Məhkəmə qərarları › İş №2(060)-550/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-550/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-550/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X19 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X35, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı X12, nümayəndəsi və vəkili X33 və Cavabdeh2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdehlər-iddiaçı X12 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə və cavabdeh-iddiaçı X7 iddiaçı-cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı cavabdehlər X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X12 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmaları və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 iddiaçı-cavabdeh İddiaçı və 3-cü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kotoruna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum bacısı X10 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı ev vərəsəlik qaydasında, vəsiyyətnamə üzrə ona məxsusdur. Potensial mülkiyyətçidir. İllərdir ki, o, faktiki olaraq yoldaşı və qızı ilə birlikdə o evdə yaşayır. Evin mülkiyyətçisi, vəsiyyət edən şəxs X8 21 avqust 2020-ci il tarixdə saat 23:30-da X42 Xəstəxanasında ölmüşdür. O, öləndən bəri cavabdehlər onları evə qoymurlar, onlar evə getdiklərində onları evdən şiddətli formada qovurlar və onlar cavabdehlə bacara bilmirlər. Özünü Mahirə kimi təqdim edən həmin şəxs onu qonşuların içində biyabır edir, təhqir edir və s. yollarla onların evə girməyinə maneçilik törədir. Qeydiyyatı da həmin evədir. Bütün əşyaları, mebelləri və geyim əşyaları və s. hamısı o evdə qalıb. Pal-paltarsız, evsiz-eşiksiz çöllərdə qalıblar. Onun həyatı təhlükə altındadır, o, özünü artıq qoruya bilmir. Evinə hər getmək istədiyində onu min bir yolla evdən qovurlar. Cavabdehlər heç vaxt bu evdə yaşamamışlar və bu evə heç bir qeydiyyatları da yoxdur. Qeyd etdiyi kimi həmin evdə onun əşyaları-mebelləri, geyim əşyaları və s var. Başqa qalacaq yeri də yoxdur. Günlərdir ki, küçələrdə qalmaq məcburiyyətindədirlər. Polisə bu barədə müraciət etsələr də, mülki qaydada baxılmalı olduğundan məhkəməyə iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərindən də göründüyü kimi mənzilin cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir və onun həmin evdən istifadə hüququ da var və o, ora köçürülməlidir. O, potensial mülkiyyətçi və illərdir ki, həmin ünvanda qeydiyyatda olan və yaşayan şəxsdir. Evlə bağlı çıxarışı olmasa da, evə dair vəsiyyətnaməsi mövcuddur. Hesab edir ki, mübahisəyə qanunun analogiyası qaydasında xüsusi mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə və digər hüquqlarla ilə əlaqədar münasibətləri tənzimləyən hüquq normaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri tətbiq olunmaqla iddia tələbim təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X12 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmaları və onun həmin evə köçürülməsi, qarşılıqlı iddia tələbinin qanunsuz əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X35 iddiaçının izahatına uyğun izahat verərək, ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, qeyd edilən mübahisəli torpaq sahəsini onun mərhum anası almış, lakin bacısı Baxtıgül inad etdiyi üçün onun adına rəsmiləşdirmişdir. Bacısı anası ilə bu evdə yaşamış, həmişə psixologi problemlərdən əziyyət çəkmiş, normal dərketmə və fikir yürütmə qabiliyyəti olmamışdır. Məhz bu səbəbdən də o, həmişə aldadılmaya meyllli olmuşdur. Belə ki, o bir dəfə də 26 may 2014-cü il tarixdə ömürlük renta müqaviləsinə əsasən qeyd edilən evi X25 adına rəsmiləşdirmiş, lakin 28 noyabr 2014-cü ildə onlar bundan xəbər tutan kimi müraciət edərək həmin müqaviləni ləğv etdirmişlər. Mərhum bacısının bir daha belə aldadılmaması üçün o, mütəmadi olaraq onu nəzarətdə saxlamışdır. Hazırda iddia qaldıran şəxs İddiaçı bu evə kirayəçi kimi daxil olmuş və yaşamışdır. Lakin cavabdeh onların xəbərləri olmadan bacısının psixi xəstəlikdən əziyyət çəkməsindən istifadə edərək onu notariat kontoruna aparmaqla ondan öz adına vəsiyyətnamə almışdır. Belə bir vəsiyyətnamənin verildiyini o, hazırki iddia ərizəsinin surətini alan vaxt bilmişdir. Onun bacısı imzaladığı sənədin mahiyyətini başa düşmək iqtidarında olmamışdır. O sağlığında dəfələrlə yaşadığı psixoloji problemlərlə bağlı müalicələr almış və onun xəstə olduğunu bütün ətraf qohum-qonşular da təsdiq edə bilər. O, həmişə bacısının yanında olmuş və o, bir dəfə də olsun ona deməmişdir ki, kiməsə belə bir vəsiyyətnamə verib. Qarşı tərəf həmin vəsiyyətnaməni aldıqdan sonra bunu onlardan gizlətmiş və bacısının ölümündən sonra evin ona vəsiyyət edilməsini irəli sürərək ona qarşı bu iddia tələbini qaldırmışdır. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini və qarşlıqlı iddia tələbi təmin edilərək, Sumqayıt şəhər Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum bacısı X10 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili X35 qarşılıqlı iddia tələbinə qarşı etirazını onunla əsaslandırdı ki, iddiada iddiaçı qeyd edir ki, bacısı anasıyla birlikdə bu evdə yaşamış, həmişə psixoloji problemlərdən əziyyət çəkmiş, normal dərketmə və fikir yürütmə qabiliyyəti olmamışdır. Məhz bu səbəbdən də o, həmişə aldadılmaya meyilli olmuşdur. Bununla bağlı onu nəzərə çatdırmaq istəyir ki, vəsiyyətnaməni verən şəxs kifayət qədər ağlı yerində olan, öz hərəkətlərinin mənasını başa düşən şəxs olmuşdur. Bu faktı sübut edən Sumqayıt 3 nömrəli şəhər poliklinikasının Baş həkimi tərəfindən vəkil sorğusuna gələn cavab məktubundan da görünür ki, X9 poliklinikanın psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. Belə bir qeydiyyatı olmayan, bir dəfə də olsun belə bir xəstəliyi olmamış şəxs necə ola bilər ki anlaqlı olmasın. Bundan başqa cavabdeh yazır ki, aldadılmaya meyilli olmuşdur. Bir dəfə də renta müqaviləsinə əsasən qeyd edilnən evi başqa bir şəxsin adına rəsmiləşdirmiş, lakin 28 noyabr 2014-cü ildə cavabdehlər bundan xəbər tutan kimi müraciət edərək müqaviləni ləğv elətdirmişlər. Qeyd edir ki, bu əsassız olan bir müqavilə deyil. Bütün bunlardan açıq-aydın görünür ki, bacısı və digər qohumları tərəfindən baxılmayan, qulluğa, yaxınlığa ehtiyacı olan bir qadın, ona bir doğması qədər qayğı göstərən, onun səhhətinin qeydinə qalan şəxslərə öz evini etibar etmiş və öləcəyi təqdirdə ona vəsiyyət etmişdir ki, onun mülkiyyətinə keçsin. Bununla bağlı sual yaranır ki, bu müqavilədən necə xəbər tutmuşlar və nə üçün bu günə qədər, bu 6 ildə bir dəfə də olsun bu vəsiyyətnamədən də xəbər tuta bilməmişlər. Bundan başqa iddiada qeyd olunur ki, belə aldadılma yaşamaması üçün bacısını mütəmadi nəzarətdə saxlamışdır. Mütəmadi olaraq nəzarətdə saxlandan şəxs necə ola bilər ki, bir dəfə də olsun, vəsiyyətnamədən söhbət açmamış, gələn kirayəçilərin ondan istifadə etdiklərini, ona hansısa təsirlərin edildiyini doğma bacısına deməmişdir. Qeyd edilir ki, onun psixi xəstəlikdən əziyyət çəkməsindən istifadə edərək onu notariat kontoruna aparmaqla ondan öz adına vəsiyyətnamə almışdır. Bununla bağlı onu bildirir ki, qeyd edilən notariat kontoru Asan xidmətdə yerləşir. Qanunvericilikdən də bəlli olduğu kimi vəsiyətnamə tərtib edilərkən iki şahidin iştirakından mütləq şəkildə istifadə edilir. Fəaliyyət qabiliyyəti olub-olmadığı yoxlanılır, hətta şahidlər belə faəliyyət qabiliyyətli şəxslər olmalıdır ki, bu vəsiyyətnamə tərtib edilsin. Qeyd edir ki, ölən şəxs təkcə iddiaçıya vəsiyyətnamə verməmişdir, hətta iddiaçı və onun qızını da həmin ünvana qeydiyyata salmışdır ki, bu da o deməkdir ki, şəxs düşünülmüş şəkildə bir neçə dəfə evlə bağlı öz iradəsini sərbəst şəkildə ifadə etmişdir. Orada həqiqətən də bir zorakılıq və yaxud da aldadılma vardısa, niyə bu 6 ildə bir dəfə də olsun, üzə çıxmamışdır, doğma bacısının bundan bir dəfə də olsun xəbəri olmamışdır. Burda hansı bacılıqdan, hansı yaxınlıqdan söhbət gedə bilər. Əgər bir neçə dəfə hansısa müqavilə bağlandığını bilirdisə, bacısının aldadılmağa meyilli olduğunu, əqli qüsurları olduğunu bilirdisə, niyə bu 6 ildə bir dəfə də olsun xəstəliyi ilə bağlı, üzərində qəyyum təyin edilməsi üçün bir müraciəti olmamışdır, niyə bacısını belə başsız, yad şəxslərin əlində buraxmışdır. Bundan başqa cavabdeh məhz hansı əsasa görə etibarsız əqd bağlandığını hesab edir. Bir neçə əsas istinad gətirərək iddiasını tərtib etmişdir, hansı ki, qeyd etdiyi əsaslardan heç biri mövcud deyildir. Qeyd edir ki, iddiaçı illərlə bir bacısı, bir qızı kimi Niftəliyeva Baxtigülün qeydinə qalmış, ona qulluq etmiş, vaxtlı-vaxtında həkimə aparmış və s. onunçün zəruri olan hərəkətləri etmişdir. Axırıncı dəfə ölənə yaxın da iddiaçı onun bacısını zəng vurub çağırtdırmışdır ki, gəlsin heç olmazsa ölüm döşəyində bacısının yanında olsun. Ortada bir mülkiyyət məsələsi olduğundan onlar hal-hazırda bilmirlər ki, nə etsinlər, hətta onun ölümü ilə bağlı iddiaçının təqsirinin olduğunu əsas gətirərək onları prokurorluğa da şikayət etmişdilər ki, bunun da sonu istədikləri kimi olmamışdır. Haqqında cinayət işinin başlanılması rədd edilmişdir. Bütün bu yuxarıda qeyd etdiklərindən açıq aydın görünür ki, ortada nə bir aldadılan, nə bir əqli qüsur vardır. Bütün bu süni problemlərin yaradılması -iddiaçı həmin evdən faktiki olaraq istifadə etməyi, həmin əmlakı qanuna əsasən öz adına keçirtməsin deyədir. Odur ki, cavabdehin qanuna zidd olan tələbini nəzərə almamağını, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı X7 nümayəndəsi və vəkili X33 və Cavabdeh2 cavabdeh-iddiaçı Q.Niftaliyevanın izahatına uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kontoru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X14 bildirdi ki, Corat bağlarında yaşayır. Tərəflərin hər ikisində tanıyır. Baxtigül onun divar qonşusu olub. Baxtıgül tək qalırdı, ev iki otaqlı ev olub. Həmin evə çox adam gəlib gedirdi.Sözügedən evin kafel işini o görmüşdür. Qətibənin bacısının yanında 3-4 dəfə pay alıb gətirib, bacısı evdə olmadığından həmin payı onlara vermişdir ki bacısına çatdırsın. Sözügedən evdə kiminsə yaşadığın görməmişdir. Qətibə ora gələndə həmişə əlində yemək gətirmişdir. Yemək üstündə həmişə orda dava olurdu, həyətlərində söyüş söyülürdü. Baxtigül ölməmişdən iki gün onu çağıraraq, ondan bələdiyyənin və sahə müvəkkilinin nömrəsin istəmişdir. O, da sahə müvəkkilin deyil, bələdiyyənin nömrəsin vermişdir. Daha sonra Baxtigül evdə onun döyüldüyünü bildirmiş daha sonra Baxtıgülü X42 maşını ilə aparmışlar. Məhkəmədə şahid X31 bildirdi ki, o, 54 ildir ki Baxtıgül ilə qonşu olub. Baxtıgül hər gün evə bir adam gətirirdi ki, ona baxsınlar. Rafiq adlı şəxs gəlib Baxtigilin yanına və hər gələndədə ona pampers və digər qalan əşyalar alırdı. Evin sənədi ilə bağlı Bələdiyyəyə oradanda BTY-yə getmişlər. Orada Baxtigülün adına heç nə çıxmamış və sonradan sənədlərin Rafiqin adına olduğu məlum olmuşdur. Rafiq Baxtigülü dəli kimi qeydiyyata saldırıb dəlixanaya aparmaq istəmişdir. Baxtigül həmişə evi kirayə verdiyini deyirdi. Baxtigülün evində üç bacı üç qardaş yaşadığını görmüşdür. Baxtigülün əqli problemləri var idi. O, hamıya evi təklif edirdi. Məhkəmədə şahid X34 bildirdi ki, tərəfləri tanıyıram. Baxtigül çox çətin xasiyyətli ağır bir insan idi. O, bacısı Qətibə ilə yola getmirdi. Baxtigül öləndə yasını bacısı Qətibə və onun oğlu vermişdilər. Yasda bilinmişdir ki, vəsiyyətnamə var. Baxtigül huşsuz biri olsa da, ağlı başında biri idi. Baxtigül evində kirayəşin yaşayırdı. Dəfələrlə döyüldüyünü ona bildirsə də, o, bu barədə Baxtigülün bacısına deməmişdir. O, dəfələrlə Baxtigülə gedib bacısı Qətibəgildə yaşamasını desə də, ancaq o istəməmişdir. Baxtigül istəyirdi ki, hamı gəlib onunla yaşasın. Baxtigül həmişə ona baxan olmadığından şikayətlənirdi. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili X35, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı X12, nümayəndəsi və vəkili X33 və Cavabdeh2, şahidlər X14, X31 və X28 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 17 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 16.01.2017-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, X11 ona məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F ünvanda yerləşən baş evini və 0.0105 ha torpaq sahəsini Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2549F ünvanda qeydiyyatda olan İddiaçı vəsiyyət edir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər Poliknikasının 20.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2549F saylı evdə yaşayan Niftəliyeva Baxtigül Şəmsəddin qızı Sumqayıt 3 nömrəli poliknikasının psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 29.10.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun 4Ə- 04\1490 reyestr nömrəli, 06 noyabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2549F ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi üzərində 24 noyabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X2 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri, 1 saylı notariat kontorunun 26 may 2014-cü il tarixli, 4Ə-127 reyestr nömrəli ömürlük renta müqaviləsinə əsasən X25 adına özgəninkiləşdirilmiş, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 26 noyabr 2014-cü il tarixli, 3M-01-470 reyestr nömrəli ömürlük renta müqaviləsinin ləğvi barədə saziş bağlanmışdır. Sumqayıt şəhəri, Corat bağları ərazisi 2549F ünvanında yerləşən 0.0105 ha bağ torpaq sahəsi üzərində 29 noyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli, 15 dekabr 2014-cü il ********** qeydiyyat nömrəli çıxarış ilə bağ evi üzərində X2 tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının 02.12.2020-ci il tarixli məktubundan görünür ki, Niftaliyeva Baxtıgül Şəmşəddin qızı Sumqayıt şəhər Psixiatriya Xəstəxanasına müraciət etməmişdir, dispenser qeydiyyatında və stasionar müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19.11.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2549F ünvanda yerləşən 0.0105 ha torpaq sahəsi ünvan 5si notariusu tərəfindən təsdiq edilmiş 01.06.2011-ci il tarixli, 4Ə-03/398 reyestr nömrəli alqı-satq və bölgü sxemi əsasında X32 adına qeydiyyata alınmış və 22.12.2011-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, Sumqayıt şəhəri, 4 saylı dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06.11.2012-ci il tarixli, 4Ə-04/490 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi X5 adına qeydiyyata alınmış və 24.11.2012-ci il tarixli, ********** reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 26.05.2014-cü il tarixli, 4Ə-127 reyestr nömrəli ömürlük renta müqaviləsi əsasında torpaq sahəsi X25 adına qeydiyyata alınaraq 04.11.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 26.11.2014-cü il tarixli, 3M-01-470 reyestr nömrəli ömürlük renta müqaviləsinin ləğvi barədə saziş əsasında sözügedən torpaq sahəsi X5 adına qeydiyyata alınmış və 29.11.2014-cü il tarixli, **********0 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 idarəyə təqdim etdiyi torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, məlumatlandırma icraasına müvafiq olaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış məktubu və eskiz lahiyə əsasında sözügedən torpaq sahəsi üzərində tikilmiş bağ evinə dair X6 mülkiyyət hüququ qeydə alınmış və 15.12.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Sumqayıt Şəhər Prokurorluğunun 06.11.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X3 21 avqust 2020-ci il tarixdə ölməsi faktına görə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış və aparılmış araşdırma zamanı məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2020-ci il tarixli, 91 saylı rəyi ilə mərhum Niftaliyeva Baxtigül Şəmsəddin qızının ölümünə səbəb qara ciyərin portal sirrozu nəticəsində kəskin qara ciyər çatışmamazlığı olduğu müəyyən edildiyindən tərəfindən 01 oktyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 06.09.2020-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 Füzuli rayonu, Qaçar kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin - 08.09.2020-ci il tarixli arayışından görünür ki, Kərimova Gözəl Fərhad qızı Sumqayıt şəhəri, Corat Bağları ərazisi, 2549F-də qeydiyyatdadırlar. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İnsan Hüquqları və X29 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X29 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materiallarından görünür ki, iddiaçı-cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı bağ evini vəsiyyətnamə əsasında əldə etmişdir. Bundan əlavə, hazırkı iş üzrə tərəflərin izahatından müəyyən olunur ki, ilkin iddia tələbi üzrə cavabdehlər iddiaçını mənzildən çıxarmışlar. Başqa sözlə iddiaçı könüllü surətdə daimi yaşamaq üçün başqa yaşayış yerinə getməmiş, mübahisəli mənzildən məcburi qaydada çıxarılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli və o, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2549F saylı evə köçürülməlidir. “İnsan hüquqlarının və X29 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli mənzil vəsiyyətnamə əsasında iddiaçıya məxsusdur. Hal-hazırda iddiaçı cavabdehlərin vəsiyyətnamə əsasında ona məxsus olan evdən çıxarılmasını tələb edir. MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Göründüyü kimi iddiaçı mübahisəli bağ evinin faktiki mülkiyətçisidir. Cavabdehin mübahisəli evdən istifadə etməsi hər hansı qanuni əsasa söykənmir. Yəni, onun mübahisəli evə hər hansı hüququ mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması özözlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh-iddiaçı X7 vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh-iddiaçı X12 məhkəmədə bacısı X2 psixoloji problemlərdən əziyyət çəkdiyini, normal dərketmə və fikir yürütmə qabiliyyətinin olmadığı qeyd etsə də, iş materiallarına əlavə edilmiş həkim arayışlarının surətlərindən görünür ki, cavabdeh-iddiaçının bacısı B.Niftaliyeva heç bir poliknikada qeydiyyatda olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli bağ evinə dair Baxtigül Niftaliyeva tərəfindən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan evi vəsiyyət edərkən anlaqlı vəziyyətdə olduğuna görə həmin vəsiyyətnamənin etibarsızlığına heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehlər X12 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmalı və İddiaçı həmin evə köçürülməli, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər X12 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 iddiaçı-cavabdeh İddiaçı və 3-cü şəxs Sumqayıt şəhər Dövlət Notariat Kotoruna qarşı “Sumqayıt şəhər Corat bağlar sahəsində yerləşən 2549F saylı bağ evinə dair cavabdeh İddiaçı adına mərhum bacısı X10 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər X12 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat Bağlar ərazisində yerləşən 2549F saylı evdən çıxarılmalı və İddiaçı həmin evə köçürülsün. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər X12 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar