Məhkəmə qərarları › İş №2(060)-6797/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6797/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6797/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Hidayətzadə Züleyxa Allahverdi qızının Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, ev 134-də yerləşən 53 saylı mənzildən çıxarılması və həmin mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, iddiaçının həmin otağa köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəh., 5-ci mikrorayon, S.Vurğun küçəsi, yataqxana 8/12, ev 134, mənzil 53-də yerləşməklə iddiaçının işlədiyi Sumqayıt «Üzvi Sintez» zavodunun HİK-sı tərəfindən xx.xx.2004-cü il tarixli 94 saylı Protokoluna əasən 4 nəfər ailə tərkibi ilə iddiaçıya ayrılmış və həmin Protokol əsasında ona xx.xx.2004-cü il tarixdə Order verilmişdir. İddiaçı həmin vaxt subay olduğu üçün «Kərimpur» soyadını daşımış və ailə həyatı qurduqdan sonra «Hidayətova» soyadını qəbul etmişdir. Cavabdeh iddiaçının bacısıdır, o xx.xx.2023-cü ildə iddiaçıya məxsus mənzilə qanunsuz daxil olaraq həmin mənzilin açarını dəyişmiş, mənzilini zəbt etmiş və iddiaçıya mənzilinə daxil olmağa imkan vermir, İddiaçı cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etdikdə cavabdeh ona hədə-qorxu gəlmiş və bu səbəbdən də pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edir. Bu mənzil iddiaçının və ailə üzvlərinin yaşayış yeridir. Lakin cavabdeh iddiaçının AR Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan konstitusion mənzil hüquqlarını pozaraq iddiaçının mənzilindən, yaşayış yerindən məhrum etmişdir. Halbuki həmin normaya əsasən heç kəs öz yaşayış yerindən məhkəmənin qərarı olmadan məhrum edilə bilməz. Hazırda cavabdehin təqsiri üzündən nə iddiaçı ,nə də onun ailə üzvləri bu mənzilə daxil ola bilmir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus olan mənzili zəbt etməklə ona həmin mənzildən istifadə etməyə imkan vermir. İddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, yataqxananı qardaşının ailəsi üçün 2001-ci ildə o, almışdır. O, həmin yataqxanada yaşamışdır. Qonşu tərəfindən həmin bir otaq satılırdı, qardaşına lazım olduğuna görə o, vasitəçilik etmişdir. Həmin vaxt qardaşı ona 700 dollar pul verib almışdır. Həmin yataqxana zavod ərazisində yerləşdiyinə görə yalnız öz işçilərinə satıla bilərdi. Buna görə də alandan sonra onlar onu Aidə adlı xanımın adına rəsmiləşdirdilər. Sonradan onun ailəsində söz-söhbət yarandığına görə 2004-cü ildə onu bacısı Züleyxanın adına keçirdilər. Onun bacısı da həmin zavodda işləyirdi. Elə həmin vaxtlardan qardaşıyla bacısı küsülü olmuşdur. Qardaşının yerinə o, bacısından xahiş etmişdir ki, evi onun adına keçirtsinlər. Bundan sonra qardaşı onu öz evinə qeydiyyata salmaq üçün dəfələrlə müraciət etsədə, müxtəlif bəhanələrlə bacısı Züleyxa vaxtı uzatmışdır. Qardaşı ağır xəstə olduğuna görə bir müddət sonra artıq həmin məsələ ilə maraqlana bilməmişdir. Onun qardaşı rəhmətə getdiyi tarixə qədər həmin evdə yaşamışdır. Bacısı ilə küsülü olduqlarına görə bir dəfədə olsun o evə gəlməmişdir. Qardaşının son nəfəsinə kimi o, onun yanında olmuşdur. Hesab edir ki, sözügedən otaq onun digər qardaşına verilməlidir. O, həmin mənzildə yaşamır. Lakin mənzilin giriş qapısının açarı onun tərəfindən dəyişilmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını, dinləyib, iş materiallarını araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, yataqxana, 8/12, ev 134, mənzil 53-də yaşayır və mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, “2 №-li forma arayışı”ndan görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, yataqxana, 8/12, ev 134, mənzil 53-ün sahibi İddiaçı Allahevrdi qızıdır. İşə əlavə olan Sumqayıt “Üzvi-Sintez” zavodunun müdiriyyəti, HİK-si və MMK-nın xx.xx.2004-cü il tarixli “Çıxarış”ından görünür ki, 70 saylı sexin işçisi Kərimpur Züleyxa Allahverdi qızının və həyat yoldaşı HMD-nin rəisi Ş.Hidayətovun uzun müddət bu müəsisədə işlədiyini, mənzil şəraitinin çətinliyini və qızının ailə həyatının qurduğunu nəzərə alaraq, zavoda məxsus 8/12 saylı yataqxanada boşalmış 53-cü otağın orderi Z.A.Kərimpurun adına verilməsi qərara alınmışdır. İşdə olan "xxxx" Dövlət Şirkəti tərəfindən 19 avqust 2004-cü il tarixli 94 saylı verilmiş orderdən müəyyən olunur ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi yataqxana 8/12 yerləşən otağı İddiaçı verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 134 yataqxana 8/12, mənzil 53-də X4 qeydiyyatsız göstərilən ünvanda 2021-ci ildən 2023-cü ilin avqust ayında rəhmətə gedənə kimi yaşayıb. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə Sumqayıt şəhəri, 5-ci mkr, ev 134 yataqxana 8/12, ev 134, mənzil 53 order əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Bu səbəbdən üzərində mülkiyyət hüququ olmayan evə faktiki sahiblik edən şəxsin razılığı ilə köçmüş və orada yaşamış digər şəxslərin (evə faktiki sahiblik edən şəxsin arvadı, uşaqları və s.) yaşayış sahəsindən istifadə hüququ yarana bilməz, çünki bu şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin iradəsindən törəyir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Bununla belə, iddiaçının köçürülməsini tələb etdiyi sahənin yataqxana olması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu qeyd edir ki, xx.xx.2004-cü ildən Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, ev 134, mənzil 53 üzərində cavabdeh X1, istifadə hüququ vardır. Artıq 19 ildən artıq müddətdir ki, sözü gedən mənzil onun daimi sahibliyi və istifadəsindədir, potensial, gözlənilən mülkiyyətdir, artıq demək olar ki, həmin mənzilə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh yaratdığı maneələri iddiaçı Z.A.Hidayətzadənin mülkiyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh ailəsi ilə birlikdə Sumqayıt şəhər “Yaşıl dərə” Yeni Yaşayış massivi 4-cü məhəllədə qeydiyyatsız yaşayır və Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, ev 134-də yerləşən 53 saylı mənzildə heç bir vaxt yaşamamış və hazırda yaşamır, lakin qardaşı Kərimpur Cavid öldükdən sonra həmin mənzilin qapısının açarını özbaşına dəyişmiş və iddiaçı Hidayətzadə Züleyxa Allahverdi qızına həmin mənzildən istifadəsinə maneə yaradır. Bu səbəbdən hazırda cavabdehin faktiki olaraq sözügedən mənzildə yaşamamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mənzildən çıxarılma hissəsində təmin edilməməlidir, lakin həmin mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, iddiaçının həmin otağa köçürülməyi hissədə iddia təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı ünvan 1 yataqxana 8/12, ev 134 ünvanında yerləşən 53 saylı mənzilə köçürülməli və cavabdeh tərəfindən mənzilə dair yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Hidayətzadə Züleyxa Allahverdi qızı ünvan 1 yataqxana 8/12, ev 134 ünvanında yerləşən 53 saylı mənzilə köçürülsün. ünvan 1 yataqxana 8/12, ev 134 ünvanında yerləşən 53 saylı mənzilə dair Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aidə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar