Məhkəmə qərarları › İş №2(060)-6914/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6914/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6914/2025 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 1950-ci ildə Lerik rayonunda ölməsi hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizənin əsaslarına görə, nənəsi X10 1950-ci ildə vəfat kəndində dəfn olunmuşdur. Həmin vaxt o, doğulmamışdır. xx.xx.1937-ci il təvəllüdlü atası X16 xx.xx.2024-cü ildə vəfat etmişdir. Hazırda atasından qalmış miras məsələsini həll etmək üçün nənəsinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Başqa yolla ölüm haqqında şəhadətnamə ala bilmir. Ona görə də hüquqi əhəmiyyəti olan fakt məhkəmə yolu ilə müəyyən olunmalıdır.

b) tələbə qarşı etiraz

3. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, nənəsi X1 rayonu Züvüc kəndində dəfn olunmuşdur. Babası isə müharibədən qayıtmamışdır.

5. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi nəvəsidir. Onun atasını tanıyır, atası ilə bir yerdə böyümüşlər. O, ərizəçinin nənəsini və babasını görməmişdir. Ərizəçinin babası müharibəyə getmiş, qayıtmamışdır. Ərizəçinin atasının valideynləri olmamışdır, onlara əmisinin həyat yoldaşı baxmışdır. Ərizəçinin Qərib adlı nənəsinin olduğunu eşitmişdir. Lerik rayonunda ailə qəbiristanlığı var. Qərib xanımın hansı səbəbdən vəfat etdiyini bilmir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. Onlar nənələrini görməmişlər. Valideynlərindən eşitdiyinə görə babaları müharibədə, nənəsi isə 1950-ci ildə vəfat etmişdir. Lerik rayonunda ailə qəbiristanlıqları var.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

8. əslinə baxmaqla tədqiq edilmiş AZ-İ seriyalı, 048788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1937-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. X2, anası X5r.

9. məhkəmə sorğusu əsasında Lerik rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1951-ci il tarixli, 34 nömrəli doğum qeydlərinin bərpası aktından görünür ki, X18 xx.xx.1937-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. X2, anası X5r.

10. məhkəmə sorğusu əsasında Lerik rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1951-ci il tarixli, 35 nömrəli doğum qeydlərinin bərpası aktından görünür ki, Lerik rayonu Zövnə kəndində doğulmuş X6 X2, anası X5r.

11. əslinə baxmaqla tədqiq edilmiş AЗ seriyalı, 031660 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və X12 arasında bağlanmış nikah xx.xx.1961ci ildə Sumqayıt nikah evində 100 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

12. əslinə baxmaqla tədqiq edilmiş AZ-İ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Ərizəçi Mehralı oğlu, anası X7r.

13. 14 nömrəli qeydiyyat vəsiqəsindən və texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli mənzil xx.xx.1995-ci ildə X8 adına qeydə alınmışdır.

14. əslinə baxmaqla tədqiq edilmiş AZ-İİ seriyalı, 402148 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 161 nömrə ilə qeyd edilmişdir.

15. Sumqayıt şəhər qeydiyyat şöbəsinin X9 etibarnamə üzrə nümayəndəsi X13 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.

16. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X33 Şəxs “Sumqayıt Tibb Mərkəzi” X34 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 436 nömrəli məktubundan görünür ki, Sumqayıt 1 nömrəli şəhər xəstəxanası və onun nəzdində olan şöbələr 1967-ci il tarixindən fəaliyyət göstərir. Bu səbəbdən də 1950-ci ildə vəfat etmiş X10 barədə heç bir məlumat yoxdur.

17. 10 yanvar 2026-cı il tarixli aktdan və qəbirüstü abidədən görünür ki, X10 1950-ci ildə Lerik rayonunda dəfn olunmuşdur.

18. məhkəmə sorğusu əsasında Lerik rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-xx-xx/2026-cı il tarixli arayışdan görünür ki, Lerik rayon Zövnə kəndində doğulmuş X3 doğumu barəsində Lerik rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: Lerik rayon qeydiyyat şöbəsi üzrə 1946-1956-cı illərə dair ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

19. məhkəmə sorğusu əsasında Lerik rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/8-xx-xx/2026-cı il tarixli arayışdan görünür ki, Lerik rayon Zövnə kəndində doğulmuş X4 doğumu barəsində Lerik rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: Lerik rayon qeydiyyat şöbəsi üzrə 1946-1956-cı illərə dair ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

20. məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli, 3-48-DA/2- 237/2026 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda 1941-ci ilə dair Lerik rayonu qeydiyyat şöbəsi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilirmişdir ki, Lerik rayonu Zövnə kəndi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə təhvil verilməmişdir.

b) mülki iş üzrə tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

b) məhkəmənin mövqeyi

25. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır.

26. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, ərizəçinin nənəsi X3 XX.XX.1950-ci ildə Lerik rayonunda vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

27. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 XX.XX.1950-ci ildə Lerik rayonunda ölməsi faktı müəyyən edilməlidir.

28. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Nəticə hissəsi:

29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. X3 XX.XX.1950-ci ildə Lerik rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar