Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6736/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs 2025-ci ilin sentyabr ayından başlayaraq hər ayın 1-dən 5-nə kimi xx.xx.2009-cu il təvəllüdlü oğulları X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay üçün 500 manat sabit pul məbləğində alimenti onun kart və ya bank hesabına ödəyəcəyi barədə Bakı şəhəri 16 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01204 saylı barışıq sazişinin 1 və 2-ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər 16 saylı Mediasiya təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixdə MŞB/16/2025-01204 saylı mediasiya işi üzrə aralarında barışıq sazişi bağlanmış və həmin sazişin birinci bəndində maraqlı şəxs birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü oğulları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat alimenti ona ödəməyi öhdəsinə götürmüş və həmin sazişin ikinci bəndinə əsasən o, bunu 2025-ci ilin sentyabr ayından başlayaraq hər ayın 1-dən 5-nə kimi onun təqdim etdiyi kart və ya bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. Lakin o, sazişin şərtinə əməl etməmiş və barışıq sazişinin 8-ci bəndində əsasən həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, barışıq sazişini müəyyən səbəblərdən icra etmir. Məbləği ödəməmişdir. Ərizənin təmin edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndərindən görünür ki, 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 (beş yüz) manat alimenti 1-ci tərəfə (Ərizəçi) ödəməyi öz öhdəsinə götürür. Alimentin ödənilməsi 2025-ci ilin sentyabr ayından başlayaraq hər ayın 1-dən 5-nə qədər 1-ci tərəfin (Ərizəçi) təqdim etdiyi kart və yaxud bank hesabına ödəniləcəkdir.
6. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 fevral 2009-cu il tarixli, AZ-İ seriyalı, 478503 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X2 arasında 13 fevral 2009-cu il tarixində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 166 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir.
7. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 fevral 2009-cu il təvəllüdlü AZ-İİ seriyalı, 233338 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 03 fevral 2009-cu il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
11. Məhkəmə qeyd edir ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.
12. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarı ilə bağlı barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.
13. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/16/2025-01204 saylı, 29 avqust 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir.
Nəticə:
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞB/16/2025-01204 saylı, 29 avqust 2025-ci il tarixli barışıq sazişinin 1-ci və 2-ci bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: “1. 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 (beş yüz) manat alimenti 1-ci tərəfə (Ərizəçi) ödəməyi öz öhdəsinə götürür.” “2. Alimentin ödənilməsi 2025-ci ilin sentyabr ayından başlayaraq hər ayın 1-dən 5nə qədər 1-ci tərəfin (Ərizəçi) təqdim etdiyi kart və yaxud bank hesabına ödəniləcəkdir.” Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva