Məhkəmə qərarları › İş №2(060)-7115/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-7115/2025

12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7115/2025 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qiyabi qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2740 (iki min yeddi yüz qırx) manat məbiəğində pul vəsaitinin tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etbarnamə əsasında idarəetmə hüququ əsasında Cavabdeh vermişdir. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı Əhməd İsmayılov tərəfindən verilmiş yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehin verilməsi haqqında TT ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından və inzibati xətalarla bağlı İXP7270327 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan da göründüyü kimi Cavabdeh xx.xx.2025-ci il tarixdə həmin avtonəqliyyat vasitəsilə Sumqayıt şəhəri Qayıbov küçəsi ilə hərəkətdə olarkən yol-hərəkat qaydalarını pozmuşdur. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci (Yol nişanlarının va ya yollarının hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə, təİimat keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilmərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh tərəfidən yol verilmiş yol hərəkəti qaydalarının pozulması nəticəsində mülkiyyətində olan “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəİi avtonəqliyyat vasitəsi zədələnmişdir. Sözügedən avtonəqliyyat vasitəsinə dəymiş zərərinə bağlı iddia ərizəsinə əlavə olunan G-ENERGY SERVİCE tərəfındən verilmiş qiymətləndirmə aktından da göründüyü kimi avtonəqliyyat vasitəsinin təmiri üçün 2740 (iki min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti lazımdır. Hesab edir ki, həmin vəsait Cavabdeh tutularaq ona ödənilməlidir.

3. İddiaçının yazılı razılığı və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

b) iddiaya etiraz

4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə kreditlə özünə avtomobil almışdır. Cavabdeh həmin iş yerində mühafizəçi işləyirdi. Həyat yoldaşı xəstə olduğu üçün ondan şəxsi istifadəsi üçün avtomobili ona verməyini xahiş etmişdir. O da şəxsi istifadə üçün avtomobili ona vermişdir. Cavabdeh yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol hərəkəti qaydalarına riayət edilməsi qaydalarını ciddi şəkildə pozmuş, bununla da inzibati hüquqpozma törətmiş, maşını qoyub qaçmışdır. Cavabdeh tərəfindən yol verilmiş yol hərəkəti qaydalarının pozulması nəticəsində mülkiyyətində olan “Opel Zafira” markalı, **- GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi zədələnmişdir. Avtomobilə 2740 manat məbləğində ziyan dəymişdir. Hadisə üçün sığorta ödənişi edilməmişdir. Hazırda maşın təmirsiz vəziyyətdədir. Daha sonra məcbur olub yenidən kreditlə maşın almışdır. İndi hər iki maşın üçün faiz ödəyir. Cavabdehlə əlaqə saxlamaq mümkün deyil. Cavabdeh qəza törətdikdən sonra hadisə yerindən qaçmışdır. Maşını cərimə meydançasından götürüb bütün cərimələri ödəmişdir. O, tək anadır, himayəsində iki övladı var. 5 aydır ki, maşın yararsız olduğu üçün taksidən istifadə etmişdir. Hər ay nə qədər kredit ödəyir. Odur ki, hər iki avtomobilin kreditinə görə faizlərin də cavabdehdən tutulmasına kömək edilməsini xahiş edir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (sms xəbərdarlığa əsasən) baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

8. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi İddiaçı məxsusdur.

9. PXA********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək icbari sığorta növündə sığortalanmışdır.

10. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı məxsus “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi xx.xx.2031-ci il tarixədək Cavabdeh istifadəsinə verilmişdir.

11. İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

12. TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərədə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

13. Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar izahat verməsi təklif etdikdə, o, hadisə ilə bağlı izahat verməyə gəlməmişdir.

14. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin zədələnməsi barədə 1855 nömrəli arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş, X1 məxsus Hyundai Accent markalı, **-YF-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini sol yandan, X2 məxsus Vaz-21074 markalı, **-SC-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini arxa hissədən əzmişdir.

15. "xxxx" ASC tərəfindən X1 məxsus Hyundai Accent markalı, **-YF-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə dəymiş 2836 manat məbləğində ziyan reqres qaydada "xxxx" ASC-dən tələb edilmiş və ödənilmişdir.

16. "xxxx" ASC tərəfindən X2 məxsus Vaz-21074 markalı, **-SC-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə dəymiş 1620 manat məbləğində ziyan ödənilmişdir.

17. G-Energy Service tərəfindən verilmiş arayışa əsasən “Opel Zafira” markalı, **- GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə dəymiş ziyan 2740 manat təşkil edir.

b) tətbiq edilən hüquq

18 . Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

c) məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

22. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı mülkiyyətində “Opel Zafira” markalı, **-GD-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini şəxsi münasibətlər zəminində xx.xx.2025-ci il tarixli etbarnamə əsasında idarəetmə hüququ ilə Cavabdeh vermişdir. Cavabdeh həmin maşını idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Maşına dəymiş ziyan 2740 manat dəyərində qiymətləndirilmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə məbləği mübahisələndirməmişdir.

23. Qanunvericiliyə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəqliyyat vasitəsindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan iddiaçı ona məxsus avtomobilə dəymiş zərərə görə cavabdehdən 2740 manat pulun tutulmasını tələb etməkdə haqlıdır.

24. İddiaçı maşından istifadə edə bilmədiyinə görə yeni avtomobil alması və ona görə də əlavə kredit ödəməsi ilə bağlı faizlərin də cavabdehdən tutulmasına kömək edilməsini xahiş etsə də, əvvəla iddiaçı tərəfindən tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilməmiş, edilmiş olsa belə MPM-nin 241.3-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.

25. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İddiaçı tələb etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumu onun özünə aid edilməlidir.

27. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2740 manat pul tutularaq İddiaçı ödənilməlidir.

Nəticə hissəsi:

28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2740 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar