Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7256/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh- Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində yerləşən 2 otaqlı evdən çıxarılması və onun 2 övladı- 21.05.2004-cü il təvəllüdlü X2 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə həmin 2 otaqlı fərdi evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə əvvəlcə faktiki və 13 dekabr 2005-ci il tarixdə isə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 2 övladları- 21.05.2004-cü il təvəllüdlü X2 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu anadan olmuşdur. Cavabdehlə birgə yaşamağın davamı mümkün olmamışdır. Ailə münasibətləri pisləşmişdir. Ailədə baş vermiş münaqişə nəticəsində, yəni cavabdehin təqsiri üzündən münasibətləri pozulmuşdur və heç bir səbəb olmadan ailədə dava-dalaş salmış, içkiyə qurşanaraq ailəni təhqir etməyə başlamışdır. Bu barədə dəfələrlə polis orqanlarına müraciət etmişlər. O, həmişə ailənin dağılmaması və bərpası üçün əlindən gələni etmişdir. Ailənin bərpası mümkün deyildir, çünki sadəcə olaraq bunu cavabdeh istəmir. Ötən bu müddət ərzində uşaqların maddi cəhətdən təminatı üçün cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Ailələri faktiki olaraq dağılmış və nikahları Sumqayıt şəhər məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və Cavabdeh lilə birgə nikahdan anadan olmuş 2 övladı -21.05.2004-cü il təvəllüdlü X2 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlunun saxlanılması üçün ayda hər bir uşağa 145 (yüz qırx beş) manat olmaqla, cəmisi 290 (iki yüz doxsan) manat xeyrinə aliment tutulması barədə qətnamə qət edilmişdir. Qeyd edir ki, cavabdeh uşağların atası olmasına baxmayaraq, uşağların saxlanılması ilə əlaqədar ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, faktiki olaraq yüksək gəlir əldə edir. O, isə heç bir gəlir əldə etmir. Cavabdeh onları Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində yerləşən 2 otaqlı evdən küçəyə atmışdır. Həmin vaxtdan cavabdeh yaşayış sahəsinə heç bir səbəb olmadan onu buraxmamış, ailədə dava- dalaş salmış və bunun nəticəsində ailədaxili münasibətləri dözülməz həddinə çatmışdır. Cavabdeh heç bir səbəb olmadan, dava-dalaş salaraq, müxtəlif bəhanələrlə yaşayış sahəsindən istifadəni çətinləşdirərək, onu yaşayış sahəsinə buraxmamışdır. Beləliklə də, valideyinlərinin 20.000 manatdan çox xərc çəkib tikdiyi və azyaşlı körpələri olan ana kimi ona verilmiş mənzildə yaşamaq hüququndan məhrum olunmuşlar və bu hadisələr nəticəsində o, üzürlü səbəblərdən burada yaşaya bilməmiş və faktiki olaraq boşanan vaxtdan 2021-ci ilin fevral ayından cavabdeh onu evdən qovmuşdur. Onun bütün əmlakları, şəxsi əmlakları və sairə hal-hazırda həmin mübahisəli yaşayış sahəsində qalmışdır. Həmin vaxtdan Stansiya Sumqayıtda atasıgildə müvəqqəti sığınacaq tapmağa məcbur olmuşdur. Hal-hazırda isə, faktiki olaraq evsiz-eşiksiz küçələrdə qalmışlar. Halbuki, fərdi yaşayış evinin qaz, su, elektrik və sairə kommunal xidmətlər üzrə bütün müqavilələr onunla bağlanmış və bütün ödənişləri də o, ödəməyə məcbur olmuş, çünki bütün sayğaclar onun adına rəsmiləşdirilmişdir. Bundan başqa, cavabdeh onu və uşaqlarını ölümlə hədələyir, evə özü kimi əyyaş şəxsləri cəlb edib sərxoşluqla və əxlaqsızlıqla məşğul olur ki, belə bir vəziyyətdə onunla bir evdə yaşamaq qeyri-mümkündür. O, hətta polisə müraciət edərək cavabdeh barəsində mühafizə orderi çıxarılmasını da xahiş etmişdir. Ona görə də, cavabdehin onun yaşayış sahəsindən istifadə hüquqlarının məhdudlaşdınlmasına yönələn hərəkətlərinə son qoyulmalı və mübahisəli yaşayış sahəsinə onun yaşayış və istifadə hüquqlarının tanınması və bərpası və oraya köçürülməsi barədə məhkəmə qətnaməsinin çıxarılması üçün tam əsaslar vardır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərzində göstərdiyi Məlikova soyadının Vəliyeva qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan yaşayış evi dövlət qeydiyyatına alınmamışdır, evə dair hüquqmüəyyənedici sənədlər yoxdur, özbaşına tikildir. Həmin yaşayış evi onun valideynlərinin köməkliyi ilə tikilmişdir. Hazırda onun uşaqları ilə birgə yaşamağa yaşayış evi yoxdur, həmin ev onların yeganə yaşayış sahəsidir. Cavabdeh onu və uşaqları evə buraxmır. Cavabdeh spirtli içki aludəçisidir. Bu səbəbdən onunla birlikdə yaşamaq mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirdi ki, iddiaçı ilə uzaq qohumudur. Sözügedən ev Gülafət gəlin köçdükdən sonra tikilib və evi Gülafətin atası tikmişdir. O da özü attomaşını ilə evin tikitisi üçün qum, daş və s. kimi tikinti materialları daşımışdır. Ev tikilməmişdən əvvəl Hilalgil taxtadan olan kiçik bir evdə yaşayırdılar. Sözügedən evin sənədi yoxdur və tikildiyi ərazi zəbt olunmuş yer hesab olunur. Eşitdiyinə görə cavabdeh iddiaçının uşaqları ilə birlikdə evdən qovmuşdur və evə buraxmır. İddiaçı atasının evinə sığınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirdi ki, Gülafət Vəliyeva dayısı qızıdır. Mübahisə ev Stansiya Sumqayıtda yerləşir. Həmin ərazidən yerlənşən evlərin sənədi yoxdur, özbaşına tikilidir. O, özü də həmin ərazidə yaşayır. Əvvəllər Gülafətgilə gedib-gəlmişdir. Gülafət gəlin köçərkən həmin yaşayış evinin yerinə taxt köşkdən ibarət olan kiçik ev olmuşdur. Sonra Gülafətin atası daşdan ev tikmiş və tərəflər birlikdə həmin evdə yaşayırdılar. Hilalın valideynləri ölmüş, özü isə spirtli içki aludəçisi olmuşdur. Hazırda Hilal evdə tək yaşayır. Gülafət isə bir müddətdir ki, atasıgildə qalır. Hilal Gülafəti və uşaqları evə buarxmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-367/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13 dekabr 2005-ci il tarixində, Siyəzən rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulmuş, nikah pozulduqdan sonra 21.05.2004-cü il təvəlüdlü X2 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlunun İddiaçı yanında qalması, ...... qət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKT İB-nin 23 saylı MKS-nin verdiyi 432 saylı, 25.05.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, X4, X2, Məlikov Məhəmməd Hilal oğlu Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında Stansiya Sumqayıt ərazisində yerləşən yaşayış sahəsində sudan istifadə qaydaları haqqında müqavilə bağlanmış, İddiaçı **********000 saylı Abonent kodu verilmişdir. Beləliklə, göründüyü kimi tərəflərin birgə nikah dövründə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində fərdi yaşayış evi inşa olunmuş və tərəflər həmin evdə yaşamışlar. Həmin ev özbaşına tikili olmaqla, hüquqmüəyyən edici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır. Hazırda iddiaçı onun və azyaşlı uşaqlarının evdə yaşamamalarının səbəbi kimi cavabdeh tərəfindən qovulduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçı uzun müddət daxilində bu evdən yaşayış sahəsi kimi istifadə etmişdir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə hesab edir ki, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bununla da cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçı həmin mübahisəli tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun uşaqları ilə birlikdə köçürülməsinə dair iddiası təmin edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı iddia tələbi əsaslı hesab oluna bilməz. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli ev şəxslərin ümumi istifadəsində olmaqla, əmlak üzərində iddiaçının əmlak hüquqları qeydə alınmamışdır. Məhkəmə yuxarıda şərh olunan müddəalara istinadən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X4 və övladları 21.05.2004-cü il təvəllüdlü X2 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X4, uşaqları, 21.05.2004-cü il təvəllüdlü X2 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7256/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7256/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver