Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5933/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ ərizəçi X1 Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, barışıq sazişinin təsdiq edilməsi ) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, ərizəçi X1 Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Etibar Həsənovun iştirakı ilə onunla Maraqlı şəxs arasında bağlanılmış MŞS/MT030/2023-00206 saylı barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin təsdiq edilməsi üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.
4. Belə ki, qanunvericiliyin tələbinə əsasən barışıq sazişi o halda məhkəmə tərəfindən təsdiq edilə bilər ki, barışıq sazişi könüllü qaydada icra edilməsin və ya barışıq sazişinin könüllü icrasından imtina olunsun. Bu tələb prosessual hüququn mühüm şərtlərindən biri kimi tərəflərin məhkəməyəqədər barışıq əldə etmək imkanlarından tam istifadə edilməsinə xidmət edir. Lakin ərizəçi mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə maraqlı şəxsə xəbərdarlıq (pretenziya) göndərilməsini, həmin məktubun maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənədi (poçt qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir.
5. Odur ki, ərizəçi X3 mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etmədiyindən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
6. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi X1 Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Pərvin İmamverdiyeva