Məhkəmə qərarları › İş №2(060)-7113/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7113/2024

20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7113/2024 20.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 1936-cu il təvəllüdlü ərizəçinin atası Əliyev Əmirşah Məhəmmədəli oğlu xx.xx.1982-ci ildə yaşadıqları evdə vəfat etmiş və şəhər qəbirstanlığında dəfn olunmuşdur. Onun ölümü lazımi qaydada VVAQ şöbəsində qeydə alınmamışdır. xx.xx.1982-ci ildə vəfat etmiş atası Əliyev Əmirşah Məhəmmədəli oğlundan miras qalmış evi faktiki qəbul etsə də, mirasın qəbulunu rəsmiləşdirməmişdir. Hazırda vərəsəlik məsələsinin həlli ilə əlaqədar atası Ə.Əliyevin xx.xx.1982-ci ildə ölməsi hüquqi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Sumqayıt şəhər Qeydiyyat İdarəsi ölüm faktının təsdiq etməkdən imtina edir. Ona görə də hüquqi əhəmiyyəti olan fakt məhkəmə yolu ilə müəyyən olunmalıdır. Göstərilənlərə əsasən Əliyev Əmirşah Məhəmmədəli oğlunun xx.xx.1982-ci ildə Sumqayıt şəhəri, Corat qəsəbəsində ölməsi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Onun mərhum atası Əliyev Əmirşah Məhəmmədəli oğlu təxminən 80-ci illərin sonu, 90-cı illərin əvvəli vəfat etmişdir. Dəfnində və mərasimlərdə atası iştirak etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Onun mərhum atası Əliyev Əmirşah Məhəmmədəli oğlu təxminən 1982-ci ildə vəfat etmişdir. Dəfnində və mərasimlərdə əsgərlikdə olması səbəbi ilə iştirak etməmişdir. Lakin ölümündən xəbərdar olmuşdur.

9. İş materiallarında olan Sumqayıt şəhər Corat qəsəbə icra nümayəndəliyi tərəfindən 06 iyul 2024-cü il tarixdə verilmiş AZ-T № 057347 saylı doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Ərizəçi 15 avqust 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Əliyev Əmirşah Məmmədəli oğlu, anası isə X1r.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 07 avqust 2024-cü il tarixli, 3-16-5/8-Ə-2951/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli atası Əliyev Əmirşah Məhəmmədəli oğlunun ölümünün qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir.

11. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Sumqayıt Tibb Mərkəzi” X7 09 oktyabr 2024-cü il tarixli, 18-1-66/2-1895/2024 saylı məktubundan görünür ki, “Sumqayıt Tibb Mərkəzi” X9ə ünvanlanan xx.xx.2024 tarixli, 445 nömrəli müraciətə tərəflərindən aidiyyəti üzrə baxılmışdır. Müraciətlə bağlı bildirilir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, ev 200-də yaşamış xx.xx.1982-ci ildə evində vəfat etmiş 1936-cı il təvəllüdlü Əliyev Əmirşah Məhəmmədəli oğluna dair arxiv məlumatları Sumqayıt Təcili və X5 şöbəsinin fəaliyyəti nəticəsində yaranan saxlanma müddəti başa çatmış, elmi-tarixi dəyəri oimayan və əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edildiyi siyahıda olduğu ehtimal olunur, həmin müəssisədə yaralılıq müddəti 1991-ci ilə qədər olan sənədlər məhvə verilmişdir. Məlumat üçün bildirilir ki, “Sumqayıt Tibb Mərkəzi” X9in Sumqayıt Təcili və X5 şöbəsi hal-hazırda “Respublika Təcili və Təxirəsalınmaz Tibbi vardım Mərkəzi” X9in tərkibindədir. Müraciətlə bağlı sual yaranarsa aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunmuşdur.

12. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 705 saylı arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 77-ci məhəllə, ev 200-də yaşayır.

13. İş materiallarında olan Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən 11 iyul 2024-cü il tarixdə verilmiş 49 saylı arayışdan görünür ki, Ərizəçi atası 1936-cı il təvəllüdlü Əliyev Əmirşah Məhəmməd-Əli oğlu xx.xx.1982-ci ildə vəfat etmiş və həmin tarixdə Corat Qəbirstanlığında dəfn olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası Əliyev Əmirşah Məhəmmədəli oğlu 31 dekabr 1982-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhər Corat Bələdiyyəsinə məxsus qəbirstanlıqda dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

16. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

17. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa ala bilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

19. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

20. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

21. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası Əliyev Əmirşah Məhəmmədəli oğlunun 31 dekabr 2024-cü il tarixində ölməsi faktı müəyyən edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası Əliyev Əmirşah Məhəmmədəli oğlunun 31 dekabr 1982-ci il tarixində Sumqayıt şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar