Məhkəmə qərarları › İş №2(060)-6840/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6840/2025

06.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6840/2025 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldatma you ilə ondan aldığı 9000 (doqquz min) manat pulun, Sumqayıt Şəhər Məhkəməsinə ödədiyi 110 (yüz on) manat dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödədiyi 500 manatın, ümumilikdə 9610 (doqquz min altı yüz on) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda müəllimə işləyir. Xəstəliyi ilə əlaqədar olaraq demək olar ki, işə getmir. Evinə mebel almaq məqsədi ilə internet vasitəsi ilə mebel axtarmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə internet vasitəsilə mebel axtararkən Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən “NİLİM” mebel mağazası ilə əlaqə saxlamışdır. Özünü mağazanın sahibi kimi təqdim edən Cavabdeh ilə telefonla danışmışdır. Telefon danışığı zamanı ona bildirmişdir ki, onlarda istənilən formada mebel olur. Lakin hal-hazırda yoxdur. Lakin sifariş vermişlər və tezliklə yaxşı mebelləri olacaqdır. O, bir neçə dəfə müxtəlif vaxtlarda onunla telefonla danışıb əlaqə saxlamış və mebellərin gətirilib-gətirilmədiyini soruşmuşdur. Lakin hər dəfə ona bildirmişdir ki, tezliklə mebel olacaqdır. Həmçinin onunla danışanda mehriban danışmış və sanki yaxın adamı kimi ona öz ehtiyaclarını bildirmişdir. Telefon danışıqları zamanı demişdir ki, pula ehtiyacı var və problemini həll etmək üçün pul tapa bilmir. Ondan pul istəmişdir. O isə demişdir ki, pulu yoxdur. Cavabdeh ona demişdir ki, “banklar sənə pul verər. Çünki sən müəlliməsən və dövlətdən maaş alırsan”. Sonra ona demişdir ki, bankdan pul götürüb ona versin və o da mebel gətirəcək, həmin vaxtı hesablaşarlar. O razılaşmış və xx.xx.2025-ci il tarixdə onunla birlikdə Sumqayıt şəhərində yerləşən "xxxx" ASC-nin Qubadlı filialına gəlmişlər. Həmin bankdan 5500 (beş min beş yüz) manat pul öz adına götürüb ona vermişdir. Sonra da ayrı-ayrı vaxtlarda öz birkartından onun göndərdiyi karta hissə-hissə 3500 (üç min beş yüz) manat pul yükləmişdir. Lakin o, mebel gətirməmişdir. Hər dəfə əlaqə saxlayanda mebeli gətirəcəyini vəd etsə də gətirməmişdir. Artıq başa düşmüşdür ki, cavabdeh onu aldadır. Sonradan isə mobil telefon nömrəsini söndürmüşdür. O, son dərəcə çıxılmaz vəziyyətdə qalmışdır. O əlacsız qalıb bu barədə ərizə ilə hüquq-mühafızə orqanlarına müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İŞ-ə gətirilən Cavabdeh 5500 manat bir və 3500 manatda bir, yəni ümumilikdə 9000 manat pulu ondan aldığını və ümumiyyətlə onun barəsində dediklərinin hamısının doğru olduğunu, həm üzləşdirmə zamanı və həm də yazdığı izahatında tam etiraf etmişdir. Lakin buna baxmayaraq ondan aldığı pulun bir hissəsini, yəni 3500 manat pulu müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında 2500 manat miqdarında yazmışdır. Əsl həqiqətdə isə ondan ümumilikdə 9000 manat, yəni əvvəl 5500 manat, bir həftə sonra isə 3500 manat pul almışdır. Polis idarəsində də o, ümumilikdə 9000 manat pulu ondan aldığını etiraf etsə də pulu ona geri verməmişdir. O, bankdan götürüb ona verdiyi pula görə hal-hazırda həmin banka pul ödəyir. Yuxarıda qeyd etdiyi kimi araşdırma zamanı müstəntiq pulun ondan alınaraq qaytarılmasını təmin edə bilməmişdir. İş üzrə araşdırmanı aparan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün iş üzrə cinayət işinin başlanması rədd edilsin və ona sözügedən məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, pis və acınacaqlı vəziyyətdə qalmışdır. Özü ağır xərçəng xəstəsidir. Xəstəliyi ilə əlaqədar işə gedə bilmir. İşə getmədiyi üçün ona maaş da vermirlər. Özü də xəstəliyi ilə bağlı şüa alır və dərmanlar qəbul edir. Həmçinin, Tural adlı şəxsə verdiyi pula görə Kapital bankın Qubadlı filialına pul ödəyir. Daha doğrusu xəstəliyi ilə bağlı iş yerindən ona ödənilən pulu bank aybaay tutur. Həddi-buluğa çatmamış oğlu ilə birlikdə ağır maddi vəziyyətdə qalmışdır. Yemək və dərman pulunu qardaşı verir. Onun da maddi vəziyyəti heç də yaxşı deyil və onun da ailəsi var. Cavabdeh adlı şəxs ona olan inamından istifadə edərək pulunu aldatma yolu ilə ələ keçirmişdir. Əsl həqiqətdə onun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri vardır. Lakin müstəntiq hansı səbəbdənsə onun barəsində cinayət işi başlamamışdır. Onun pul almasına dair izahatı digər sənədlərlə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin arxivindədir.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı ona borcdan 2295 manat ödənildiyini qəbul edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə baxış iclasları onun sübutlar (ödəniş qəbzləri) təqdim etməsinə şərait yaradılması məqsədilə təxirə salınmış, sonuncu məhkəmə baxış iclasında ona məxsus ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış, cavabdeh bildirmişdir ki, hazırda iştirak edə bilmir, saat 18:00-19:00 arası məhkəməyə gəlməsi mümkündür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Lakin ərizədə qeyd edilənlərin 90%-i yalandır. Ümumiyyətlə, aralarında mebel söhbəti olmamışdır. Qarşı tərəf qadın olduğu üçün çox detala getmək istəmir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, iddiaçıdan əvvəlcə 5500 manat, daha sonra 2650 manat olmaqla, ümumilikdə 8150 manat pul götürmüşdür. Həmin puldan 3000 manat qaytarmışdır. Bununla bağlı qəbzləri də var və hazırda məhkəməyə təqdim edir. Hardasa 500-600 manat kəsir ola bilər ki, bu barədə də kartından çıxarışı növbəti məhkəmə iclasına qədər təqdim edə bilər. Aralarındakı razılaşmaya əsasən o, hər ay faizləri ilə birlikdə ödəniş etməli idi. Lakin iddiaçı onu polisə şikayət etdi. İddia ərizəsində də barəsində “dələduz” ifadəsindən istifadə etmişdir. “Dələduz” olsa idi, ümumiyyətlə ödəniş etməzdi. Bundan başqa qeyd etdi ki, son rəqəmləri **** **** **** 7608 nömrəli kart ona məxsusdur. Lakin sonu **** **** **** 7109 nömrəli kart ona məxsus deyil. Məhkəmədən ödənilmiş məbləğlərin 8150 manat çıxılmasını və işə düzgün baxılmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1579 saylı, xx.xx.2025-ci il tarixli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

b) tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

b) məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

12. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

13. İş üzrə cavabdehin iddiaçıdan şəxsi istehlak məqsədi üçün 2025-ci ildə qaytarmaq şərtilə pul istəməsi, iddiaçının həmin pulu bankdan kredit götürərək ona verməsi işin mübahisəsiz halıdır.

14. İddiaçı bankdan 9000 manat kredit götürdüyünü, həmin pulu cavabdehə verdiyini, puldan 2295 manatının qaytarıldığını, yerdə qalan pulun isə bugünə kimi qaytarılmadığını əsas gətirərək, iddiasının təmin edilməsini xahiş etmişdir.

15. Cavabdeh iddiaçıdan şəxsi istehlak məqsədi üçün pul istədiyini, iddiaçının ona vahid niyyətlə əvvəlcə 5500 manat, daha sonra 2650 manat olmaqla, cəmi 8150 manat pul verdiyini və həmin məbləğin 3000 manatını qaytardığını bildirərək iddianı qismən qəbul etmişdir.

16. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış münasibətlərə dair vahid bir hüquqi çərçivədə qiymət verilməsi zəruridir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə eyni bankdan həm nağd kreditin götürülməsi, həm də kredit xəttinin açılması, pulun cavabdehə verilməsinin vahid bir niyyətə – yəni cavabdehin maliyyə ehtiyaclarını qarşılamaq məqsədinə xidmət etdiyini göstərir. Bu səbəbdən, məbləğlərin hissə-hissə verilməsi onları müstəqil əqdlər kimi deyil, vahid bir iqtisadi əməliyyatın tərkib hissələri kimi xarakterizə edir.

17. İddiaçı cavabdehə borc şəklində vahid niyyətlə 9000 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır.

18. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.

19. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

20. Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər.

21. Bu institutun tətbiqi üçün iki əsas şərt kifayətdir: a) bir şəxsin digərinin hesabına əmlak əldə etməsi; b) bu əldə etmənin qanuni və ya müqavilə əsasının olmaması.

22. Göründüyü kimi cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi pulu qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmadan varlanmışdır. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh əldə etdiyi həmin vəsaitin yerdə qalan hissəsini məhrum olanın, yəni iddiaçının mövcud tələbi ilə ona qaytarmalıdır.

23. Hazırda mübahisə predmeti öhdəliyin həcmi, onun nə qədər hissəsinin ödənildiyi və yekun borcun məbləği ilə bağlıdır.

24. İddiaçı tərəf ərizəsində və məhkəmə iclaslarındakı izahatlarında cavabdehə 9000 manat məbləğində borc verdiyini bildirsə də, cavabdeh borcun mövcudluğunu polis şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında 8000 manat, xx.xx.2026-cı il tarixli məhkəmə iclasında 8150 manat hissədə etiraf etmişdir.

25. İddiaçı tərəfindən cavabdehə ödənişlərin edilməsi ilə bağlı qəbzlər təqdim edilmişdir. Həmin qəbzlərdən görünür ki; xx.xx.2025-ci il tarixli, **********8 nömrəli qəbzə əsasən, Birbank sistemi vasitəsilə **** **** **** 1376 kart hesabından **** **** **** 7109 nömrəli Unibank kart hesabına 1700 manat; xx.xx.2025-ci il tarixli, **********7 nömrəli qəbzə əsasən, Birbank sistemi vasitəsilə **** **** ****1376 kart hesabından **** **** **** 7608 nömrəli Leobank kart hesabına 850 manat; xx.xx.2025-ci il tarixli, **********3 nömrəli qəbzə əsasən, Birbank sistemi vasitəsilə **** **** ****1376 kart hesabından **** **** **** 7608 nömrəli Leobank kart hesabına 150 manat; xx.xx.2025-ci il tarixli, **********8 nömrəli qəbzə əsasən, Birbank sistemi vasitəsilə **** **** ****1376 kart hesabından **** **** **** 7608 nömrəli Leobank kart hesabına 45 manat; xx.xx.2025-ci il tarixli, **********1 nömrəli qəbzə əsasən, Birbank sistemi vasitəsilə **** **** ****1376 kart hesabından **** **** **** 7608 nömrəli Leobank kart hesabına 305 manat məbləğində pullar köçürülmüşdür.

26. Cavabdeh həmin kartlardan yalnız **** **** **** 7608 nömrəli Leobank kartının ona məxsus olduğunu bildirmişdir. Həmçinin, cavabdeh polis şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında da məbləğlərin ona məxsus Leokarta köçürüldüyünü etiraf etmişdir. İddiaçı tərəfindən **** **** **** 7109 nömrəli Unibank kart hesabının məhz cavabdehə məxsus olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.

27. Odur ki, məhkəmə cavabdehin etirafını mötəbər sübut kimi qiymətləndirərək (“confessio est regina probationum”) mövcud öhdəliyin həcminin 8150 manat olması ilə razılaşır.

28. Həmçinin, borcun qaytarılmış hissəsinə münasibətdə cavabdeh cəmi 3000 manat ödəniş etdiyini bildirsə də, iddiaçı borcdan cəmi 2295 manat ödənildiyini bildirmişdir.

29. Cavabdeh tərəfindən ödənişlərin edilməsi ilə bağlı qəbzlər təqdim edilmişdir. Həmin qəbzlərdən görünür ki; xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən 225 manat; xx.xx.2025-ci il tarixli, 19527 nömrəli ödəniş qəbzinə əsasən 300 manat; xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən 250 manat; xx.xx.2025-ci il tarixli, 20659 nömrəli ödəniş qəbzinə əsasən 170 manat; xx.xx.2025-ci il tarixli, 30128 nömrəli ödəniş qəbzinə əsasən 1350 manat olmaqla, ümumilikdə 2295 manat pul ödənilmişdir.

30. Cavabdeh iddiaçıya cəmi 3000 manat ödəniş etdiyini bildirsə də, bu halları təsdiq edən sübutlarını (ödəniş qəbzi; bank çıxarışı və s.) məhkəməyə təqdim edə bilməmişdir.

31. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

32. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

33. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

34. Sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı öhdəliyin həcminin 9000 manat, cavabdeh isə qalıq borcun 5150 manat olmasını təsdiq edə biləcək sübutları (qəbz, bank çıxarışı, köçürmələri təsdiq edən sənəd, ödənişlə bağlı aralarında bağlanmış akt, şahid ifadələri və s.) məhkəməyə təqdim etməmişlər.

35. Məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasında iştirak etməsi və sübutları təqdim etməsinə şərait yaradılması məqsədilə məhkəmə baxış iclası iki dəfə təxirə salınmış, cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, elektron kabinetdə qeydiyyatı olmaqla, elektron kabinetə yerləşdirilməsi imkanına malik olmasına baxmayaraq təqdim etməmişdir.

36. Beləliklə, tərəflər sübutetmə vəzifəsinin öhdəsindən qismən gəlmişlər. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

37. Odur ki, iddia tələbi 5855 manat (8150-2295) borcun cavabdehdən tutulması hissəsində tam əsaslıdır.

38. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iddia tələbi vəkil orderinə görə ödənilmiş 500 manat pulun iddianın təmin olunan hissəsinə uyğun olaraq 325 manat, iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 71.5 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır.

Nəticə hissəsi:

40. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. 5855 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71.5 manat və vəkil xərcinə görə 325 manat olmaqla, cəmi 6251.5 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar