Məhkəmə qərarları › İş №2(060)-650/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-650/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-650/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 03 fevral 2022-ci ildə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 ərizəçinin atasıdır, xx.xx.2022-ci il tarixində ölmüşdür. Həmin tarixdə Sumqayıt Tibb Mərkəzi PHŞ X8 Stansiyasına saat 23:40-da ölümün qeydiyyatının aparılması üçün məlumat verilmişdir. Həkimlər gəldikdə onun meyidi aşkar edilmiş və müvafiq qeydiyyat aparılmışdır. Atası Abşeron rayonu, Saray qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü ərizəçiyə məlum olmayan səbəblərdən onun ölümü ərizəçiyə haqqında müvafiq qeydlər aparılmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. Atasının ölüm faktının qeydiyyata alınması zərurəti yaranmışdır. Belə ki, ərizəçinin təhsili ilə əlaqədar bu sənəd ərizəçidən tələb olunur və atasının ölümünü təsdiq edən sənədin təqdim edilməsi zəruridir. Ərizəçi Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etsə də, oradan ərizəçiyə şifahi olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, 18-ci mikrorayonda yaşayırlar, ərizəçi qonşusudur, qaldıqları evdən 1 mərtəbə yuxarıda yaşayırlar. X4 narkotik aludəçisi olmuş, 03 fevral 2022-ci il tarixində ölmüşdür. X1 qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Əhmədova Hicran Elxan qızı ifadə verərək bildirdi ki, ərizəçi onların üst qonşusudur. X4 03 fevral 2022-ci il tarixində ölmüş, Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Abşeron Rayon Saray Bələdiyyəsinin 12 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2022-ci ildə Abşeron rayonunun Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/Q-90-76 saylı məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2438 saylı arayışdan görünür ki, briqada verilən ünvana çatdıqda 1971-ci il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə X4 “aşağı ətrafların damar xəstəliyi” əziyyət çəkmiş, dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Müayinə zamanı meyid üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. - ərizəçinin təqdim etdiyi fotoşəkildə olan məzarda X4 qeyd edilərək ölüm tarixi xx.xx.2022-ci il göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası X4 xx.xx.2022-ci ildə ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1971-ci il təvəllüdlü X2 03 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar