Məhkəmə qərarları › İş №2(060)-6924/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6924/2025

04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6924/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair (maraqlı şəxs: 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 atası X6 1979-cu il tarixində Ermənistan Respublikası ərazisində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1971-ci il tarixində mərhum əri X10 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X3 xx.xx.2024-cü il tarixində ölmüşdür. Mərhum əri X4 Sumqayıt şəhərində yerləşən 6-cı mikrorayon 32 saylı evin 69 saylı mənzili miras qalmışdır. Həmin mirasın qəbulu ilə bağlı o, notariusa müraciət edərkən ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə görə miras qoyan şəxsin valideyinlərinin də ölüm haqqında şəhadətnamələri tələb olunur. Hazırda mərhum ərinin anasının ölüm haqqında şəhadətnaməsi mövcud olsa da, atasının ölüm haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Belə ki, 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdüklərinə görə və X12 Ermənistan Respublikasında yaşayıb və orada vəfat etdiyinə görə qaçqın gələrkən onun ölüm haqqında şəhadətnaməsini gətirə bilməmişlər. Ölüm haqqında şəhadətnamənin təkrar alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etsə də, buna nail ola bilməmişdir. Maraqlı şəxs tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-4170- 15/2025 saylı məktubda qeyd olunur ki, X6 ölümünün qeydiyyata alınması ilə bağlı 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə təqdim etdiyiniz ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydiyyatı ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparı lir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir.Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.X6 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Ona görə də mərhum əri X5 atası X6 ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan sonra ərizəçi ərizəsinə dəqiqləşmə verərək mərhum əri X5 atası X6 1979cu ilin iyul ayının 13-ündə Ermənistan Respublikasının Kirovakan şəhəri, Quqark rayonunun Gözəldərə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X11 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPMnin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, X12 onun atasıdır. X10 onun qardaşıdır, bir il əvvəl ölüb. Atası 1979-cu ilin iyul ayının 13-ündə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, onlar eyni kənddə yaşayıblar. Onun yaşının az olması səbəbindən yas mərasimində iştirak etməmiş, onun valideynləri isə dəfndə iştirak etmişlər. X1 qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirdi ki, onlar eyni kənddə yaşayıblar. Təxminən 1979-cu ildə X12 ölmüş, onu kənd qəbristanlığında dəfn etmişlər. Yaşı az olması səbəbindən dəfndə iştirak etməmiş, onun valideynləri dəfn mərasimində iştirak etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: -AZ-İİ № 476507 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 28 dekabr 2024-cü il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 41xx-xx/2025 saylı məktubdan görünür ki, X6 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin mərhum əri X5 atası X12 1979-cu ilin iyul ayının 13-də Ermənistan Respublikasının Kirovakan şəhəri, Quqark rayonunun Gözəldərə kəndində ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 1979-cu ilin iyul ayının 13-də Ermənistan Respublikasının Kirovakan şəhəri, Quqark rayonunun Gözəldərə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar