Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5950/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5- 00223 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı tərəf olan Maraqlı şəxs ilə 1992-ci ilin yanvarında faktiki olaraq ailə qurmuş, lakin nikahlarını 2000-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan üç övladı olmuşdur. Onlar xx.xx.1993-cü il təvəllüdlü X1, xx.xx.1995-ci il təvəllüdlü X4 oğlu və xx.xx.2001-ci il təvəllüdlü X3 oğludur. Övladları artıq yetkinlik yaşına çatmış və öz həyatlarını qurmuşlar. Maraqlı şəxs Əhmə oğlu ilə münasibətləri kəskinləşdiyi üçün aralarında olan nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Həmin vaxt birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı mübahisəni məhkəmə qaydasında həll etməmişdirlər. Bu səbəbdən də birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların hər birinin payı əlli faiz olmaqla bölünməsi, həmin əmlakların satılması və satışdan əldə edilmiş pul vəsaitinin yarısını ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl o, cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifi qəbul etmiş və mediatorun iştirakı ilə xx.xx.2022-ci il tarixli, MŞB-5-00223 saylı barışıq sazişi imzalayaraq bu şərtlərlə razılığa gəlmişdir: Birgə nikah dövründə əldə edilmiş əmlakların (DƏDRX-də qeydiyyat barədə məlumat: reyestr kitabı -14, inventar işi - 26836) Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 30, mənzil 30 və (DƏDRX-də qeydiyyat barədə məlumat: reyestr kitabı - 14, inventar işi - 8675) Sumqayıt şəhər 2-ci mikrorayon, ev 34, mənzil 12-dən ibarət olmasınının təsdiq ediməsi, mediasiya prosesində onun Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, mənzil 12də olan payından imtina etməsi və yalnız Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 30, mənzil 30-da olan payını tələb etməsini, o cümlədən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 30, mənzil 30-da olan payını aldıqdan sonra, Sumqayıt şəhəri, 12-ci mikrorayondakı 34 saylı evin 12 saylı mənzilini özgəninkiləşdirilməsinə dair notariat qaydada razılıq ərizəsini verəcəyinə dair öhdəlik götürməyi, Maraqlı şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayondakı 30 saylı evin 30 saylı mənzilini satmaq və həmin mənzilin satışdan əldə ediləcək pul vəsaitinin əlli faizini ona ödəməyi (və ya ona məxsus bank hesabına köçürməyi) barədə razılığa gəlmişlər. Əlavə olaraq qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayondakı 30 saylı evin 30 saylı mənzilini xx.xx.2022-ci il tarixli, MŞB-5- 00223 saylı barışıq sazişi imzalandığı gündən etibarən 06 (altı) ay müddətində satılması və satışdan əldə olunmuş pul vəsaitinin hər birinin payı əlli faiz olmaqla bölünməsinə dair razılıq əldə etmişlər. Lakin, xx.xx.2022-ci il tarixli, MŞB-5-00223 saylı barışıq sazişin imzalanması və qüvvəyə minməsindən 06 (altı) aydan da çox vaxt keçməsinə baxmayaraq, Maraqlı şəxs könüllü olaraq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, Maraqlı şəxs ona əvvəlcədən nağd pul vermədiyindən alqı-satqı müqaviləsini imzalamamışdır. Belə ki, o, satış pulunun hamısının maraqlı şəxsin hesabına köçürülməsinin əleyhinədir. Çünki, o, yenə də Maraqlı şəxs asılı vəziyyətə düşəcəkdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, mübahisəli evi satmaq istədiyini, lakin alınmadığını, ərizəçinin ondan nağd pul istədiyini, əks halda alqı-satqı müqaviləsini imzalamaqdan imtina etməsini, nağd pulunun olmadığı üçün verə bilmədiyini bildirdi. Qeyd olunanların nəzərə alınmasını xahiş edərək, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/5-00223 saylı barışıq sazişinin 2.4-cü bəndindən görünür ki, mediasiya prosesində Maraqlı şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayondakı 30 saylı evin 30 saylı mənzilini satmaq və həmin mənzilin satışından əldə ediləcək pul vəsaitinin 50%-ni Ərizəçi vermək (və ya Quluyeva (Baxışova) Əsli Həmid qızına məxsus bank hesabına köçürmək) barədə öhdəlik götürmüşdür. Mübahisəli mənzilin satılması ərizəçinin öz payını əvvəlcədən nağd şəkildə almadan müqaviləni imzalamaqdan imtinası səbəbindən mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. AR MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki,Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi barışıq sazişi qanuna zidd olduğundan təmin edilməməli, tərəflər-Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5-00223 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, mülki qanunvericilik və Konstitusiya Məhkəməsinin istinad olunan hüquqi mövqeyi paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş, bunu riayət edilməsi zəruri olan bir neçə mərhələyə ayırmış, mübahisəli əmlakın yalnız açıq hərracdan satılmasını, bundan əvvəl isə mütləq həmin mərhələli ardıcıllığa əməl olunmasını müəyyənləşdirmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin olunmasın və tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5-00223 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5950/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5950/2022
05.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver