Məhkəmə qərarları › İş №2(060)-5984/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5984/2025

26.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5984/2025 26.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 39.372 (otuz doqquz min üç yüz yetmiş iki) manat məbləğində (13.500 manat Bankda olan pulun qalığı, 9.216 manat qızıl-zinət əşyalarının dəyər qiyməti, 16.500 manat beş il ərzində yığılmış faizlər) və 156.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 39.372 (otuz doqquz min üç yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun 39.372 (otuz doqquz min üç yüz yetmiş iki) manat məbləğində pulunu mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Belə ki, cavabdeh onun anasıdır. 2014-cü ilin aprel-may aylarında onun 30.000 (otuz min) manat məbləğində pulu var idi. Məqsədi ev almaq idi. Lakin, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına getmək istəmiş, ona görə də həmin vaxt 30.000 (otuz min) manat məbləğində pulu "xxxx" ASC-nin Sumqayıt filialında anasının adına depozitə köçürmüş və anası ilə danışıb razılığa gəlmişdir ki, onlar Rusiyadan qayıdana kimi pul onun adında bankda qalsın, üstünə faizlər yığılsın və onlar qayıdanda həmin pula ev ala bilsinlər. 2016cı ilin aprel ayında o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Tula şəhərinə getmişdir. 2022-cı ildə qardaşı Əliyev Teymur vəfat etdiyinə görə o Azərbaycana qayıtmış və həmin vaxtdan etibarən bu günə kimi Azərbaycandadır. O Azərbaycana qayıtdıqdan sonra anasına müraciət edib demişdir ki, pulu bankdan çıxarsın, ev almaq istəyir. Anası isə 2022-ci ilin sentyabr ayında "xxxx" ASC-dən 16.500 (on altı min beş yüz) manat pul çıxarıb ona vermiş və demişdir ki, pulun hamısı budur, qalanını xərcləmişdir. O nə qədər xahiş-minnət etmişdirsə, anası ona qulaq asmamış və bu günə kimi də onun 13.500 (on üç min beş üz) manat pulunu qaytarmaq istəmir. Bundan başqa, anasında onun təxminən 10.000 (on min) manat dəyərində qızıl-zinət əşyaları da qalmışdır (əyarı 583 olan 1 ədəd qızıl boyunbağı - 34 qram,1 ədəd kulon məscid və aypara - 9 qram, 5 ədəd nişan üzüyü, narıncı rəngdə bir cüt sirga, bir cüt qırmızı qaşlı sırğa, altı cüt qaşsız sırğa, 3 ədəd nazik boyunbağı, 4 ədəd qaşlı qadın üzükləri, bir ədəd kişi üzüyü, bir dəst komplekt - üzük və sırğa, 3 ədəd nazik qızıldan qolbağ, biri tros formasında, beş cüt uşaq sırğaları və 15 qram əridilmiş qızıl - külçə formasında). Anası onları da ona qaytarmır. Onlar beş il Rusiya Federasiyasında qalmış və bu müddət ərzində ildə 11% olmaqla 30.000 (otuz min) manatın yığılıb qalmış 16.500 (on altı min beş yüz) manat məbləğində faizlərini də anası ona vermək istəmir. 2023-cü ilin oktyabr ayında anasına demişdir ki, kirayədə yaşayır, maddi vəziyyəti ağırdır, imkanı yoxdur, qızı Güləri həkimə aparacaq, ona pul lazımdır. O, həmin qızıllardan bir neçəsini ona vermiş və onları 784.00 (yeddi üz səksən dörd) manata satıb qızının müalicəsinə xərcləmişdir. Hazırda, anası yenə də ona məxsus pul vəsaitini və qızıl-zinət əşalarını qaytarmaq istəmir. Ona görə də anasına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hamısı yalandır.Depozitə pulu yoldaşı qoymuşdur.Qızıl-zinyət əşyalarını da yoldaşı almışdır.Aralarında heç bir razılaşma olmamışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 156 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehin 30.000 (otuz min) manat məbləğində pulu "xxxx" ASC-nin Sumqayıt filialında anasının adına depozitə köçürməsi və 9.216 manat qızıl-zinət əşyalarının verilməsi ilə bağlı iddia tələbinin hüquqi əsasını təşkil edən subutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsası öz təsdiqini tapmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə pulun verildiyini təsdiq edən yazılı müqavilə və qəbz təqdim etməmiş, banka depozit qoyulması ilə bağlı hər hansı müqavilə mövcud deyildir. Qızıl-zinət əşyalarının kimə məxsus olması, cavabdehdə qaldığını sübut edən hər hansı sənəd məhkəmə mübahisəsinin predmeti olmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə pul məbləği və qızıl-zinət əşyalarının verilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş və bu halla bağlı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir.Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi sübuta yetirilmədiyindən, əsassızdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar