məlumatım yoxdur. Hadisə törədilmə vaxtı istirahət gününə təsadüf etdiyi üçün 2 gün sonra növbəti iş günündə iddiaçı Sumqayıt Şəhər Dövlət Yol Polisinə gedib izahat verərkən, iddiaçıya avtoqəzanı törədən şəxsin tapılıb barəsində tədbir görüləcəyi barədə məlumat verildi və bir müddət sonra hadisə barədə tərtib edilmiş sənədlər iddiaçıya göndərilərək, dəymiş maddi ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etməyi izah edilmişdir. Nəticədə iddiaçıya maddi ziyan dəymiş və avtomobilinin bərpası üçün “X9” tərəfindən təqdim edilmiş qiymət çıxarışına əsasən ümumilikdə 280 manat pul vəsaiti tərəfimdən xərclənmişdir. Göstərilənlərə əsasən, Cavabdeh barəsində dəymiş maddi zərərin 280 manat məbləğində pulun və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra iddiaçı X4 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, iddiaçının əsl İddiaçı ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İşin materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, ** NG *** dövlət qeydiyyat nişanlı, “Ranault Tondar 90 minik” markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus olan ** DH *** dövlət qeydiyyat nişanlı, “X7” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2032-ci il tarixədək X2 istifadəsinə (idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) vermişdir.

10. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 141-150 saylı arayışın surətindən görünür ki, Cavabdeh sürücülük vəsiqəsinin olub-olmaması DYPŞ-nin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, onun sürücülük hüququ olmamışdır.

11. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1696/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il, saat 16:30 tarixindən hesablanması, qərarın icrasının Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilməsi, qərarın dərhal icra edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilən Cavabdeh Şimal Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə cəmi 33 manatın dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır.

12. Həmin qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyədək icraat zamanı verdiyi izahatında bildirmişdir ki, istifadəsində olan etibarnamə ilə idarə etdiyi “Toyota corolla” markalı **-DH-*** nömrə nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində yaşadığı binanın qarşısında saxlayan zaman təxminən saat 19:30 radələrində “Renault” markalı avtomobilin sürücüsü onun maşınının arxasında dayanmış vəziyyətdə olan “Hyundai Santafe” markalı avtomobilin arxasından vurdu, o da zərbədən onun maşınının arxa hissəsinə dəymişdir. Hadisə zamanı avtomobilinə maddi ziyan dəymişdir. İlkin dəyərləndirməyə əsasən 250 iki yüz əlli) manat dəyərində ziyan onun avtomobilinə dəymişdir. Hadisəni törədən şəxs təmir barədə tədbir görmədiyi üçün şikayətçidir.

13. İş materiallarında olan “X9” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nöqsan aktının suətindən görünür ki, “Toyota Corolla” (ili 2006) markalı, dövlət qeydiyyat nişanı **- DH-*** olan SB1KC20E10F059762 ban nömrəli avtomobilə servisin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Avtomobilin keçirdiyi avtoqəzadan aldığı zədələrə əsasən təmir xərci aşağıdakı məbləğdə təyin edilmişdir. Arxa buferin alt panelin düzəldilməsi – 50 manat, arxa buferin sökülüb yerinə bağlanması – 30 manat, usta rəngsaz – 100 manat arxa bufer, arха qapının rəngsiz təmiri – 100 manat olmaqla, cəmi 280 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə idarə etdiyi (sürücülük vəsiqəsi olmadan) ** NG *** dövlət qeydiyyat nişanlı, “Ranault Tondar 90 minik” markalı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçıya məxsus “Toyota Corolla” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.

22. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

24. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar