Məhkəmə qərarları › İş №2(060)-7151/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7151/2024

18.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7151/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cu il tarixli MŞS/MT030/2024-01115 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin iddia ərizəsi və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə edilmiş sorğunun nəticəsinə əsasən iddiaçının şəxsi məlumatlarından görünür ki, Ərizəçi Yevlax rayonu, Hürüuşağı kəndi üzrə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyətini pozaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir, halbuki ərizəçi bu tələb ilə MPM-nin 355-23.2-ci maddəsinə əsasən özünün rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməli idi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasinin Qanunu 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki iş materiallarından görünür ki, ərizəyə 50 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 355- 23.2-ci maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə xx.xx.2024-cü il tarixdə ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi xx.xx.2024-cü il tarixdə “EPUL” Ödəmə sistemi vasitəsi ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 50 manat dövlət rüsumu Dövlət Büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar