Məhkəmə qərarları › İş №2(060)-6925/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6925/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6925/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X1 11.08.2010-cu il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, mərhum X3 onun qardaşıdır. Qardaşı C.Tarverdiyevin 11.08.2010-cu il tarixdə qəflətən vəziyyəti pisləşmiş və dərhal Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansıyasına çağırış etmişdir. O, Təcili və Təxirəsalınmaz Tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilmiş, buna baxmayaraq reanimasiya şöbəsində vəfat etmişdir. Qardaşını el adət-ənənəsinə uyğun Sumqayıt Şəhər qəbristanlığında dəfn etmişdirlər. Lakin adına ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq ərizəçi onu da bildirdi ki, sözügedən faktın müəyyən edilməsi isə ona vərəsəliklə bağlı mənzil məsələlərinin həll edilməsi üçün lazımdır. Göstərilənlərə əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X4 bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Rəhmətə gedən X3 isə onun əmisi oğludur. O, 2010-cu ildə rəhmətə getmişdir. Şahid qismində dindirilən X6 bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Rəhmətə gedən X3 isə onun əmisi oğludur. O, 2010-cu ildə rəhmətə getmişdir. Onun həm dəfn mərasimində, həm də yas mərasimində iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 23 iyul 2021-ci il tarixli, 05/Q-2128/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi X1 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt İcra Hakimiyyəti Mənzil X2 Vətəndaşlara Xidmət İdarəsinin 23.07.2021-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, X3 11.08.2010-cu il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilmiş 25.06.2021-ci il tarixli ambulator kartadan çıxarışdan görünür ki, X3 11.08.2010-cu il tarixdə xəstəxanada ölmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X3 11.08.2010-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X2 Vətəndaşlara Xidmət İdarəsinin 23.07.2021-ci il tarixli arayışı, şahid ifadələri və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 11.08.2010cu il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 11.08.2010-cu il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar