Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6644/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 8000 manat pulun, maddi-mənəvi vurduğu zərərə görə 2000 manat pulun, eyni zamanda hər gecikmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında qətnamə icra olunan günə qədər illik 10% hesablamaqla və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2 il olar ki, iddiaçını cavabdehlə yoldaş kimi münasibəti olmuşdur. 2020-ci ilin yanvar-fevral aylarında cavabdeh iddiaçıya qardaşının ağır vəziyyətdə olduğunu və ona təcili 8000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Hətta o, iddiaçıdan pulu istəyərkən əlavə ödəniş olunacağını da bildirmişdir. 03 fevral 2020-ci il tarixində iddiaçı həmin məbləği cavabdehə vermiş və onun dilindən qəb almışdır. Cavabdeh pulu 6 ay müddətində götürməsinə baxmayaraq həmən pulu qaytara bilməyib və onun müqabilində Yaşıldərə bağlar massivində 6 sot torpaq təklif edib. Bununla bağlı cavabdeh 05 noyabr 2020-ci ildə həmin torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı da qəbz verib. Bundan sonra iddiaçı həmin ərazidə tikinti işləri aparmaq istəyəndə cavabdeh səs-küy salmağa başlamış və bildirmişdir ki, bu torpaq sahəsini 15000 manata satacaq və vəd etdiyi 10000 manat pulu verəcəkdir. Lakin, onun bu vədi də yalan olmuşdur. Cavabdeh və ailəsi ona pul verməyəcəklərini deyib yayınmağa başlayıblar. Beləliklə, cavabdeh iddiaçının 8000 manat məbləğində pulunu mənimsəyərək vermir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, həqiqətən iddiaçıdan borc pul almışdır. Qardaşı xəstə olduğundan onun müalicəsi üçün təcili 4000 manat məbləğində pula ehtiyacı var idi. Bununla bağlı başqa çıxış yolu olmadığından, o, iddiaçıdan 4000 manat borc istəmiş, iddiaçı isə bunun qarşılığında guya 8000 manat borc götürməsi barədə qəbz imzalatmışdır. Cavabdeh borcu qardaşı xəstə olduğu üçün götürmüş, hətta onun müalicəsi üçün evini də satmış, hal-hazırda kirayədə yaşayır. O, ödənişi edə bimədiyi üçün iddiaçıya torpaq sahəsini verməyi təklif etmişdir. Lakin sonra sənədləri almaq istəyəndə bələdiyyədən öyrənmişdir ki, bu torpaq sahəsi başqasına məxsusdur. Ona iki ay möhlət verilərsə, iddiaçıdan aldığı 4000 manat məbləğində vəsaiti ona qaytaracaq. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1965-ci ildə, Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh adından imzalanmış yazılı iltizam əlavə edilmişdir. Həmin iltizamda qeyd edilmişdir ki, “Mən Cavabdeh 03.02.2020-ci il tarixində İddiaçı 8000 (səkkiz min) manatpulu 6 ay müddətinə qaytarmaq şərti ilə borca götürdüm”. İltizam imzalanmış və imza sözündən sonra “Cavabdeh” sözləri qeyd edilmiş və 03.02.2020-ci il tarixi qoyulmuşdur. İş materiallarında cavabdeh tərəfindən 05.11.2020-ci ildə imzalanmış qəbzə əsasən, iddiaçıya ödəməli olduğu 8000 manat pulun müqabilində Yaşıl Dərə massivində yerləşən 6 sot torpaq sahəsini iddiaçıya satdığını, gələcəkdə torpaqla bağlı hər hansı bir problem yaranarsa, torpaq üçün vermiş olduğu pulunu 3 gün müddətində iddiaçıya geri qaytarmağı öhdəsinə götürdüyünü, götürmüş olduğu pulun müqabilində satmış olduğu torpaq sahəsində hər hansısa problem yaranarsa və almış olduğu pulu da geri qaytarmazsa, məsuliyyətə cəlb olunacağına heç bir etirazı olmayacağını qeyd etmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş yazılı iltizamda cavabdeh iddiaçıdan 8000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdeh həmin əlyazmanın və imzanın ona məxsus olduğunu məhkəmə iclasında mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarında olan yazılı iltizamda cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin iltizama borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh həmin iltizamla cavabdehə 8000 manat borcunun olduğunu etiraf etdiyi üçün iddia həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Cavabdeh iddiaçıdan əslində 4000 manat məbləğində pul aldığını, lakin iddiaçının təkidi ilə məcbur qalaraq 8000 manat alması barədə iltizam yazıb imzaladığını bildirsə də, qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mənəvi ziyanın tutulması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçı cavabdehin öz öhdəliyinin icrasını gecikdirməsi səbəbindən mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia mənəvi ziyanın tutulması hissəsində təmin edilə bilməz. İddiaçı həmçinin həmin puldan faydlanmağa görə cavabdehdən faizlərin tutulmasını tələb edir. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı cavabdehdən illik faizləri də tələb etməsinə baxmayaraq həmin məsələlərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Yəni, cavabdehin pul məbləğindən faydalanma dövrünün müəyyən edilməsi qeyri-mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 8000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8000 (səkkiz min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6644/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6644/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver