Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6046/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X1, maraqlı şəxs Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2021-ci ilidə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlarr. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X7 adlı bir övladları olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-3838/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər birgə nümayəndələri vasitəsi ilə Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Mediasiya təşkilatında xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana kimi hər ay 80 manat maddi yardım ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh indiyə qədər öhdəliyini yerinə yetirməmiş, aliment öhdəliklərini yerinə yetirməyəcəyi barədə fikir söyləmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatana kimi hər ay 80 manat maddi yardım ödəmək barədə Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili X4 ərizəyə dəqiqləşmə verərək, tərəflərin ərizəçi və maraqlı şəxs kimi qəbul edilməsini və iddia hissəsinin barışıq sazişinin təsdiq edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili X4 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh nümayəndəsi və vəkili X5 ərizədə qeyd edilənlərə etirazı olmadığını bildirmişdir.
6. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 13 mart 2023-cü il tarixində verilmiş AZ-T № 050446 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 05 iyun 2021-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Mütəllimova soyadı verilmişdir.
8. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında mediator X6 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023-01031 saylı barışıq sazişinə əsasən hər iki tərəf (İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 təmsil edir), bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2021-ci il tarixli, 17 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında yaşamasına razıdırlar. Cavabdeh, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimenti və uşaq üç yaşına çatana kimi hər ay 80 manat maddi yardımı İddiaçı ödəmək barədə öhdəlik götürür. İddiaçı, xx.xx.2023-cü il təvəllüdlü X3 atası Cavabdeh ilə (uşaq bir yaşına çatana kimi ananın iştirakı ilə) hər həftənin şənbə günü iki saat ərzində görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Tərəflər arasında xx.xx.2023-cü il təvəllüdlü X3 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur. Mediasiya prosesində hər iki tərəf tərtib və təsdiq etdikləri siyahıda göstərilən İddiaçı məxsus şəxsi və cehiz əşyalarının nikahın pozulması barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra bir ay ərzində Cavabdeh tərəfindən təhvil veriləcəyi barədə razılıq əldə etdilər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmışdır, həmin barışıq sazişinin 3-cü bəndinə əsasən Cavabdeh, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimenti və uşaq üç yaşına çatana kimi hər ay 80 manat maddi yardımı İddiaçı ödəmək barədə öhdəlik götürür. Hazırda ərizəçi maraqlı şəxsin sazişin həmin bəndinin icrasından yayındığını əsas gətirərək barışıq sazişinin həmin hissədə təsdiq edilməsini məhkəmədən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
12. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
13. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
14. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
15. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
16. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
17. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qismən təsdiq edilməklə ərizə təmin edilməlidir.
Nəticə hissəsi:
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Cavabdeh, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti və uşaq üç yaşına çatana kimi hər ay 80 (səksən) manat maddi yardımı İddiaçı ödəmək barədə öhdəlik götürür. Qətnamə dərhal icra olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva