Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6707/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh və onun ailəsi tərəfindən qanunsuz zəbt etdikləri ünvan 1 ünvanında yerləşən ona məxsus 7 nömrəli mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil ******* saylı X1 əsasən xüsusi mülkiyyətindədir. Mənzil atası tərəfindən alınmışdır və sonradan onun adına keçirilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olsa da, ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdirlər. Çünki mənzil məcburi köçkün ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Uzun müddət bir çox dövlət orqanlarına müraciət etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Uzun müddətdir ki, öz şəxsi mülkiyyətindən məhrum olmuşdur. Bununla da ona və ailəsinə uzun illərdir ki, maddi və mənəvi ziyan dəymişdir. Məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunması onun yox, icra hakimiyyəti orqanlarının vəzifəsidir. Məcburi köçkünlərin yerləşdirilməsi və onların problemlərinin həll olunması üzrə dövlət siyasətini həyata keçirən orqan Qaçqınların və X2 üzrə Dövlət Komitəsidir. Eyni zamanda məlumdur ki, son ilərdə işğaldan azad olunmuş torpaqlarda inşa edilən mənzillərə köçürülmə prosesləri aparılmaqda idi. Hazırda təkcə Sumqayıt şəhərində 100-lərlə məcburi köçkün ailəsi yaşayış yeri ilə təmin olunmuşdur. Məhz azad olunmuş torpaqlara yerləşdirilən ailələrin öncədən yaşadığı mənzillər boşaldılmışdır. Həmin mənzillərə də, evləri olmayan qalan bir çox məcburi köçkün ailələri də yerləşdirilə bilərdi. Lakin buna baxmayaraq, hələ də məcburi köçkünlər evindən çıxarılmamışdır və bu məsələ illərdir ki, öz həllini tapmamışdır. Mütləq şəkildə nəzərə alınmalıdır ki, ona və ailəsinə məxsus mənzil 1993-cü ildən zəbt edilmişdir. Bu müddət ərzində dövlət orqanları mülkiyyətində olan mənzilin boşaldılması üçün heç bir addım atmamışdırlar. Cavabdehin və ailəsinin qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, ailəsi və o mənzili kirayə versəydilər, 32 il ərzində yüksək gəlir əldə etmiş olacaqdırlar. Maddi ziyan ilə yanaşı mənəvi ziyan da vurulmuşdur. İllərlə mənzili zəbt edilmiş, ailəsi və onun həmin mənzildə yaşamaq hüququ pozulmuşdur. Nəticədə ona mənəvi ziyan da dəymişdir. Nəzərə alınmalıdır ki, konstitusion hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. Cavabdehlərə dəfələrlə müraciətlər etmiş, amma evinin boşaldılmasına nail ola bilməmişdir. Bu isə qanunun kobud pozuntusudur. Fundamental hüquq olan və Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququm hələ də pozulur. Bu pozuntu məhz cavabdehləri hərəkətləri nəticəsində baş verir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 1993-cü ildən 5 nəfər ailə üzvü ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. İddia tələbinə etirazı yoxdur. Ev iddiaçıya məxsusdur.
Tədqiq olunan sübutlar:
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 1, 7 saylı mənzil üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 608 nömrəli arayışdan görünür ki, Cavabdeh Qubadlı rayonundan məcburi köçkündür, ailə üzvləri – X4, X3, X5 və X10 oğlu ilə birlikdə ünvan 2 ünvanında məskunlaşmışdır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:
-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
12. İş materialları ilə müəyyən olunur ki, ünvan 1, 7 saylı mənzil İddiaçı məxsusdur. Hazırda İddiaçı ona məxsus mənzildə yaşayan Cavabdeh və ailə üzvlərinin həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.
13. Cavabdeh iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişdir, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdeh məcburi köçkün kimi faktiki olaraq mənzili özbaşına tutmaqla hər hansı hüquqi əsas olmadan orada yaşayır.
14. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
15. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən.
16. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
17. Belə ki, cavabdeh iddiaçıya məxsus mənzildə hər hansı bir qanuni əsas olmadan yaşayır və həmçinin o, məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd də (sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür.
18. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin mübahisəli mənzildə məskunlaşması həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur.
19. Cavabdehin məcburi köçkün olması ilə əlaqədar həmin mənzildə yaşamasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
21. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
22. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktı qanunsuz elan edilib.
23. Eyni zamanda iddia tələbində iddiaçı cavabdehin və ailə üzvlərinin bu mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehin ailə üzvlərinin qeyd olunan mənzildən çıxarılması hissəsi qeyri-müəyyən olmaqla aydın deyildir.
24. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, cavabdehin ailə üzvlərindən yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslər ayrıca prosessual statusu olan şəxsdir. Bu baxımdan həmin şəxslərin cavabdeh ilə birlikdə bu mənzildən çıxarılması yalnız o halda qiymət vermək mümkün olardı ki, onlar da iddia ərizəsində cavabdehlər kimi qeyd edilsin və hazırkı iş üzrə cavabdeh ilə birlikdə cavabdeh statusunu alsınlar. Hazırki halda isə iddianın ailə üzvlərinə aid hissəsi iş üzrə cavabdehə yönəlmiş tələb kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1, 7 saylı mənzildən çıxarılmalı və İddiaçı ünvan 1, 7 saylı mənzilə köçürülməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1, 7 saylı mənzildən çıxarılsın. İddiaçı ünvan 1, 7 saylı mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva