Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5965/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00985 №-li barışıq sazişinin təsdiq edilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat və dövlət rüsumu kimi ödədiyi 50 manatın da maraqlı şəxsə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, uşaq ananın yanında saxlanılmaqla atadan aliment tutulmuşdur. O, övladı ilə ünsiyyətdə olmaq üçün mediasiyaya müraciət etmiş və nəticədə barışıq sazişi bağlamışlar. Sazişin şərtlərinə görə o, övladı ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-dək və həftənin qalan günləri isə sərbəst şəkildə görüşməli idi. Maraqlı şəxs bu barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs bir neçə dəfə sazişin şərtlərinə əməl etsə də, sonradan sazişin şərtlərinə əməl etmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs övladı xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi atası Ərizəçi ilə həftənin bazar günü saat 11:00-dan 20:00-a qədər və həftənin qalan günləri isə sərbəst şəkildə görüşməsinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürmüşdür. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Ağayarova (Mirzəliyeva) Xalidə İlham qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X2 ananın yanında qalması və xx.xx.2021-ci il tarixdən etibarən yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 100 manat və uşağın 3 yaşı tamam olanadək hər ay 30 manat sabit pul məbləğində alimentin Ərizəçi tutularaq X3 ödənilməsi və Ərizəçi X1 hamiləliyi dövrü üçün, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 100 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, AR MPMnin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir Ona görə də, ərizə bu hissədə təmin olunmalıdır. Məhkəmə, iddianın mediasiya xərci və dövlət rüsumu tələbi ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Maraqlı şəxs ərizəçi tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərci ərizəçinin xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs övladı xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi atası Ərizəçi ilə həftənin bazar günü saat 11:00-dan 20:00-a qədər və həftənin qalan günləri isə sərbəst şəkildə görüşməsinə etiraz etməyəcəyi və buna şərait yaradacağını öz öhdəsinə götürməsi barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00985 №-li Barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərci Ərizəçi xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5965/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5965/2023
15.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver