Məhkəmə qərarları › İş №2(060)-5997/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5997/2025

05.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5997/2025 05.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025-00504 saylı barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan 1 övladı xx.xx.2020-ci il təvəllüdlü X5 vardır. Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində MŞŞ/MT030/2025-00504 saylı barışıq sazişi imzalamışdırlar. İmzalanmış barışıq sazişi mediasiya təşkilatı tərəfindən təsdiq olunmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli MŞŞ/MT030/2025-00504 saylı barışıq sazişində xx.xx.2020-ci il təvəllüdlü X2 atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00-da götürülüb, həmin günü saat 20:00-da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir.

Tərəflərin mövqeləri:

3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilib ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, barışıq sazişində təsdiq olunması tələb olunan bəndlə razı deyildir. Maraqlı şəxs 2-3 saat müddətində övladı ilə görüşə razı olduğunu bildirsə də, barışıq sazişində artıq müddət müəyyən edilmişdir. Buna görə də barışıq sazişinin həmin bəndi ilə razı deyildir. Hüquq haqqında mübahisə olduğu üçün işə iddia icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən hazırki iş baxılmamış saxlanılmalıdır.

Tədqiq olunan sübutlar:

5. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 5-ci bəndindən görünür ki, X3 xx.xx.2020-ci il təvəllüdlü X2 atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00 da götürülüb, həmin günü saat 20:00 da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşdür.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

6. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun

26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, maraqlı şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməməlidir.

8. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 5-ci bəndinə əsasən X3 xx.xx.2020-ci il təvəllüdlü X2 atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00 da götürülüb, həmin günü saat 20:00 da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Hazırda ərizəçi mediasiya prosesində bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişinin 5-ci bəndinin təsdiq olunmasını xahiş edir.

9. Mediasiya prosesində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina olunmasının MPM-in 355-26.1- ci maddəsində nəzərdə tutulan iki əsası vardır: 1) barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.

10. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman ”Mediasiya haqqında” Qanunun 26-cı maddəsinin tələbləri pozulmuşdur.

11. Belə ki, həmin Qanunun 26.3-cü maddəsinə deyilir ki, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır.

12. Məhkəmə qeyd edir ki, uşaqla ünsiyyət hüququnun təmin edilməsi onun maraqlanına toxunanan mübahisədir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir.

13. İş materiallarından da görünür ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamışdır. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi mediasiya prosesini tənzimləyən normanın tələblərini pozmaqla bağlandığından təsdiq edilə bilməz.

14. Məhkəmə atanın uşaqla ünsiyyət hüququnun olmasını inkar etmir. Lakin hazırki halda yetkinlik yaşına çatmayan uşaqların ataları ilə görüş hüququnun onların yaşı, bağçaya, yaxud məktəbə gedib-getməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsi daha məqsədəmüvafiqdir.

15. Beləliklə, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 5-ci bəndi təsdiq edilməməlidir.

Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizəçi Sumqayıt 1 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində imzalanmış MŞS/MT030/2025-00504 saylı barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq olunması barədə ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar