Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6948/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası - xx.xx.1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlu ünvan 1 ünvanında yaşamış və həmin mənzildə də xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” “Sumqayıt Tibbi Mərkəzi” Publik hüquqi X6 Yardım Stansiyasının arayışında qeyd olunur ki, ərizəçinin mərhum atası Səfərov Məhəmməd İslam oğlunun xx.xx.2023-cü il tarixdə meyiti aşkar olunub, meyitdə şişkinlik olduğu üçün müayinə etmək mümkün olmamışdır. Daha sonra, iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ölüm kağızı almaq üçün müraciət etsə də, həmin qurum ərizəçiyə xx.xx.2023-cü il tarixli imtina məktubu vermişdir. Sumqayıt şəhəri, Hacı Zeynalabdin Bələdiyyəsi tərəfindən verilən 11,07.2023-cü il tarixli arayışında qeyd olunur ki, həqiqətən də xx.xx.1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər, Hacı Zeynalabdin qəbirstanlığında dəfn olunmuşdur. Göstərilənlərə əsasən xx.xx.1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlunun xx.xx.2023-cü il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşmə edərək, xx.xx.1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlunun 05 iyul 2023-cü il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalasıdır. Ərizəçinin atasının adı Səfərov Məhəmməddir. O, iyul ayının əvvəlində qəflətən vəfat etmişdir. Bundan əlavə, bacısı ilə mərhum Səfərov Əhməd nikahlarına xitam verməsələr də, ayrı yaşayırdılar. Səfərov Əhməd astma xəstəliyindən əziyyət çəkirdi.
9. İş materiallarında olan olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 30 oktyabr 2003-cü il tarixində verilmiş AZ-İ № 406224 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası Səfərov Məhəmməd İslam oğlu, anası X1r.
10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 12 iyul 2023-cü il tarixli, 3-16-5/8-S-2868/15 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli atası Səfərov Məhəmməd İslam oğlunun ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən Ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyil.
11. İş materiallarında olan Sumqayıt Şəhər Hacı Zeynalabdin Bələdiyyəsi tərəfindən 21 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1960-cı ildə anadan olmuş Səfərov Məhəmməd İslam oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir və Sumqayıt Şəhər Hacı Zeynalabdin qəsəbə qəbristanlığında dəfn olunmuşdur.
12. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X7 X8 Stansiyası 06 iyul 2023-cü il tarixli 1353 saylı ərizəyə cavab məktubunda bildirilir ki, xx.xx.2023-cü il tarixdə saat 19:49-da ünvan 3 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlu adına 2- saylı çağırış olmuşdur. Briqada verilən ünvana çatdıqda 1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlunun meyidini aşkar etmişdir. Oğlunun deməsinə görə mərhum evdə tək yaşayıb, 4-5 gün telefona cavab verməyib, əvvəllər ürək ağrılarından şikayət edirmiş. Meyitdə tam şişkinlik olduğu üçün müayinə etmək mümkün olmamışdır. Ölüm barədə polisə məlumat verilmiş, meyit polis əməkdaşlarına təhvil verilmişdir.
13. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X9 3 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, 96 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 408/2023 №-li sorğuya cavab olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhər TTYS-na daxil olmuş çağırışa əsasən ünvan 3 ünvanına getmiş həkim briqadası 1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlunun meyitini aşkar etmişdir. Mərhum faktiki yaşadığı ərazidə qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnaməsinin (F-106) verilməsi müəssisə tərəfindən mümkün deyildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası Səfərov Məhəmməd İslam oğlu 05 iyul 2023-cü il tarixində Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
17. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa ala bilməmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası Səfərov Məhəmməd İslam oğlunun 05 iyul 2023-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 29 iyun 1960-cı il təvəllüdlü Səfərov Məhəmməd İslam oğlunun 05 iyul 2023-cü il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva