Məhkəmə qərarları › İş №2(060)-5752/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5752/2023

14.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5752/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cəmi dəyəri 5749 manat olan əmlakının – dəyəri 2779 (2700+79 manat ilkin ödəniş) manat olan soyuducusunun və dəyəri 2970 manat olan, cəmi 6,700 çəkidə üzük-sırğadan ibarət brilliant komplektinin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailəlikcə çoxdan tanıdığı Cavabdeh ona olan etibarından istifadə edərək cəmisi 5749 manat dəyərində qızıl-zinyət əşyalarını və soyuducunu ələ keçirmişdir. Cavabdeh onun Sumqayıt şəhərində Unibankdan kredit götürüb almış olduğu 2700 manat dəyərində soyuducunu öz evində saxlayıb qaytarmır. Belə ki, o, kirayədə yaşamış və soyuducu olmamışdır. “Unibrands Electronics” ilə aralarında bağlanmış 18968 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsi əsasında Unibankdan 2779 manat məbləğində kredit götürərək dəyəri 2700 manat olan soyuducunu almışdır. İlkin ödəniş kimi 79 manat əvvəlcədən ödəmişdir. Həmin vaxtlar yaşadığı kirayə mənzili dəyişmək zərurəti olduğundan soyuducunu qoymağa evdə yer olmamış və cavabdehin təklifi ilə soyuducunu müvəqqəti olaraq sonuncunun evinə qoymuşdur. O, bankdan aldığı krediti də 12 ay müddətinə ödəmişdir. Bundan əlavə 2020-ci il tarixində cavabdehlə ticarət sahəsində şərikli iş görmək barədə razılığa gəlmiş və cavabdehə 6,700 qram çəkidə, 2970 manat dəyərində brilliant üzük və bir cüt sırğadan ibarət komplekt vermişdir. Sonradan cavabdehin onun qızıl əşyalarını girov qoyaraq pul götürməsi məlum olmuşdur. Cavabdeh onun qızıllarını indiyədək qaytarmamışdır. Qızıllardan üzük və sırğa cəmi 6,700 qram çəkidə olmaqla, 750 əyarlı olan 1 cüt sırğa və üzükdən ibarət brillant komplekt olmuş və birkasından da göründüyü kimi qiyməti 2970 manat təşkil etmişdir. O, bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Pİ tərəfindən cinayət iş qaldırılmadığı üçün Sumqayıt şəhər prokuroruna etdiyi şikayət nəticəsində prokurorluq tərəfindən Polis İdarəsi TŞ-nin baş təhqiqatçısının qərarı ləğv olunmuş və iş əlavə araşdırılma üçün təhqiqat şöbəsinə göndərilmişdir. Lakin AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 13 aprel 2022-ci il tarixli cavabı ilə işdə cinayət tərkibi olmadığı göstərilərək yenə cinayət işi qaldırılmamışdır. O, hətta cavabdehin hərəkətlərindən və şikayətinin nəticəsiz olduğundan bezib 4 ay əvvəl özünü öldürmək istəyərək dərman içmişdir. Bu barədə Pİ-də və 4-cü PB-də materiallar da vardır. Cavabdeh polis orqanlarında izahat verərkən həqiqətən onun mallarını götürmüş olduğunu etiraf edərək qaytaracağını bildirsə də, qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, kirayədə qalmış, kirayə qaldığı ev dar olduğuna görə soyuducunu cavabdehin evinə qoymuş və soyuducunu götürmək istəyəndə cavabdeh onun soyuducusunu qaytarmamışdır. Brilliant komplektə gəlincə isə cavabdehin pula ehtiyacı olduğundan ondan pul istəmiş, o isə pulu olmadığından brilliant kompektini cavabdehə vermişdir ki, lombarda qoyub pul götürsün, sonra qaytarar. Lakin cavabdeh indiyədək brilliant komplektini qaytarmamışdır. Soyuducunu Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Samsung” mağazasından almışdır. O, eyni zamanda qeyd etdi ki, cavabdehlə ailəvi yaxın olmuşlar. Belə ki, o, tibb bacısıdır, cavabdehin anasına sistem qoşmuşdur. O, həmçinin qeyd etdi ki, soyuducunun bütün ödənişlərini aybaay o özü etmişdir. Cavabdehin Sumqayıt Şəhər Məhkəməsində icraatında olmuş 2(060)-5752/2023 mülki iş üzrə təqdim etdiyi ödəniş qəbzlərinin haradan əldə etdiyini bilmir. Üzük və sırğadan ibarət olan brilliant komplekt gəlinlik komplektidir. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-5752/2023 mülki iş üzrə hakim ondan soyuducuya dair ödəniş qəbzlərini təqdim etməsini istəmiş, o da ödəniş qəbzlərini mağazadan gedib, çıxarıb gətirmişdir. Cavabdeh isə həmin icraatda təqdim etdiyi ödəniş qəbzlərini soyuducunun kitabçasının arasından götürmüşdür. Qızıllara dair isə razılaşır ki, qızıl yalnız sırğadan ibarət olmuşdur və mağazada satış dəyəri 1700 manatdır. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, soyuducu ona aiddir, soyuducunun ödənişlərini şəxsən o özü etmiş, soyuducuya görə etdiyi ödəniş qəbzlərinin bir neçəsini Sumqayıt Şəhər Məhkəməsində icraatında olmuş 2(060)-5752/2023 mülki işdə təqdim etmişdir. O, eyni zamanda qeyd etdi ki, soyuducunu o, anası üçün almış, soyuducu onundur. Onun iş yeri yox idi, ona kreditlə soyuducu verilmirdi, ona görə də soyuducunu iddiaçının adına almışdır. Soyuducunu anasının xəstəliyi ilə əlaqədar satmışdır. Həmin soyuducunun ödənişlərini hər ay özü etmişdir. Soyuducuya görə ödənişlər telefon vasitəsilə də olmuşdur. Ödəniş qəbzlərinin bir neçəsi isə itmişdir. Axırda 400 manat ödənilməli olan pul qalmışdır ki, həmin pul da verilməmişdir. İddiaçı iş üzrə soyuducuya dair ödəniş qəbzlərinin surətlərini mağazadan çıxarıb gətirmişdir, ona görə ki, əsilləri onda olmuşdur. Sonuncu dəfə isə 2021-ci ili yanvar ayında öz kartından soyuducu aldığı mağazanı işçisinin kart hesabına 525 manat köçürmüşdür ki, həmin şəxsə qeyd edilən məbləğdən komissiya çıxıldıqdan sonra qalan məbləği soyuducu üçün ödəmişdir. Qızıl-zinət əşyalarına gəlincə isə qızıl yalnız sırğadan ibarət olmuşdur, lombarda qoymuşdur. Lombard həmin qızıla 700 manatdan artıq pul verməmişdir. Sonra həmin sırğaları lombarddan götürüb sələmçiyə verib pul götürmüş, sələmçiyə pulu qaytara bilmədiyinə görə sırğalar batmışdır. İddiaçının üzüyü isə onda olmamışdır. Qızıl sırğanın lombar dəyəri aşağı osada, mağazada həmin sırğanın dəyəri 1700 manatdır. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Unibrands Electronics” ilə İddiaçı arasında bağlanmış 18968 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə və ona edilmiş 1 saylı əlavəyə əsasən, “Unibrands Electronics” dəyəri 2779 manat olan məişət məhsulunu İddiaçı nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini ilkin ödəniş 79 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 225 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - AR DİN Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhər sakini İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək tanışı Cavabdeh ondan borc pul istədiyi zaman ona 3000 manat dəyərində qızıl zinət əşyası verdiyini, lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq onun borcunu qaytarmadığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı 1300 manat nəğd pul və 890 manatlıq qızıl-zinət əşyası borc götürdüyünü, iki ay sonra 1300 manat pulu Xəyaləyə qaytardığını, qızılı lombarda qoyub 700 manat pul götürdüyünü pulu ödəyə bilmədiyi üçün lombardın onun qızıllarını müsadirə etdiyini, hal-hazırda Xəyaləyə 890 manat borcu qaldığını qeyd etmişdir. - AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, birgə gəlir əldə olunması vədi ilə 3500 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının Cavabdeh tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciət üzrə Sumqayıt ŞPl Təhqiqat şöbəsində araşdırma aparılaraq toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 3 iyul 2021-ci ildə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qərardan ərizəçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ vardır. Şikayətdə göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması məqsədilə müraciət cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsaslılığının yoxlanılması üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. - "xxxx" MMC-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanladığı məktubun surətindən görünür ki, Cavabdeh 10 mart 2020-ci il tarixində 750 əyarlı 14.0 qram çəkidə 1 cüt sırğa brilliant qaş girov qoymuş və girov dəyəri 700 manat məbləğində pul götürmüşdür. xx.xx.2020-ci il tarixində isə girovu tam şəkildə çıxarmışdır. - Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatın surətindən görünür ki, o, Xəyalə adlı tanışından maşın almaq üçün 2000 manat məbləğində borca pul götürmüşdür. Həmin pulun 1300 manatını Xəyalə ona əlbəəl vermiş, 700 manatını isə Xəyaləyə məxsus təxmini dəyəri 890 manat olan qızılları lombarda qoyaraq əldə etmişdir. Həmin borcun 1300 manatını 2 ay sonra yaşadığı evdə Xəyaləyə qaytarmışdır. Lakin lombarda yerləşdirmək üçün ona verilən 890 manat məbləğində qızıl əşyasını borcu ödəyə bilmədiyi üçün lombard aralarında olan müqaviləyə əsasən ondan müsadirə etmişdir. Xəyaləyə 890 manat borcu vardır. Həmin borcu yenidən iş fəaliyyətinə başlarkən qaytaracağına söz vermişdir. - Sumqayıt ŞPİ-nin 4-cü PB-nin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə həmin bölməyə daxil olmuş İddiaçı müraciətinə baxılmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından ona aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Fərdi sahibkar X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli, 18968 saylı nisyə satış müqaviləsi İddiaçı ilə “Unibrands Electronics” arasında bağlanmışdır. Alıcı müqaviləyə əsasən götürdüyü Samsung markal soyuducunun kreditinin ödənişini hər ay vaxtlı-vaxtında etmişdir. İddiaçı hazırda “Unibrands Electronics”-ə borcu yoxdur. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesab kart əməliiatlarının fotoşəkillərindən görünür ki, 525 və 80 manat məbləğində ödənişlər edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ona pul lazım olduğundan İddiaçı qızıl sırğa almışdır. Həmin qızıl sırşanı sonradan satmışdır. İddiaçı və cavabdeh iddianın qızıla aid hissəsində razılaşırlar ki, qızıl yalnız sırğadan ibarət olmuşdur və onun dəyəri 1700 manat təşkil edir. Soyuducuya dair məhkəmə qeyd edir ki, soyuducu iddiaçının adına mağazadan rəsmiləşdirilməsinə baxmayaraq soyuducunun sənədlərinin, ödənişlərinə dair qəbzlərin əsillərinin cavabdehdə olması, habelə cavabdehin kart hesabından edilən ödənişlərlə soyuducunu satan mağazanın verdiyi qəbzlərdəki məbləğlər və tarixlər üst-üstə düşdüyündən məhkəmə belə hesab edir ki, soyuducu iddiaçının adına alınmasına baxmayaraq, onun dəyəri cavabdeh tərəfindən ödənilmiş, soyuducu formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının təqdim etdiyi qəbzlərin dublikat olması, həmçinin iddiaçının izahatında qeyd etdiyi ödəniş məbləğləri ilə, ödəniş qəbzlərində olan məbləğlər fərqli olduğundan, lakin cavabdehin izahatında qeyd etdiyi məbləğlərlə, habelə kart hesabından çıxarışla ödəniş qəbzlərinin əsillərindəki məbləğlər və tarixlər uyğun gəldiyinidən məhkəmə bu nəticəyə gəlir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı soyuducunun ödənişlərinin onun tərəfindən edildiyini, eyni zamanda qızıl üzüyün cavabdehə verildiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia həmin hissələrdə əsaasızdır. Məhkəmə qeyd edir ki, AR MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanmalıdır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1700 manat dəyərində qızıl sırğa, həmin əşya olmadıqda isə onun dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. İddiaçının özünün izahatı iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Dəyəri 1700 manat olan qızıl sırğa, həmin əşya olmadıqda isə onun dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar