Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7271/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00733 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdirlər. Həmin nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X10 adlı övladları vardır. X4 tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00733 saylı barışıq sazişinə əsasən maraqlı şəxslə azyaşlı uşağın onun himayəsinə olması, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 115 manat, cəmi 345 manat sabit pul şəklində alimentin ona ödənilməsi barədə razılaşmışdırlar. Həmin sazişin 7-ci bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburidir. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 təqvim günü müddətində icra olunnalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, mediasiya prosesində barışıq sazişi bağlanmış və övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment təyin edilmişdir. Maraqlı şəxsin əmək haqqı 345 manat təşkil edir. Bir müddət sonra banka borcu olduğu üçün əmək haqqının yarısı borca tutulmuşdur. Maddi imkanı yoxdur. Alimenti tam ödəmir. Övladlarını saxlamaqda çətinlik çəkir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində Maraqlı şəxs və Ərizəçi rəsmi nikah münasibətlərindən (nikah pozulmuşdur) doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər bir uşaq üçün 115 manat olmaqla, cəmi 345 manat alimenti may ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəcəyinə dair razılaşmış və öhdəlik götürmüşdür.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
9. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs və Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2018ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər bir uşaq üçün 115 manat olmaqla, cəmi 345 manat alimenti may ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəməli idi. Lakin X2 üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə uşaqların saxlanılması üçün müəyyən edilmiş məbləğdə pulu ərizəçiyə ödəməmişdir.
10. Hazırda ərizəçi onunla Maraqlı şəxs arasında bağlanmış 15 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.
11. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin ödənilməsi ilə bağlı məsələdə barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.
12. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞS/MT030/2024/00733 saylı, 15 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir.
Nəticə:
13. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanılmış MŞS/MT030/2024/00733 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Mediasiya prosesində Maraqlı şəxs və Ərizəçi rəsmi nikah münasibətlərindən (nikah pozulmuşdur) doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 xx.xx.2018-ci il təvəllüdlü X10. Uşaqların saxlanması üçün Maraqlı şəxs (uşaqların – atası) hər bir (1) uşaq üçün 115 (yüz on beş) manat olmaqla cəmi 345 (üç yüz qırx beş) manat alimenti May ayından başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva