Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7146/2022 15.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin ölüm faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 (bundan sonra - ərizəçilər) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) qızları X1 xx.xx.1995-ci il tarixdə, Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər xx.xx.1993-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.1994-cü il tarixdə X3 dünyaya gəlmişdir. Lakin körpə xx.xx.1995-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbrisanlığında dəfn olunmuşdur. Onlar bu barədə arayış əldə etmişlər. Lakin qanunu bilmədiklərinə görə həmin dövrdən bu günə qədər ölüm haqqında şəhadətnamə əldə etməmişlər. Hal-hazırda həmin şəhadətnamənin əldə olunmasına zərurət yaranmışdır. Şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, oradan onlara ölüm qeydiyyatının aparılmasından imtina olunması barədə cavab məktubu təqdim edilmişdir. Odur ki, qeyd olunan şəhadətnaməni əldə etmək üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qızı Rəhimə Fərzəliyeva vəfat edən zaman həkim çağırmamışlar. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəsinə uyğun izahat verdi, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1964-cü ildə, Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçi2 xx.xx.1960cı ildə, Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ərizəçilər arasında nikah xx.xx.1993-cü il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Fərzəliyev, arvada Fərzəliyeva soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1994-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Ərizəçilər onun valideynləridir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-3732/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2022-ci il tarixli, 42 saylı arayışına əsasən X3 xx.xx.1995-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qonşusudurlar. Onların Rəhimə adlı qız övladları olub. Rəhimə vəfat edən zaman bir qonşu kimi bu hadisədən xəbərləri olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçilərlə 1992-ci ildən bəri qonşudur. Onların Rəhimə adlı uşaqları olub. Rəhimə 1995ci ildə rəhmətə gedib. O, xəstəlikdən vəfat edib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur (4.8.). İşdən göründüyü kimi ərizəçi mərhum qızı X1 ölüm şəhadətnaməsini almaq istəyir. Lakin maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadəsi əsasında ərizəçilərin qızı X1 xx.xx.1995-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və xx.xx.1994-cü ildə anadan olmuş X1 xx.xx.1995-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə anadan olmuş X1 xx.xx.1995-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7146/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7146/2022
15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver