Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6058/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 10 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X2 29.05.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, mərhum X5 onun qardaşıdır. Qardaşı K.Məlikov 29.05.2021-cil tarixdə qəflətən özünü pis hiss etmiş və dərhal Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansıyasına çağırış etmişdir. Briqada gəlib baxdıqda artıq qardaşının öldüyünü bildirmişlər. X6 Sumqayıt Şəhər qəbristanlığında dəfn etmişdirlər. Lakin adına ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq ərizəçi onu da bildirdi ki, hazırda qardaşına baş daşı qoyulmamışdır. Sözügedən faktın müəyyən edilməsi isə ona vərəsəliklə bağlı məsələlərin həll edilməsi üçün lazımdır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi ilə qonşudur. Təsadüfən həyətdən keçərkən Validə qardaşının öldüyünü deyərək onu köməyə çağırmışdır. O, digər qonşularla birlikdə köməyə getmişdir və mərhum Kamil Məlikovu şəhər qəbristanlığında dəfn etmişdirlər. Şahid qismində dindirilən X4 bildirdi ki, Ərizəçi ilə qonşudur. Bildiyinə görə Validənin qardaşı Kamil xəstə olmuşdur. 29.05.2021-ci il tarixdə Kamilin halı qəflətən pisləmiş və ölmüşdür. Həmin vaxt Validə onu və digər qonşuları köməyə çağırmışdır. O, digər qonşularla birlikdə köməyə getmişdir və mərhum Kamil Məlikovu şəhər qəbristanlığında dəfn etmişdirlər. O şəxsən Kamil Məlikovun yas mərasimində də iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 24 iyun 2021-ci il tarixli, 05/Q-1746/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi X2 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil X1 Vətəndaşlara Xidmət İdarəsinin 14.06.2021-ci il tarixli, 15 nömrəli arayışından görünür ki, X5 29.05.2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 1103 nömrəli arayışdan görünür ki, 29.05.2021-ci il tarixdə saat 16:20 radələrində X2 adına 33 nömrəli çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1976-cı il təvəllüdlü X2 meyiti aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X5 29.05.2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X1 Vətəndaşlara Xidmət İdarəsinin 14.06.2021-ci il tarixli arayışı, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 29.05.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 29.05.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6058/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6058/2021
10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver