Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6781/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi Ağababa qızı ilə iş üzrə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, onunla, yəni Ərizəçi Ağababa qızı ilə iş üzrə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi təsdiqlənmişdir. Həmin barışıq sazişi Sumqayıt şəhəri Mediasiya təşkilatında təsdiqlənmişdir. Həmin sazişə görə aşağıda göstərdiyi öhdəlikləri qəbul etmişdirlər: 1. Hər iki tərəf mediasiya prosesində nikah münasibətlərini davam etdirəcəklərini və hal-hazırda aralarındakı nikaha xitam vermək istəmədiklərini bildirdilər. 2. Tərəflər birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 hal-hazırda Ərizəçi Ağababa qızı ilə birlikdə yaşadıqlarını, yetkinlik yaşma çatana kimi onun himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3. Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası - Maraqlı şəxs ilə hər hansı (ay, gün, saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4. Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 5. Tərəflər arasında xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansısa mübahisə və ya fikir ayrılığı yoxdur. Göründüyü kimi iş üzrə maraqlı şəxs uşaqlara 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimenti ona, yəni Ərizəçi Ağababa qızma ödəyəcəyinə dair öhdəlik götürüb. Həmin vaxtdan sonra cəmi 2 ay aliment ödədi. Qalan aylarda heç bir ödəniş etməyib. Sadəcə onun valideynlərinə məxsus evdə qaldığı üçün aliment tələb etməyə çəkinirdi. Fikirləşirdi ki, bunu etdiyi halda evdən çıxarıla bilər. Hal-hazırda iş üzrə maraqlı şəxsin təzyiqi ilə artıq 2 aydır ki, evdən çıxarılmışdır. Öz valideynlərinə məxsus evdə yaşayır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, alimenti vaxtıvaxtında ödəyir. Lakin son 1 aydır ki, ödəniş edə bilmir. Hal-hazırda aliment borcu vardır.
Tədqiq olunan sübutlar:
6. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) Hər iki tərəf, mediasiya prosesində nikah münasibətlərinin davam etdirəcəklərini və hal-hazırda aralarındakı nikaha xitam vermək istəmədiklərini bildirdilər. 2) Tərəflər birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 xx.xx.2020-ci il təvəllüdlü X1 hal-hazırda Ərizəçi ilə birlikdə yaşadıqlarını, yetkinlik yaşına çatana kimi onun himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3) Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4) Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 5) Tərəflər arasında xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci təvəllüdlü X1 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yoxdur.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.
10. Məhkəmə qeyd edir ki, qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir.
11. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
12. Yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
13. Məhkəmə barışıq sazişinin 1-ci, 2-ci və 5-ci bəndlərinə münasibətdə qeyd edir ki, həmin bəndlərlə tərəflərin nikah münasibətlərini davam etdirməklə bağlı niyyətləri,tərəflər arasında uşaqların təhsili və dini etiqadları ilə bağlı mübahisənin olmaması və uşaqların valideynlərdən kimin himayəsində qalması ilə bağlı mübahisə həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Həmin bəndlərin mahiyyəti ondan ibarətdir ki, tərəflər nikah münasibətləini davam etdirmək niyyətindədirlər və Maraqlı şəxs birgə nikahdan dünyaya gələn övladlarının analarının yanında (himayəsində) qalmasına razıdır.
14. Göründüyü kimi, bu şərtlər özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni uşaqların ananı himayəsində qalmasının və nikah münasibətlərinin davam etdirilməsinin təsbitinə yönəlmişdir. Belə olan halda isə, həmin şərtlərin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır.
15. Ona görə də məhkəmə hesab edir ki, barışıq sazişi həmin hissələrdə təsdiq edilməməlidir.
16. Məhkəmə barışıq sazişinin 3-cü bəndi ilə bağlı qeyd edir ki, həmin bənd uşaqlarla atanın ünsiyyət hüququnun təmin edilməsi ilə bağlıdır. Hazırki ərizənin ərizəçi tərəfindən verilməsi və ərizəçiyə münasibətdə barışıq sazişinin icra edilib-edilməməsi məsələsi araşdırıldığından məhkəmə hesab edir ki, barışıq sazişi qeyd olunan hissədə də təsdiq edilməməlidir. Başqa sözlə desək barışıq sazişinin həmin hissədə icrası hazırki halda ərizəçidən asılıdır. Ərizəçi tərəfindən gələcəkdə maraqlı şəxsin uşaqlarla ünsiyyətinə hər hansı maneənin törədiləcəyi halda maraqlı şəxs, barışıq sazişinin qeyd edilən hissəsinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Çünki qanunvericiliyin tələbinə görə barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranır. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi 3-cü bəndin təsdiq edilməsi hissəsində də təmin edilməməlidir.
17. Məhkəmə barışıq sazişinin 4-cü bəndi ilə bağlı qeyd edir ki, tərəflər həmin bənddə maraqlı şəxs tərəfindən birgə nikahlarından doğulmuş övladlarına alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Ərizəçi həmin bəndin icra edilməməsi səbəbindən barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs da aliment borcunun oduğunu bildirmişdir.
18. Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış tarixli barışıq sazişinin 4-cü bəndini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarı ilə bağlı barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.
19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X4 arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2023-01553 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndi təsdiq edilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2023-01553 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: - Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin sentyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq), hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva