Məhkəmə qərarları › İş №2(060)-5783/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5783/2024

11.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5783/2024 11.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əvvəlki vəzifəyə bərpa olunma və qanunsuz verilmiş əmrin ləğv edilməsi tələbinə dair mülki işə 11 oktyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əvvəlki vəzifəyə bərpa olunma və qanunsuz verilmiş əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, K-709 nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2022ci ilə qədər “Azərkimya” X1-Polietilen zavodunda etilen istehsalının azot-oksigen və estakada təsərrüfatı sahəsinə 4-cü dərəcəli hava bölüşdürücünün aparatçısı kimi işə qəbul edilib. O, əmək fəaliyyəti dövründə heç bir pozuntuya yol verməyib. İşlədiyi müddətdə heç bir intizam tənbehi almayıb. Lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 709 nömrəli əmrlə işdən azad olunub. Dəfələrlə onun nəyə əsasən işdən azad olunmağı barədə müraciət etsə də, ona rəsmi cavab verilməyib. Buna görə də ümidsizliyə qapılıb hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyib. Lakin daha sonra o, iş axtarsa da cavabdeh təşkilatın qanunsuz əmrinə görə onu heç bir qurum işə götürməyib. Ona görə də hal hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yəni iddiaçının əməlində korrupsiyaya yol açan hal olmadığı təqdirdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi tam qanunsuzdur. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək barəsində verilmiş xx.xx.2022-ci il tarixli, 709 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi qanunsuz və əsassız olduğundan aşağıda göstərilənlərə görə rədd olunmalıdır. xx.xx.2022-ci il tarixində saat 19:00 radələrində "Etilen-polietilen" zavodunun 35 saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsinin havabölüşdürücü aparatçısı İddiaçı Şimal-2 NBM-dən çıxarkən mühafizə xidmətinin əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və onun üzərindən 1 (bir) kq əlvan metal (bolt,qayka) aşkar edilərək götürülmüşdür. Bununla bağlı İddiaçı izahat tələb olunmuşdur. İddiaçı izahatında günahını etiraf etmiş, ehtiyacı olduğu üçün bunu etdiyini və bir daha belə səhvə yol verməyəcəyini bildirərək bağışlanmasını xahiş etmişdir. Zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-869 nömrəli, xx.xx.2022ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 93 N-li, xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. HİK-in razılığı alındıqdan sonra zavod üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 709 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı iddia ərizəsindən də görünür ki, xx.xx.2022-ci il tarixdən işdən azad olunması haqqında məlumatı olmuşdur. Bundan başqa zavodun Kadrlar şöbəsində saxlanılan əmək kitabçalarının qeydiyyatı aparılan kitabdan da məlum olur ki, xx.xx.2022-ci il tarixində həmin kitaba imza etməklə özünə məxsus əmək kitabçasını təhvil almışdır. İddiaçı ərizəsində 2 (iki) il ərzində məhkəməyə hansı səbəbdən müraciət etməməsinə dair heç bir əsaslı və qanuni səbəb göstərməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə görə hüququnun pozulmasını aşkar etdiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunanlardan da görünür ki, İddiaçı iddia müddətini bilərəkdən buraxmışdır. Buna görə də o, “Etilen-Polietilen” zavoduna işə bərpa edilə bilməz. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı və MPM-nin 154-cü maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunun xx.xx.2022ci il tarixli, 709 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu məhkəməyə təqdim etdiyi digər etiraz ərizəsində bildirmişdir ki, aşağıda göstərilən əsaslara görə iddia əsassızdır və buna görə də rədd edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixinde saat 19.00 radələrində "Etilen-polietilen" zavodunun 35 saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsinin havabölüşdürücü aparatçısı İddiaçı Şimal-2 NBM-dən çıxarkən mühafizə xidmətinin əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş ve onun üzərindən 1 (bir) kq əlvan metal (bolt, qayka) aşkar edilərək götürülmüşdür. Bununla bağlı İddiaçı izahat tələb olunmuşdur. İddiaçı izahatında günahını etiraf etmiş, ehtiyacı olduğu üçün bunu etdiyini və bir daha belə səhvə yol verməyəcəyini bildirərək bağışlanmasını xahiş etmişdir. Zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən İddiaçı işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-869 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 93 N-li, xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən, İddiaçı Azərbaycan Respublikasınn ƏM-nin 70-ci maddəsirin "ç" bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin razılığı alındıqdan sonra zavod üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 709 nömrəli əmrlə əsaslı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə əsasən İddiaçı işdən azad edilmişdir. Digər tərəfdən, İddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunarkən elə həmin tarixdə əmrdən xəbərdar edilmiş, kitaba imza etməklə özünə məxsus əmək kitabçasını təhvil almışdır. Lakin buna baxmayaraq, 2 (iki) ildən sonra məhkəməyə mövcud iddia ərizəsi ilə müraciət etmiş və bu günədək hansı səbəbdən müraciət etməməsinə dair heç bir əsaslı və qanuni səbəb göstərməmişdir. Buna görə də hesab edirlər ki, İddiaçı iddia müddətini də ötürmüşdür və bu səbəbdən də o, "Etilen-Polietilen" zavoduna işə bərpa edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, birliyin əmlakını mənimsəmək və başqa şəxslərə vermək kimi əməllər yolverilməzdir. İddiaçı isə oğurluq əməlinə yol vermişdir. Bu hallarda heç bir işçiyə güzəşt olunmur. Həmçinin, iddiaçı işçi kimi hüquqlarının pozulduğunu bildiyi gündən 1 ay ərzində məhkəməyə müraciət edə bilərdi. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müaviləsinə xitam verilməsini bilmiş və elə həmin tarixdə əmək kitabçalarının qeydiyyatı aparılan kitaba imza etməklə əmək kitabçasını təhvil almışdır. Bu səbəbdən də hesab edir ki, iddia müddəti buraxılmışdır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun etibarnamə üzrə nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, o, işçi kimi hüquqlarının pozulduğunu bildiyi gündən 1 ay ərzində məhkəməyə müraciət edə bilərdi. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müaviləsinə xitam verilməsini bilmiş və elə həmin tarixdə əmək kitabçalarının qeydiyyatı aparılan kitaba imza etməklə əmək kitabçasını təhvil almışdır. Bu səbəbdən iddia müddəti buraxılmışdır. Vəkil qeyd edilənlərin nəzərə alınmasını və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, cavabdeh şirkətdən bolt oğurlaması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılıb. Hazırda bu maddə ilə işdən çıxarıldığına görə heç yer onu işə götürmür. Həmin hadisədən sonra özünə qapanmış, həmçinin atası xərçəng xəstəsi olduğu üçün 2 il sonra bu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 709 nömrəli intizam tənbehi haqqında əmrdən görünür ki, Daxili intizamı qaydalarını pozduğuna görə 35 saylı azot-oksigen və estakada təsərrüfatı sahəsinə 4-cü dərəcəli havabölüşdürücünün aparatçısı İddiaçı Bağloğlan oğlu ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əsas: 3104/ON-06869 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, HİK-in 93 nömrəli, xx.xx.2022-ci il tarixli protokolu, 2566 nömrəli, xx.xx.2022-ci il tarixli xidməti məlumat. İşdə olan “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktorunun “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2022ci il tarixli məktubundan görünür ki, 35 saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsının havabölüşdürücünün aparatçısı İddiaçı xx.xx.2022-cı ıl tarıxində saat 19:00 radələrində Şimal-2 NBM-dən çıxarkən mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, ondan 1 (bir) kq əlvan metal (bolt,qayka) götürülmüşdür. Bu barədə akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq 35 saylı Azot-oksigen və estakada təsərrüfatı sahəsının havabölüşdürücünün aparatçısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-m addəsinin "ç" bəndinə əsasən işdən azad olunmasına münasibət bildirilməsini xahiş etmişdir. İşdə olan “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsinin “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktorunun sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 3104/AC-06-869 saylı İntizam məsuliyətinə cəlb edilmə haqqında mürciətə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixində keçirilmiş Rəyasət Heyəti iclasında müzakirə olunaraq baxılmışdır. İşdə olan “Etilen-Polietilen” zavodunun Həmkarlar İttifaqı Komitəsi Rəyasət heyətinin iclasının 93 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, 35 saylı Azot-oksigen və estakada təsərrüfatının aparatçısı İddiaçı işdən azad olunma haqqında rəhbərliyin müraciətinə baxılaraq, işçinin daxili intizam qaydalarını, onunla bağlanılmış əmək müqaviləsi şərtlərini kobud qaydada pozduğuna görə işdən azad olunmasına razılıq verilmişdir. İşdə olan 35 saylı Azot-oksigen və estakada təsərrüfatının sahə rəisinin “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun direktorunun sədrinə ünvanladığı xx.xx.2022-ci il tarixli işçinin cəzalandırılması haqqında xidməti məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Ç” növbəsinin saat 07:00-19:00-dək işləyən havabölüşdürücü aparatçısı İddiaçı növbə ərzində xidməti təlimata uyğun işlərlə məşğul olmaq əvəzinə latun metalı toplamaqla məşğul olub və işin sonunda oğurluğa cəhd göstərmişdir. Şimal-2 nəzarət buraxılış məntəqəsində oğurluq cəhdinin qarşısı alınmış və İddiaçı barədə akt tərtib edilmişdir. Yazılanları nəzərərə alaraq ”Azot-oksigen və estakada təsərrüfatı” sahəsinin havabölüşdürücü aparatçısı İddiaçı oğurluq etdiyinə görə layiqli cəza verilməsinə aidiyyatı şöbələrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan 10 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ”Azot-oksigen və estakada təsərrüfatı” sahəsinin havabölüşdürücü aparatçısı vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 709 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Azərkimya" İstehsalat Birliyinin "Etilen-PQlietiien" zavodu/Etilen İstehsalatı/Azotoksigen va estakada təsərrüfatı sahasi" bölməsində "havabölüşdürücünün aparatçısı" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 nömrəli maddəsinin "ç" - işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilməsi, işçinin xx.xx.2018 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 4.8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində “Azərkimya” İstehsalat Birliyinin “ Etilen-Polietilen” zavodunun ”Azot-oksigen və estakada təsərrüfatı” sahəsinin havabölüşdürücü aparatçısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə cavabdehin xx.xx.2022-ci il tarixli, 709 nömrəli əmrinə əsasən xitam verilmiş və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, K-709 nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, 2(060)-5783/2024 saylı mülki iş üzrə sənədlərdən İddiaçı iddia ərizəsini Sumqayıt şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixində təqdim etdiyi məlum olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2022- ci il tarixində özü ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmiş və xx.xx.2022-ci il tarixində müəssisənin Kadrlar şöbəsində saxlanılan əmək kitabçalarının qeydiyyatı aparılan kitaba imza etməklə özünə məxsus əmək kitabçasını təhvil almışdır. İddiaçı tərəfindən iddia müddəti üzrlü səbəb olmadan buraxılmışdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərini tətbiq edərək hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddətinin buraxılmış hesab edilməsi və İddiaçı cavabdeh SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavoduna qarşı xx.xx.2022-ci il tarixli, 709 nömrəli əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə xx.xx.2024-cü il tarixli iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətləri ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. (294.1) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (294.2). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (294.3). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir (294.4). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər (294.6). Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin tərbiqi barədə ərizə əsaslıdır və ərizə tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının tələbi xx.xx.2022-ci il tarixli, K-709 nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunmasi barədədir. Məhkəmə hesab edir ki, iddia müddətinin axımı ən geci həmin tarixdən başlanmaqla xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçının iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiya prosesinin tətbiqi barədə təklif məktubu xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim edilmişdir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1). Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2). Göründüyü kimi iddiaçının mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə ünvanlanarkən mübahisə üzrə iddia müddəti artıq bitmişdi. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında iki il sonra məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etməsinin özünün baş vermiş hadisə ilə əlaqədar psixoloji vəziyyəti və atasının xəstəliyi ilə bağlı olduğunu bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, o cümlədən iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə verməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd edilələrə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əvvəlki vəzifəyə bərpa olunma və qanunsuz verilmiş əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı əvvəlki vəzifəyə bərpa olunma və qanunsuz verilmiş əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar